«Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılması ilə əlaqədar fəaliyyəti təmin etmək məqsədi ilə qərara alıram:
1. «Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri, idarələri, təşkilatları və müəssisələri onların sərəncamında olan daşınmaz dövlət əmlakı (o cümlədən Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı) haqqında bu Fərmanın 1-ci bəndində göstərilmiş Əsasnamədə müəyyən edilmiş qaydada zəruri olan bütün məlumatların Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə iki ay müddətində təqdim olunmasını təmin etsinlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
bir ay müddətində Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılmasını təşkil etmək məqsədi ilə maliyyələşdirilmə məsələlərini həll etsin;
öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 1999-cu il.
№ 226.
Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 9 dekabr tarixli
226 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikasında dövlət əmlakının
Registri haqqında
Əsasnamə
I. Ümumi müddəalar
1. Bu Əsasnamə «Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında» 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil olan məlumatların tərkibini, strukturunu və aparılması qaydalarını müəyyən edir.
2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.
3. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (torpaq sahəsi və ya torpaq sahəsi ilə bağlı olan müəssisə, tikili, qurğu və s.) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir.
4. Azərbaycan Respublikasının dövlət əmlakının Registri Azərbaycan Respublikasının mülkiyyətidir.
5. Azərbaycan Respublikasında dövlət əmlakının Registri mərkəzi registrdən və yerli registrlərdən ibarətdir.
6. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində dövlət əmlakının mərkəzi registri, onun yerli qurumlarında — dövlət əmlakının yerli registrləri aparılır.
7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır.
Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır.
8. Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının mərkəzi registri və yerli registrləri əsasında tərtib edilir.
9. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının (bundan sonra — qeydiyyat obyektləri) mövcud olmasının, yaranmasının, ona əşya hüquqlarının keçməsinin, öhdəliklərlə yüklənməsinin, onlara xitam verilməsinin, həmin əmlakla bağlı əqdlər də daxil olmaqla qeydə alınması üçün aşağıda göstərilən sənədlər əsas hesab olunur:
bu Əsasnamənin 7-ci bəndində göstərilən subyektlər tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri aktlar;
daşınmaz dövlət əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr və digər əqdlər;
daşınmaz dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi haqqında sənədlər (şəhadətnamələr);
qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
daşınmaz dövlət əmlakı üzərində hüquqların keçməsi barədə və (və ya) onun barəsində əqdlərə dair digər sənədlər.
Yeni yaradılmış (inşa edilmiş, qurulmuş və s.) və yaxud əldə edilmiş (alqı-satqı, bağışlama və s.) daşınmaz dövlət əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirildikdən sonra müvafiq Registrdə qeydə alınır.
II. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılması qaydaları
10. Azərbaycan Respublikasında dövlət əmlakının Registri kartoteka (sənəd) və maqnit daşıyıcıları vasitəsilə aparılır.
Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılması qeydiyyat obyektləri, onların yaradılması barədə məlumatın (yazıların), qeydiyyat obyektlərinin üzərində mülkiyyət hüququnun (əşya hüquqlarının) keçməsi, onların öhdəliklərlə yüklənməsi, onlara xitam verilməsi, o cümlədən dövlət mülkiyyət hüququna xitam verilməsi barəsində məlumatların Registrə daxil olunmasında, bu məlumatlara dair Registrdə olan məlumatın təzələnməsindən və ya silinməsindən ibarətdir.
11. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində məlumat (yazılar) daşınmaz dövlət əmlakına münasibətdə əşya hüquqlarına, onun öhdəliklərlə yüklənməsinə və dövlət mülkiyyət hüququna xitam verildikdə silinir.
Bu bəndin birinci abzasında nəzərdə tutulan hallarda Azərbaycan Respublikasında dövlət əmlakının Registrində silinən məlumat (yazılar) həmin Registrin arxivinə keçirilir.
12. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində hər bir qeydiyyat obyekti barəsində aşağıdakılar əks olunmalıdır:
qeydiyyat obyektinin qeydə alınması üçün əsas;
qeydiyyat obyektinin adı, tərkibi, xüsusiyyətləri, yerləşdiyi ünvan və istismara verildiyi tarix;
qeydiyyat obyektinin ilkin dəyəri və qeydiyyata alınma dövrünə olan dəyəri;
qeydiyyat obyekti sərəncamında olan subyekt haqqında məlumat;
qeydiyyat obyektinin təyinatı (yönümü, profili);
qeydiyyat obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə, əvəzsiz istifadəyə verilməsi, girov qoyulması və digər öhdəliklərlə yüklənməsi.
13. Bu Əsasnamənin 12-ci bəndində göstərilən sənədləri təqdim edən vəzifəli şəxslər həmin sənədlərin tam və dəqiq olması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
14. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı qeydiyyat obyektlərinin xüsusiyyətlərini bildirən və digər obyektlərdən birmənalı ayrılmasına imkan yaradan təsnifat əsasında aparılır.
15. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir:
əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu;
bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər);
qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə).
16. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydiyyata alınmaq üçün daşınmaz dövlət əmlakı haqqında sənədlər Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və onun yerli qurumları tərəfindən qəbul olunduqdan sonra 15 gün müddətində registrdə qeydiyyata alınmalıdır.
Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydiyyata alınmaq üçün daşınmaz dövlət əmlakı haqqında təqdim olunmuş sənədlər bu Əsasnamənin tələblərinə uyğun şəkildə təqdim edilmədikdə, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə və ya onun yerli qurumları həmin sənədləri 3 gün müddətində müvafiq subyektlərə yenidən tərtib edib təqdim etmək üçün qaytarır. Həmin subyektlər sənədləri yenidən tərtib edib Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə və ya onun yerli qurumlarına təqdim etməlidirlər.
Zərurət yarandıqda, daşınmaz dövlət əmlakı barədə məlumatın təqdim olunmuş sənədlərə uyğun gəlməsini yoxlamaq məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi öz təşəbbüsü ilə və yaxud onun yerli qurumlarının təklifi ilə təqdim olunan məlumatların və sənədlərin dəqiqliyini yoxlaya bilər.
17. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamında həmin obyektlər olan subyektlərə bu barədə müvafiq «Registrdən çıxarış» təqdim edilir.
18. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər.
19. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmış daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün müvafiq əmlak sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və müvafiq registrləri aparan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə və onun yerli qurumlarına 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidirlər.
Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilmiş daşınmaz dövlət əmlakı sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər hər ilin dekabr ayının 31-nə qədər müvafiq registrlərə daşınmaz əmlakın hərəkətinə dair balanslarının surətlərini təqdim etməlidirlər.
20. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin tərtib olunması və aparılması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi :
daşınmaz dövlət əmlakının Registrdə qeydiyyatı ilə əlaqədar işləri təşkil edir, qeydiyyatı aparan müvafiq orqanların fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu əlaqələndirir;
mərkəzi və yerli registrdə daşınmaz dövlət əmlakı barəsində məlumatların daxil edilməsini və həmin registrin bu Əsasnaməyə uyğun olaraq aparılmasını təmin edir;
daşınmaz dövlət əmlakının qeydiyyatını həyata keçirən vəzifəli şəxsləri təyin edir və vəzifədən azad edir;
daşınmaz dövlət əmlakının qeydiyyatı sistemində işləyən işçilərin təlimini və ixtisasının artırılmasını təşkil edir;
mərkəzi registrin məlumat bankının aparılmasını təmin edir;
yerli registrlərin aparılmasına nəzarət edir;
Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin məlumatlarının və onun arxiv məlumatlarının bütövlüyünü təmin edir;
bu Əsasnamə və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş başqa səlahiyyətləri həyata keçirir.
21. Yerli registrlərin aparıcısı olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin müvafiq yerli qurumları:
müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq daşınmaz dövlət əmlakı barədə məlumatların və onlarda aparılmış dəyişikliklərin mərkəzi Registri aparan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə verilməsini təmin edir;
yerli Registrin məlumatlarının və onun arxiv məlumatlarının bütövlüyünü təmin edir;
bu Əsasnamə və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş başqa səlahiyyətləri həyata keçirir.
III. Informasiyanın verilməsi qaydaları
22. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı açıq xarakter daşıyır.
Azərbaycan Respublikasında dövlət əmlakının Registri, qanunvericiliyə uyğun olaraq dövlət sirrini təşkil edən daşınmaz dövlət əmlakı barəsində olan məlumat istisna olmaqla, informasiya almaq üçün açıqdır.
23. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində olan məlumatlar aşağıdakılara verilir:
dövlət hakimiyyəti orqanlarına;
daşınmaz dövlət əmlakı barədə müqavilə bağlayan tərəflərə;
hüquqi və fiziki şəxslərə;
24. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində olan məlumatlar Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilir.
Bu Əsasnamənin 23-cü bəndində göstərilən subyektlər daşınmaz dövlət əmlakı barədə məlumat almaq üçün Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə yazılı surətdə müraciət edirlər, məlumat almaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş onların şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi (pasport) və ya digər müvafiq sənədlər), hüquqi şəxslər isə — onların dövlət qeydiyyatını və nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etməlidirlər.
25. Azərbaycan Respublikasında dövlət əmlakının Registrindən barəsində sorğu edilən qeydiyyat obyektləri haqqında məlumat (və ya məlumatın verilməsindən imtina qərarı) Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 10 gün ərzində verilməlidir.
26. Azərbaycan Respublikasında dövlət əmlakının Registrindən məlumat büdcədən maliyyələşdirilən dövlət hakimiyyəti orqanlarına, idarə, müəssisə və təşkilatlara əvəzsiz olaraq, digər hüquqi şəxslərə və vətəndaşlara isə qanunvericiliklə müəyyən edilmiş ödənişlə verilir.
27. Azərbaycan Respublikasında dövlət əmlakının Registrindən verilən məlumatlara görə ödənişlərin məbləği və istifadəsi qaydası Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilir.
Azərbaycan Respublikasında
dövlət əmlakının
Registri haqqında Əsasnaməyə
Əlavə
Daşınmaz dövlət əmlakının
qeydiyyat vərəqəsi
Sıra № Qeydiyyat obyektlərinin göstəriciləri Göstəricilərin məzmunu
1. Daşınmaz dövlət əmlakı sərəncamında olan dövlət təsisatı haqqında məlumat:
1.1. Dövlət təsisatının tam adı
1.2. Hüquqi ünvanı
1.3. Dövlət təsisatına daxil olduğu birliyin (konsern, şirkət və s.) tam adı
1.4. Dövlət təsisatının əsas fəaliyyət növü
2. Qeydiyyat obyektinin tərkibi:
2.1. Daşınmaz dövlət əmlakının adı (torpaq sahəsi, müəssisə, tikili (bina), qurğu və s.)
2.2. Daşınmaz dövlət əmlakının yerləşdiyi hüquqi ünvan
2.3. Daşınmaz dövlət əmlakının mədəniyyət və tarixi abidə olub-olmaması (hə-yox)
2.4. Qeydiyyat obyektinin registr nömrəsi və texniki pasportun nömrəsi
2.5. Ilkin balans dəyəri/qalıq balans dəyəri
2.6. Ümumi sahə (kv.m./mərtəbəsi)
2.7. Torpaq sahəsinin ölçüsü (hektarla) və kadastr məlumatları əsasında torpağın keyfiyyət göstəriciləri
2.8. Istismara verildiyi tarix
2.9. Təyinatı (yönümü, profili)
3. Qeydiyyat obyekti olan daşınmaz dövlət əmlakı barədə bağlanılan əqdlər və onun öhdəliklərlə yüklənməsi:
3.1. Əqd barədə qeydlər
əqdin predmeti;
əqdin dəyəri;
əqdin əsası;
əqdin şərtləri;
əqdə xitam verilməsi;
digər qeydlər
3.2. Icarə haqqında qeydlər:
icarənin predmeti;
icarənin müddəti;
icarəyəverən;
icarəyəgötürən;
icarənin əsası;
icarəyə xitam verilməsi;
digər qeydlər
3.3. Girov haqqında qeydlər:
girovun predmeti;
girovun müddəti;
girovqoyan;
girovsaxlayan;
girovun əsası;
girova xitam verilməsi;
digər qeydlər
3.4. Daşınmaz dövlət əmlakının digər öhdəliklərlə yüklənmələri haqqında qeydlər
yüklənmənin məzmunu;
yüklənmənin müddəti;
əmlakı yüklənən dövlət təsisatı;
əmlak xeyrinə yüklənən şəxs;
yüklənmənin əsası;
yüklənməyə xitam verilməsi;
digər qeydlər
4. Daşınmaz dövlət əmlakının özəlləşdirilməsi barədə qeydlər:
4.1. Daşınmaz dövlət əmlakı barədə özəlləşdirilmə imkanı:
əmlakın adı;
əmlak barədə özəlləşdirilmə imkanı
4.2. Daşınmaz dövlət əmlakının özəlləşdirilməsi barədə qərar (qərarı qəbul edən orqanın adı, qərarın tarixi və nömrəsi)
4.3. Özəlləşdirilmənin üsulu (qərarı qəbul edən orqanın adı, qərarın tarixi və nömrəsi)
4.4. Özəlləşdirmə planının təsdiqi (planı təsdiq edən orqanın adı, qərarın tarixi və nömrəsi)