Vətəndaşlar onlara məxsus fərdi həyət evləri və mənzillər, torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı komitə sədrinə müraciət ediblər. İştirakçılar arasında kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinə çıxarış almaq istəyən vətəndaşlar da müraciətlərini bildiriblər. Eyni zamanda, pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlər də səsləndirilib.
Qəbulda vətəndaşların dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciətləri də dinlənilib.
Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib.
Komitə sədri qəbulda komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatında sosial yönümlü bir çox tədbirlərin keçirilməsini, xidmətlərdə vətəndaş amilinin önə çəkilməsini diqqətə çatdırıb. Qeyd olunub ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər birbaşa vətəndaşların ünvanına çatdırılır və yerlərdə rahat və operativ şəkildə təqdim olunur. “Bir pəncərə” prinsipinin tətbiq edilməsi nəticəsində vətəndaşlar sadəcə bir ünvana - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gəlməklə bütün sənədləşdirmə prosesini həyata keçirə bilirlər. Bu tədbirlərlə yanaşı, komitənin 3 SMS, 2 onlayn və 31 elektron xidməti də vətəndaşların qeydiyyat prosesində vaxt itkisi ilə üzləşməsinin qarşısını alıb və məmur-vətəndaş ünsiyyətini azaldıb.
Qəbulda iştirak edən vətəndaşlar göstərilən xidmətlərdən razılıqlarını ifadə ediblər. Həmin gün birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və müraciətlərinin həlli istiqamətində tədbirlər görülüb.
Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun və çevikliyin təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlarını verib. Rahatlıq və əlçatanlığın, şəffaflıq və operativliyin artırılması istiqamətində müntəzəm işlərin həyata keçirilməsi istiqamətində tapşırıqlar olub. Komitə sədri bildirib ki, dövlət əmlakının özəlləşdirilməsi prosesi sürətləndirilməsi, bu sahədə şəffaflıq daha da artırılmalıdır. Qəbulun keçirildiyi bölgə üzrə yerli qurum rəhbərlərinə tapşırılıb ki, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı tədbirlər gücləndirilməli, özəlləşmə və icarədən büdcəyə daxilolmaların vaxtında və tam icrasına nəzarət effektiv təmin olunmalıdır. Dövlət mülkiyyətində olan daşınmaz əmlakın daha səmərəli və müasir tələblərə uyğun idarə olunması istiqamətində zəruri tədbirlər həyata keçirilməlidir.