Nizamnamə

Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi
publik hüquqi şəxsin

NİZAMNAMƏSİ

  1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi (bundan sonra – Mərkəz) dövlət əmlakının özəlləşdirilməsi prosesində idarəetməsinə verilmiş dövlətə məxsus hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisələri) və obyektlərinin idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əmlaklarının qorunub saxlanılması, rəqabət qabiliyyətliliyinin, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması, özəlləşdirilməyə hazırlanması, özəlləşdirilənədək dövlət əmlakından səmərəli istifadə olunması üçün dövlət müəssisələrinin fəaliyyətlərinin əlaqələndirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin hüquqi varisidir.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) normativ hüquqi aktlarını, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin və Xidmət rəisinin əmr və sərəncamlarını, bu Nizamnaməni və digər normativ hüquqi aktları rəhbər tutur. 

1.3. Mərkəz bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir.

1.4. Mərkəz bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 

1.5. Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.   

1.6. Mərkəzin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.7. Mərkəzin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr, o cümlədən idarə, filial və nümayəndəliklərinin və tabeliyində olan qurumların fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitlərdən maliyyələşdirilir.

1.8. Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Mərkəz məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.9. Mərkəz Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, 37 ünvanında yerləşir.

  1. Mərkəzin fəaliyyət istiqamətləri

2.0. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. qabaqcıl beynəlxalq təcrübədən istifadə edilməklə və korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla idarəetməsinə verilmiş dövlət müəssisələrində idarəetməni təşkil etmək;

2.0.2. dövlət müəssisələrinin əmlakının qorunub saxlanılması və özəlləşdirilməyə hazırlanması sahəsində zəruri tədbirləri həyata keçirmək;

2.0.3. dövlət müəssisələrinin rəqabət qabiliyyətliliyini artırmaq, maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq;

2.0.4. özəlləşdirilənədək dövlət əmlakından səmərəli istifadə olunması üçün həmin dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmək;

2.0.5. Mərkəzin Nizamnaməsində müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

  1. Mərkəzin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. dövlət müəssisələrinin istehsalat və təsərrüfat fəaliyyətinin mövcud vəziyyətini təhlil etmək, iqtisadi səmərəliliyinin yüksəldilməsi, o cümlədən maliyyə vəziyyətinin yaxşılaşdırılması və gəlirlərinin artırılması üçün tədbirlər görmək;

3.1.3. dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrdə xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək;

3.1.4. dövlət müəssisələrinin iqtisadi və maliyyə vəziyyətini təhlil etmək və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görmək;

3.1.5. dövlət müəssisələrinin səmərəlilik göstəricilərinin təhlil nəticələri əsasında onların fəaliyyətinin səmərəliliyini qiymətləndirmək;

3.1.6. dövlət müəssisələrinin idarəetmə orqanlarının tərkibinin tam formalaşdırılması üçün tədbirlər görmək və dövlət müəssisələrinin direktorlarının vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Xidmətə təkliflər vermək;

3.1.7. dövlət müəssisələrinin idarəetmə orqanlarının fəaliyyətini təhlil etmək;

3.1.8. dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalına daxil edilməyərək ayrıca özəlləşdirilməsi haqqında qərar qəbul edilmiş və dövlət vəsaiti hesabına inşa edilmiş, lakin dislokasiyadan yayınmış dövlət müəssisələrini idarəetməsinə qəbul etmək;

3.1.9. dövlət müəssisələrini özəlləşdirilməyə hazırlamaq, bununla əlaqədar qanunvericilikdə müəyyən edilmiş sənədləri hazırlayaraq Xidmətə təqdim etmək;

3.1.10. dövlət müəssisələrinin hesabatlarına dair tələbləri Xidmətlə razılaşdırmaqla müəyyənləşdirmək və təqdim edilmiş hesabatların monitorinqini aparmaq;

3.1.11. dövlət müəssisələrinin əsas və dövriyyə vəsaitlərinin vəziyyətinə nəzarət etmək, avadanlıqlarla təmin olunmasında köməklik göstərmək;

3.1.12. dövlət müəssisələrinin sahə xüsusiyyətləri nəzərə alınmaqla əlaqələndirilməsi və onların iqtisadi səmərəliliyinin, o cümlədən maliyyə dayanıqlılığının artırılması ilə bağlı tədbirlər görmək;

3.1.13. dövlət müəssisələrinin restrukturizasiyası ilə bağlı təkliflər vermək;

3.1.14. dövlət müəssisələrinin və obyektlərinin əmlakının qorunub saxlanılmasına nəzarət etmək;

3.1.15. dövlət müəssisələrinin əmlakından səmərəli istifadə olunması məqsədilə onların icarəyə verilməsi barədə Xidmətə təkliflər vermək;

3.1.16. dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması məqsədilə onlardan zəruri məlumatları və hesabatları tələb etmək, bu məlumatları və hesabatları təhlil edərək, dövlət müəssisələrinin idarəetmə orqanlarına müvafiq göstərişlər vermək;

 3.1.17. fəaliyyət göstərməyən dövlət müəssisələrinin fəaliyyətinin bərpa edilməsi məqsədilə tədbirlər görmək;

3.1.18. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə xidmət və icarə haqlarının tarifləri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün Xidmətə təkliflər vermək;

3.1.19. icarə haqlarının və fəaliyyət istiqamətləri üzrə tabeliyində olan qurumların göstərdiyi xidmətlərə görə alınan haqlardan daxilolmaların mühasibat və statistik uçotunu aparmaq, həmin vəsaitin vaxtında və tam həcmdə aidiyyəti üzrə köçürülməsini təmin etmək;

3.1.20. fəaliyyət istiqamətləri üzrə aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər görmək;

3.1.21. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.22. Mərkəzin fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təşkil etmək və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.23. kargüzarlığı və arxiv işinin aparılmasını müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;

3.1.24. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və daim yenilənməsini təmin etmək;

3.1.25. Mərkəzə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.26. fəaliyyət istiqamətləri üzrə dövlət və kommersiya sirrinin, məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;

3.1.27. Mərkəzin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.28. Xidmətin icraçı olduğu dövlət proqramları, strateji yol xəritələri və digər normativ hüquqi aktlarla müəyyən edilmiş tapşırıqların aidiyyəti üzrə tam həcmdə, vaxtında və keyfiyyətlə icrasını təmin etmək,  icraya dair hesabatları (məlumatları) hazırlayıb müəyyən edilmiş qaydada təqdim etmək, bununla bağlı Xidmətdə monitorinq və qiymətləndirmənin aparılması üçün zəruri olan məlumatları vaxtında Xidmətə təqdim etmək;

3.1.29. Xidmətin strateji inkişaf planlarının, fəaliyyət planlarının və tədbirlər planlarının hazırlanmasında iştirak etmək, onların hazırlanması və icrası ilə bağlı aidiyyəti üzrə materialları Xidmətə təqdim etmək;

3.1.30. öz fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlərin və iş proseslərinin optimallaşdırılması, habelə elektron xidmətlərə və rəqəmsal idarəetməyə davamlı keçidin təmin edilməsi, innovasiyaların tətbiq edilməsi ilə bağlı mütəmadi təhlillər aparmaq və innovativ inkişafa dair təkliflər hazırlayıb Xidmətə təqdim etmək, təkliflərin qəbulu və icrası ilə bağlı aidiyyəti üzrə tədbirlər görmək;

3.1.31. nizamnaməsi ilə müəyyən edilmiş əsas fəaliyyətlərini müntəzəm təhlil etmək, fəaliyyətinin şəffaflılğının və səmərəliliyinin artırılması barədə təkliflər hazırlayıb Xidmət rəisinə təqdim etmək və bu istiqamətdə əməli tədbirlər görmək;

3.1.32. əsas fəaliyyət göstəriciləri üzrə proqnozların və tapşırıqların müəyyən edilməsinə dair təkliflər vermək, onların icrasına dair Xidmətdə analitik məlumat bazasının yaradılması ilə bağlı fəaliyyət istiqamətləri üzrə statistik göstəriciləri hazırlamaq və dövri (aylıq, rüblük, yarımillik və illik) hesabatları Xidmətə təqdim etmək;

3.1.33. Xidmətdə əsas fəaliyyət göstəriciləri üzrə müəyyən edilmiş proqnozların icrasının monitorinqini və qiymətləndirilməsini, həmçinin müvafiq iqtisadi-statistik, texniki-iqtisadi və analitik təhlillər aparmaq məqsədilə aidiyyəti üzrə zəruri məlumatları, arayışları, cədvəlləri və digər məlumatları hazırlayıb Xidmətə təqdim etmək, müvafiq fəaliyyət sahələrinin  perspektiv inkişafı, müasirləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması ilə bağlı təkliflər vermək;

3.1.34. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.35. Mərkəzin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək, müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.36. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında Xidmətə təklif vermək;

3.2.2. fəaliyyət istiqamətləri üzrə təlimat, qayda və digər normativ aktların layihələrini hazırlamaq və təsdiq edilməsinin təmin olunması üçün Xidmətə təqdim etmək;

3.2.3. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.4. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.5. Mərkəzə müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;  

3.2.6. fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə xidmət haqqı almaq, bu sahədən daxil olan vəsaitdən Xidmət tərəfindən müəyyən edilmiş qaydada istifadə etmək;

3.2.7. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qrupları və komissiyalar yaratmaq;

3.2.8. fəaliyyət istiqamətləri üzrə  rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.9. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə apardığı monitorinqlər zamanı qanun pozuntuları aşkar edildikdə hüquq mühafizə və digər dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək;

3.2.10. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.11. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.12. qrant və ianələr almaq;

3.2.13. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.14. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.15. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətlərini yaratmaq və ya onlarda iştirak etməklə bağlı Xidmətə təkliflər vermək;

3.2.16. xüsusi bülletenlər və nəşrlər buraxmaq;

3.2.17. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

  1. Mərkəzin idarə olunması

4.1. Mərkəzin idarəetmə orqanı İdarə Heyətidir.

4.2. İdarə Heyəti Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 3 nəfərdən – iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 2 müavinindən ibarətdir.

4.3. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.3.1. Mərkəzin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;

4.3.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Xidmət vasitəsilə Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Mərkəzin illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.3.3. Mərkəzin strateji məqsəd və planlarının, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Xidmət vasitəsilə Nazirliyə təkliflər vermək;

4.3.4. Mərkəzin strukturunun, işçilərinin say həddinin və əmək haqlarının (o cümlədən əmək haqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq edilməsi üçün Xidmət vasitəsilə Nazirliyə təkliflər vermək;

4.3.5. Mərkəzin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, tabeliyində olan qurumların nizamnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Xidmətlə razılaşdırmaqla təsdiq etmək;

4.3.6. Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.3.7. Xidmətin təyin etdiyi kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.3.8. Mərkəzdə daxili audit bölməsi yaradıldığı halda, daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, bu Nizamnamənin 4.9.9-cu yarımbəndi nəzərə alınmaqla, onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.3.9. Xidmət vasitəsilə Nazirliklə razılaşdırmaqla Mərkəzin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.3.10. aidiyyəti şəxslə dəyəri Mərkəzin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.3.11. Mərkəzin strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.3.12. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.3.13. cari və operativ məsələlər barədə Xidməti məlumatlandırmaq;

4.3.14. bu Nizamnamənin 3.1.25-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.3.15. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.3.16. Xidmət vasitəsilə Nazirliklə razılaşdırmaqla idarə, filial və nümayəndəliklər, tabeliyində qurumlar (hüquqi şəxslər), həmçinin təsərrüfat cəmiyyətlərinin yaradılması barədə qərar qəbul etmək;

4.3.17. təsisçinin və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından Xidmət rəisinin müəyyən etdiyi şəxs icra edir.

4.5. İdarə Heyətinin iclası ayda azı 1 (bir) dəfə çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir və İdarə Heyətinin sədri tərəfindən imzalanır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.

4.6. İdarə Heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.7. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.8. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.9. İdarə Heyətinin sədri:

4.9.1. Mərkəzin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.9.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.9.3. Mərkəzin adından çıxış etməklə bağlı etibarnamə verir;

4.9.4. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.9.5. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.9.6. Mərkəzin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.9.7. Mərkəzin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.9.8. Mərkəzin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.9.9. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Mərkəzin aparatının, digər struktur bölmələrinin, tabeliyində olan qurumların strukturunu, ştat cədvəlinin və xərclər smetasının təsdiq edilməsinin təmin olunması üçün Xidmətə təqdim edir;

4.9.10. İdarə heyətinin üzvləri arasında vəzifə bölgüsünün aparılması ilə bağlı Xidmətə təkliflər verir;

4.9.11. Mərkəzin işçilərinin əmək haqlarının, əmək haqlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.9.12. Mərkəzin idarə, filial və nümayəndəliklərinin, tabeliyindəki qurumların rəhbərləri və müavinləri, habelə dövlət müəssisələrinin direktorları istisna olmaqla, Mərkəzin digər işçilərini Xidmətin rəisi ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edir, Mərkəzin işçiləri barəsində qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür; 

4.9.13. Mərkəzin idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki qurumların rəhbərləri və müavinlərinin Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilməsi ilə bağlı Xidmət rəisinə təqdimat verir;

4.9.14. Mərkəzin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.9.15. bu Nizamnamə ilə müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində Mərkəzin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.9.16. Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qrupları yaradır;

4.9.17. Mərkəzin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.9.18. Mərkəzin kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.9.19. Mərkəzdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.10. Mərkəzin idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki qurumların rəhbərləri və müavinləri Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

4.11. İdarə Heyətinin üzvləri:

4.11.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.11.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.11.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.11.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.11.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.

4.12. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

  1. Mərkəzin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Mərkəzin nizamnamə fondu dəyəri 708132.00 (yeddi yüz səkkiz min bir yüz otuz iki) manat olan əmlakdan və 100 (bir yüz) manatdan ibarət olmaqla 708232.00 (yeddi yüz səkkiz min iki yüz otuz iki) manatdır.  

5.2. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, tabeliyində olan dövlət müəssisələri və obyektlərinin fəaliyyətindən müəyyən edilən qaydada ayırmalar üzrə daxilolmalardan,  ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər mənbələrdən formalaşır. 

5.3. Mərkəz öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Mərkəz balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Mərkəz qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Mərkəzin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsaitdən “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 446 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na uyğun olaraq Xidmətlə razılaşdırmaqla istifadə edir.

5.5. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.

5.6. Mərkəzin göstərdiyi xidmətlərin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

  1. Mərkəzin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Mərkəzin fəaliyyətinə nəzarəti Xidmət həyata keçirir.

6.2. Mərkəzin fəaliyyətinə dair illik hesabat Xidmətə təqdim edilir.

  1. Mərkəzdə uçot və hesabat

7.1. Mərkəz “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Mərkəz “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Mərkəz idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Xidmət Mərkəzin fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

  1. Mərkəzin yenidən təşkili və ləğvi

Mərkəzin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.