Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı regional işgüzar forumlar keçirilib

Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı regional işgüzar forumlar keçirilib 30.01.2019 16:25

İşgüzar Forumların məqsədi respublika üzrə bu Sistemin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi istiqamətində həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq, görülən işlərin mahiyyəti və nəticələrinin izahı, aidiyyəti dövlət qurumları və bələdiyyələrlə qarşılıqlı fəaliyyətin təşkilidir.

Forumda Komitənin Aparatı və tabeli qurumları, Rayon İcra Hakimiyyətləri, yerli icra nümayəndələri, bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak edib.

Tədbirdə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı təqdimat keçirilib. Forum iştirakçılarına xəritələr vasitəsi əyani sürətdə görülən işlər barədə məlumatlar verilib.

Tədbir çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bildirib ki, müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Artıq 12 rayonda işlər tamamlanmışdır. Bu rayonlarda uçot işinə 289 bələdiyyə ərazisi, 651.2 min hektar torpaq sahəsi, 401 min torpaq parseli cəlb olunmuşdur. Eyni zamanda həmin ərazilərin torpaqlarının bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri paralel olaraq aparılmışdır. 9 rayonda isə tamamlama ərəfəsindədir.

Forumda Uçot Sisteminin gələcək nəticələri və ölkə iqtisadiyyatına səmərəsi barədə məlumat verilib. Bildirilib ki, əsas vəzifə təyinatından və mülkiyyət növündən asılı olmayaraq, ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotuna alınmasını, ərazilərin rəqəmsal xəritələrinin hazırlanmasını, avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini, mükəmməl torpaq bankının yaradılmasını təmin etməkdir. Həmçinin Sistem torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri müəyyən etməyə, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadə və onların mühafizəsinə nəzarət etməyə imkan verir. Torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində səmərəli tədbirlərin görülməsinə, torpaq ehtiyatlarının kəmiyyət göstəricilərini müəyyənləşdirməyə, torpaq balansını tərtib etməyə zəmin yaradır.

Bu işlərin icrası məqsədilə bir çox ölkələrin qabaqcıl təcrübələri öyrənilib. Hazırda yeni texnologiyaların istehsalata tətbiqi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması ilə bağlı tədbirlər həyata keçirilir.

Bildirilib ki, komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu informasiya sistemini yaratmaqdan, pay torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar əks etdirir.

Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması nəticəsində ölkədə torpaq ehtiyatlarının idarə olunmasında, torpaq balansının tərtib edilməsində, torpaq mülkiyyətçilərinə və istifadəçilərinə subsidiyaların verilməsində, torpaq bazarının təşkilində, torpaq üzərində hüquqların qeydə alınmasında, torpaq üzərində bütün münasibətlərin tənzimlənməsində mövcud olan bir sıra problemlərin həlli təmin ediləcək.