Mərkəz haqqında

Mərkəzin yaranma məqsədi 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində (bundan sonra Xidmət) Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi (bundan sonra – Mərkəz) dövlət əmlakının özəlləşdirilməsi prosesində idarəetməsinə verilmiş dövlətə məxsus hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisələri) və obyektlərinin idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əmlaklarının qorunub saxlanılması, rəqabət qabiliyyətliliyinin, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması, özəlləşdirilməyə hazırlanması, özəlləşdirilənədək dövlət əmlakından səmərəli istifadə olunması üçün dövlət müəssisələrinin fəaliyyətlərinin əlaqələndirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin hüquqi varisidir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28.10.2021-ci il tarixli F-144 nömrəli Əmrinə uyğun olaraq Mərkəzin Nizamnaməsi təsdiq edilib. Bu istiqamətdə görülən işlər nəticəsində Mərkəzdə daha səmərəli və effektiv idarəetmənin həyata keçirilməsi üçün təşkilati struktur yenidən təşkil edilmiş və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin 1 noyabr 2021-ci il tarixli F-147 nömrəli əmri ilə təsdiqlənmişdir.

 

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

-Qabaqcıl beynəlxalq təcrübədən istifadə edilməklə və korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla idarəetməsinə verilmiş dövlət müəssisələrində idarəetməni təşkil etmək;

-Dövlət müəssisələrinin əmlakının qorunub saxlanılması və özəlləşdirilməyə hazırlanması sahəsində zəruri tədbirləri həyata keçirmək;

-Dövlət müəssisələrinin rəqabət qabiliyyətliliyini artırmaq, maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq;

-Özəlləşdirilənədək dövlət əmlakından səmərəli istifadə olunması üçün həmin dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmək;

-Mərkəzin fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təşkil etmək və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

-Mərkəzin Nizamnaməsində müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.