Natiqlər öz çıxışlarında bildirdilər ki, uanvarın 19-dan 20-nə keçən gecə 137 mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Sovet qoşunları 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv etdilər. Bakının infrastukturuna külli miqdarda ziyan dəymişdi. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq var idi.
Mərasimdə çıxış edən komitə əməkdaşları qeyd etmişlər ki, bütün ömrü boyu xalqın yanında olan Ulu Öndərimiz Heydər Əliyev xəstəliyinə baxmayaraq, faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlandı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1990-cı il yanvar ayında faciəli hadisələr zamanı Azərbaycan Respublikasının azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsinin daim yad edildiyini bildirmişdir.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, bütün faciəsi ilə yanaşı, 20 Yanvar günü xalqımızın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzidir. Faciə xalqımızın milli azadlıq uğrunda məbarizəsinin şanlı səhifəsidir. Təpədən dırnağa qədər silahlanmış imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilmədi. Əksinə, yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan etdi. Natiqlər 20 Yanvar hadisələri və xalqımızın başına gətirilmiş faciələr haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini xüsusi vurğulamışlar. Qeyd olundu ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək