Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

12.05.2022 15:07
Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Yerli icra hakimiyyəti orqanları:

1.1. müvafiq inzibati ərazi vahidlərinin ərazisində baş vermiş təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş və bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin təqdim edildiyi şəxslərin siyahısını (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinə münasibətdə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surətini, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarına münasibətdə isə həmin binanın tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin və istismarına icazə sənədinin surətini iki ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etsinlər;

1.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

  1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin;

2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş siyahıda adları qeyd olunan şəxslərin müraciətlərinə baxılarkən:

2.2.1. yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının inşa edildiyi torpaq sahələri bələdiyyə mülkiyyətində olduğu hallarda həmin torpaq sahələrinin döngə nöqtələrinin koordinatları və ölçüsü barədə məlumatları belə halın aşkar edildiyi tarixdən bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

2.2.2. yaşayış evləri və çoxmənzilli yaşayış binaları bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa edildiyi hallarda həmin torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etsin;

2.3. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərinin icrası ilə bağlı görülən işlər barədə hər yarımildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bu Fərmanın 2.2-ci bəndinə uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında:

3.1.1. yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində inşa edildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılmasını təmin etsin;

3.1.2. bu Fərmanın 2.2.2-ci yarımbəndində göstərilən hallarda, habelə zərurət olduğu hallarda bu Fərmanın 3.1.1-ci yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə ayrılan torpaq sahələrinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməsini təmin etsin;

3.1.3. yaşayış evlərinin yerləşdiyi torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün tədbirlər görsün və bu barədə hər yarımildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 aprel 2022-ci il

      1656