«Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydaları»nın təsdiq edilməsi barədə Qərar №136

05.02.2019 10:03

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti 

«Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə

və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydaları»nın

təsdiq edilməsi barədə

Qərar № 136

 

Bakı şəhəri, 14 iyul 2005-ci il

 

«Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 161 nömrəli Fərmanının 4-cü bəndinin onuncu abzasının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. «Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. «Özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərində səhmlərin nəzarət zərfinin və ya məhdudlaşdırıcı hissəsinin dövlət mülkiyyətində saxlanıldığı hallarda, həmin səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarında dövlət nümayəndələrinin iştirakı Qaydaları»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 10 may tarixli, 92 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A. RASI-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

 

 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2005-ci il 14 iyul tarixli,
136 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə

və səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) idarə olunması

Qaydaları

 

I. Ümumi müddəalar

 1. Bu Qaydalar «Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli, 161 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 382 nömrəli Fərmanına, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli, 208-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi qaydaları haqqında Əsasnamə»yə, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na, «Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiq edilməsi barədə» 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 18 aprel tarixli, 691 nömrəli Fərmanına və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

2. Bu Qaydalar nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və özəlləşdirmə zamanı dövlət mülkiyyətində müəyyən payın (səhmlərinin nəzarət zərfinin (51 faizinin) və ya məhdudlaşdırıcı hissəsinin (25,5 faizinin)) saxlanılması barədə Azərbaycan Respublikasının Prezidenti və ya Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qərar verilmiş, habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərində həmin payların (səhmlərin) səmərəli idarə olunması məqsədi ilə müştərək müəssisələrin və səhmdar cəmiyyətlərin idarəetmə orqanlarında dövləti təmsil edən nümayəndələrinin təyin olunması və iştirakı qaydalarını müəyyən edir.

3. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövlətə məxsus payların (səhmlərin) idarə olunması məqsədi ilə dövləti təmsil edən nümayəndələr müvafiq hüquqi şəxslərin nizamnamələri ilə müəyyən edilmiş idarəetmə orqanlarında qanunvericiliklə və təsis sənədləri ilə nəzərdə tutulmuş qaydada təmsil olunurlar.

4. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrin və səhmdar cəmiyyətlərin idarəetmə orqanlarında dövləti təmsil etmək üçün idarəçilik sahəsində 2 il və daha çox staja malik olan Azərbaycan Respublikası Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin , Maliyyə Nazirliyinin və aidiyyəti üzrə digər nazirliklərin, dövlət komitələrinin və icra hakimiyyəti orqanlarının ali təhsilli məsul işçiləri təyin edilirlər.

5. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələr Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquqi şəxslərin təsis sənədlərinə əsasən müvafiq hüquq və vəzifələrə malikdirlər.

 

II. Dövləti təmsil edən nümayəndələrin təyin edilməsi qaydası

6. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərinin idarəetmə orqanlarında dövlət adından çıxış etmək məqsədi ilə dövləti təmsil edən nümayəndələr aşağıdakı qaydada təyin edilirlər:

  • dövlətə məxsus payın özəlləşdirilməsi barədə qərar qəbul edilmiş müştərək müəssisələrdə, habelə müştərək müəssisələrin təsisçi qismində çıxış etmiş nazirlik və komitələr ləğv edildiyi və ya dövlət müəssisə və təşkilatları mülkiyyət formasını dəyişdiyi halda Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə;
  • dövlətə məxsus payın özəlləşdirilməsi barədə qərar qəbul edilməmiş müştərək müəssisələrdə, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra dövlət müəssisə və təşkilatlarının iştirakı ilə təsis edilən müştərək müəssisələrdə Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi ilə razılaşdırılmaqla təsisçi qismində çıxış etmiş dövlət müəssisə və təşkilatlarının baş idarəetmə orqanlarının qərarı ilə;
  • səhmdar cəmiyyətin səhmlərinin nəzarət zərfi dövlət mülkiyyətində saxlanıldıqda, aidiyyəti dövlət orqanlarının təqdimatı əsasında Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə;
  • səhmdar cəmiyyətin səhmlərinin məhdudlaşdırıcı hissəsi dövlət mülkiyyətində saxlanıldığı hallarda Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə;
  • özəlləşdirmə prosesində yaradılmış və tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərində Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə.

7. Bütün hallarda nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrin və səhmdar cəmiyyətlərin idarəetmə orqanlarında bu Qaydalarla müəyyən edilmiş qaydada təyin olunan və dövləti təmsil edən nümayəndənin iştirakı təmin edilməlidir.

Bu Qaydalara uyğun olaraq təyin olunan və dövləti təmsil edən nümayəndələrin idarəetmə orqanlarında fəaliyyəti müştərək müəssisələrin təsisçisi qismində çıxış etmiş aidiyyəti dövlət müəssisə və təşkilatlarının idarəetmə orqanlarında iştirak edən nümayəndəsi ilə yanaşı həyata keçirilə bilər.

8. Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələr və səhmdar cəmiyyətləri dövlət qeydiyyatına alındıqdan sonra 10 (on) gün ərzində aidiyyəti dövlət orqanlarına nümayəndə üçün namizəd irəli sürülməsinə dair müraciət edir və onların təklifləri əsasında nümayəndələrin təyin olunması barədə qərar qəbul edir.

Dövlətə məxsus payın özəlləşdirilməsi barədə qərar qəbul edilməmiş müştərək müəssisələrdə, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra dövlət müəssisə və təşkilatlarının iştirakı ilə müştərək müəssisələr təsis edildikdə, həmin tədbirlər Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi ilə razılaşdırılmaqla təsisçi qismində çıxış etmiş dövlət müəssisə və təşkilatlarının baş idarəetmə orqanları tərəfindən həyata keçirilir.

9. Dövləti təmsil edən nümayəndələrin səlahiyyətləri müəyyən olunmuş qaydada Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi və ya onları təyin edən digər orqan tərəfindən verilən etibarnamələr əsasında həyata keçirilir.

 

III. Dövləti təmsil edən nümayəndələrin vəzifələri

10. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələr aşağıdakı məsələlər barədə təkliflərini Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi ilə razılaşdırmalıdırlar:

  • hüquqi şəxsin nizamnaməsinə və nizamnamə kapitalına dəyişikliklər edilməsi, onun iştirakı ilə hər hansı hüquqi şəxsin yaradılması;
  • hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;
  • qanunvericiliklə müəyyən edilmiş hallarda balansında olan əsas vəsaitlər (fondlar) üzərində sərəncam verilməsi;
  • illik hesabat və balansların təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi;
  • iflas haqqında işin başlanılması ilə bağlı məhkəməyə müraciətlərin edilməsi;
  • əmlakın yüklülüyü ilə nəticələnən əqdlərin bağlanması;
  • təsis sənədləri ilə müəyyən edilmiş digər məsələlər.

11. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrin təsis sənədlərinə əsasən təsisçi kimi çıxış etmiş müvafiq dövlət təşkilatları bu Qaydaların 10-cu bəndində göstərilmiş məsələlər üzrə idarəetmə orqanlarında qəbul olunması nəzərdə tutulan qərar layihələrinə dair əsaslandırılmış təkliflərini əvvəlcədən yazılı şəkildə Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.

12. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrdə və səhmdar cəmiyyətlərində dövləti təmsil edən nümayəndələr:

  • qanunvericiliklə müəyyən edilmiş dövrlər üçün tərtib edilmiş və hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinə dair səlahiyyətli şəxslər tərəfindən təsdiq olunmuş məlumatları (hesabatları) Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edirlər;
  • idarəetmə orqanlarında hər hansı qərarlara səs verməzdən, habelə müzakirəyə təklif etdikləri qərar layihələrini və ya təklifləri təqdim etməzdən 5 (beş) gün əvvəl Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinə məlumat verirlər;
  • fəaliyyətləri ilə bağlı məlumatları rübdə bir dəfə və tələb olunduqda, Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edirlər;
  • hüquqi şəxsin xidməti və kommersiya sirlərinin aşkarlanması üçün məsuliyyət daşıyırlar.

13. Təyin edilmiş nümayəndələr öz təşəbbüsləri ilə və ya onları təqdim edən aidiyyəti dövlət orqanlarının təqdimatı əsasında geri çağırıla bilərlər.

14. Nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) olan müştərək müəssisələrin və səhmdar cəmiyyətlərinin nizamnamə kapitalındakı dövlət payı özəlləşdirildikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxs ləğv edildikdə dövləti təmsil edən nümayəndələrin səlahiyyətlərinə xitam verilir.

15. Özəlləşdirmə zamanı dövlət mülkiyyətində müəyyən payın (səhmlərinin nəzarət zərfinin (51 faizinin) və ya məhdudlaşdırıcı hissəsinin (25,5 faizinin)) saxlanılması barədə Azərbaycan Respublikasının Prezidenti və ya Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qərar verilmiş səhmdar cəmiyyətlərinin adının və təşkilati-hüquqi formasının dəyişdirilməsi Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi ilə razılaşdırılmaqla həyata keçirilir.

Dövlətin payı 25 faiz və daha az olan (tam özəlləşdirilməmiş) səhmdar cəmiyyətlərinin adının və təşkilati-hüquqi formasının dəyişdirilməsi haqqında məlumat, təqdim edilməsi təsdiq oluna bilən hər hansı üsulla (rabitə təşkilatına təhvil verilməsi də daxil olmaqla) Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilməlidir.