Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının tənzimlənməsi tədbirləri barədə

05.02.2019 09:47

 

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının tənzimlənməsi tədbirləri barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Əhalinin sosial müdafiəsini gücləndirmək, habelə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinə investisiyaların cəlb edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci bəndində göstərilən Qaydalara əsasən dövlət müəssisələrinin borclarının ödənilməsi Azərbaycan Respublikasının 2003-cü və 2004-cü illərin dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi üçün nəzərdə tutulan vəsait və məcburi dövlət sosial sığorta vəsaiti hesabına həyata keçirilir.

3. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu bu Fərmanın icrası ilə bağlı zəruri tədbirlər görsünlər.

4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər ƏLIYEV.

Azərbaycan Respublikasının Prezidenti

26 sentyabr 2003-cü il.