Komitənin hüquqşünasları tərəfindən kampaniya çərçivəsində vətəndaşlara hüquqi yardımlar göstərilib. Bildirilib ki, bəzi hallarda vətəndaşlar çıxarış almaq üçün daşınmaz əmlakın dövlət reyestri ilə bağlı qanunvericiliyə cavab verməyən ilkin hüquqmüəyyənedici sənədlərlə müraciət edirlər. Belə ki, təyinatınazidd torpaqlarda aparılmış tikintilərə dair sənədlər, torpaqayırma qaydalarına, tikintiyə icazə verilməsi barədə hüquqi tələblərə uyğun olmayan sənədlərlə edilən müraciətlərə rast gəlinir. Müxtəlif daşınmaz əmlaklar barədə təyinatına zidd sənədlər təqdim olunur. Vətəndaşlar isə belə sənədlər əsasında onlara çıxarış verilməsini tələb edirlər. Aparılan hüquqi maarifləndirmə aksiyası çərçivəsində belə məsələlərlə bağlı vətəndaşlara izahlar verilib, daşınmaz əmlakın qeydiyyatı haqqında qanunvericiliyin tələbləri çatdırılıb. Onlara qeydiyyat prosedurları, zəruri sənədlər, daşınmaz əmlakın qeydiyyatının üstünlükləri, sosial-iqtisadi faydaları, və digər məsələlər izah edilib.
Bütün bu sosial addımlar komitənin əsas hədəflərindən biri olan qeydiyyat xidmətlərində əlçatanlığın və vətəndaş məmnunluğunun təmin olunmasının artırılmasına xidmət edir.
Xatırladaq ki, kampaniya çərçivəsində yalnız “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında çıxarışlar verilir. Belə sənədlərə mənzillərə dair orderlər, aktlar, mülkiyyət barədə qeydiyyat vəsiqələri, torpaq sahəsinə dair sovet dövründə sovxoz və kolxozlar tərəfindən verilmiş əmrlər və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununda əksini tapmış digər hüquqi sənədlər aiddir.
Xatırladaq ki, “Kütləvi çıxarış” kampaniyası növbəti həftələrdə də Bakı və regionlarda davam etdiriləcəkdir. İndiyədək kampaniya sayəsində 6500-ə yaxın vətəndaş komitənin qeydiyyat xidmətlərindən yararlana bilib.
Qeydiyyat sisteminin sadələşdirilməsi, elektron və onlayn xidmətlərin və “bir pəncərə” prinsipinin tətbiqi və sosial tədbirlərin həyata keçirilməsi son illərdə qeydiyyat sayının yüksəlməsilə nəticələnib. 2015-ci ildə qeydiyyat sayının 191 minə çatması bunun əyani göstəricilərindəndir. Eyni zamanda, indiyədək elektron xidmətlər vasitəsilə 300 minə yaxın müraciətin qeydə alınması bu xidmətlərə olan maraq və ehtiyacın bariz göstəricisidir.