Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-may ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 61,2 milyon manat vəsait ödənilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir.
Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-may ayları ərzində 24 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmləri, 9 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 233 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 5 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 135 elektron sifariş qəbul olunub, hərraclarda iştirak etmək üçün “Elektron hərrac” proqram təminatı vasitəsilə 28 onlayn qoşulma reallaşıb. 2023-cü ilin yanvar-may ayları ərzində 13 faydalı qazıntı yatağı hərrac vasitəsilə sahibkarların istifadəsinə verilib.
Cari ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 47,2 milyon manat təşkil edib və 5 aylıq proqnoz 112,6% icra olunub. Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin ilk 5 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində də əldə edilən nəticələr uğurludur. Belə ki, bu ilin yanvar-may ayları ərzində 1 481 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 313-ü qeyri-yaşayış sahələri üzrə,1 168-i isə torpaq sahələrinə dair olub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinə 14 milyon manat vəsaitin ödənilməsi təmin olunub və proqnoz 153,2% icra olunub. Dövlət əmlakının icarəsindən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 36% artıb.
Beləliklə, bu ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 61,2 milyon manat vəsait daxil olub.