“Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmləri investisiya müsabiqəsinə çıxarılıb

“Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmləri  investisiya müsabiqəsinə çıxarılıb 30.01.2019 16:25

Komissiyanın qərarına əsasən, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus 99,22 faiz səhmlərinin özəlləşdirilməsinə maraq göstərən iddiaçılar dövlət büdcəsinə 110 milyon manatdan az olmayan məbləğdə pul köçürməlidir. Eyni zamanda, ümumi həcmi 600 milyon ABŞ dollarının manatla ekvivalentindən az olmayan İnvestisiya Proqramı təqdim etməlidir. 1000 iş yerindən az olmayaraq yeni iş yerləri yaradılmalı, müəssisənin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, habelə əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsi təmin edilməlidir. Bununla yanaşı, digər iqtisadi, sosial və ekoloji tələblər yerinə yetirilməlidir.

Qeyd edək ki, komitənin Özəlləşdirmə portalında adıçəkilən səhmdar cəmiyyəti ilə bağlı ətraflı mətn və foto məlumatlar əksini tapıb. Burada müəssisənin yaradılması, istehsal gücü, yerləşməsi, istehsal prosesi, özəlləşdirmədən sonra gözlənilən perspektivlər barədə ətraflı məlumatlarla tanış olmaq mümkündür.

Müsabiqə ilə bağlı elanda səhmdar cəmiyyətin hüquqi ünvanı, nizamnamə kapitalı, investisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı, əhatə etdiyi torpaq sahəsi və üzərindəki tikililərin xarakteristikası, işçilərin sayı, səhmdar cəmiyyətin öhdəlikləri və s. barədə məlumat verilib.

Qeyd olunduğu kimi, iddiaçılar 3 illik dövrü əhatə edən İnvestisiya Proqramı (biznes-plan) təqdim etməlidir. Bu Proqramda səhmdar cəmiyyətin fəaliyyəti ilə bağlı təkliflər verilməlidir. Bu təkliflər özündə yataqlardakı dəmir filizinin illik hasilatının həcmi (təhlükəsizlik və ekoloji standartlara riayət olunmaqla), yeni iş yerləri, büdcəyə köçürüləcək vəsait, müəssisədə aparılacaq yenidənqurma, tikinti, təmir-bərpa işləri barədə tədbirləri əks etdirməlidir. Şərtlərə əsasən yerli xammal bazasında rəqabət qabiliyyətli və əlavə dəyər yaradan, idxalı əvəz edən, ixrac yönümlü polad məhsulların istehsalı ölkə daxilində təşkil edilməlidir. İnvestisiya Proqramında xammaldan son məhsula qədər istehsal zəncirini əhatə edən klasterin qurulması ilə bağlı təkliflər də əksini tapmalıdır.

Müsabiqə qalibi alqı-satqı müqaviləsi bağlandıqdan sonra bir sıra öhdəlikləri yerinə yetirməlidir. Belə ki, dövlət büdcəsinə ödəmək üçün təklif etdiyi vəsaitin beh şəklində nəzərdə tutulmuş məbləğdən az olmayan hissəsini 30 dekabr 2016-cı il tarixinədək büdcəyə köçürməlidir. 60 təqvim günü müddətində səhmdar cəmiyyətinin əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişlərini həyata keçirməlidir. Səhmdar cəmiyyətinin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının ödənilməsi təmin edilməlidir. Habelə, investisiya qoyuluşunu İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirməlidir.

Müsabiqə təkliflərinin qəbulunun son tarixi 19 dekabr 2016-cı il, təkliflərin qiymətləndirilməsinə başlanılması tarixi isə 20 dekabr 2016-cı il müəyyən edilmişdir.