İşgüzar forum özəlləşdirmə prosesini əhatə edən qısa filmin nümayişi ilə başlamışdır. Filmdə dövlət əmlakının özəlləşdirilməsi prosesinə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə start verilməsi, bu günədək əldə olunmuş nailiyyətlər, özəlləşdirildikdən sonra uğurla fəaliyyət göstərən çoxsaylı istehsal müəssisələrindən videogörüntülər, ölkə başçısı cənab İlham Əliyevin özəlləşdirmənin sürətləndirilməsi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamların icrası ilə əlaqədar görülən işləri əhatə edən kadrlar, əhalinin hərrac və müsabiqələrdə sərbəst iştirakını əks etdirən materiallar, sahibkarlar üçün maraq kəsb edən digər məlumatlar yer almışdır.
Forumu giriş nitqi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov açaraq, qeyd etmişdir ki, Azərbaycanda dövlət əmlakının geniş şəkildə özəlləşdirilməsi prosesinə Ümummilli Liderimizin rəhbərliyi ilə başlanılmış və ötən dövr ərzində bu sahədə bir çox uğur və nailiyyətlər əldə olunmuşdur. Belə ki, dövlət əmlakının özəlləşdirilməsi nəticəsində sahibkarlıq sektorunda 300 mindən artıq iş yeri yaradılmış, 250 mindən çox şəxs səhm sahibi olmuş, ümumilikdə 1,2 milyondan artıq vətəndaşımız bu və ya digər formada özəlləşdirmədən faydalanmışdır. ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Rusiya, Çin, Finlyandiya və digər dövlətlərin investorları özəlləşdirmədə iştirak etmişlər.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi dövründə uğurla davam etdirilən iqtisadi islahatlar nəticəsində dövlət mülkiyyətinin özəlləşdirilməsi və idarəçiliyi sahəsində əldə olunan nailiyyətlər artmaqdadır. Bunun təsdiqi olaraq, dövlət əmlakının özəlləşdirilməsi prosesinin sürətləndirilməsi barədə ölkə başçısının 19 iyul 2016-cı il tarixli Fərmanında bir sıra mühüm istiqamət və tapşırıqlar əksini tapmışdır. Həmin tapşırıqlara uyğun olaraq, orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı müəyyənləşdirilmiş, onların tabeliyindəki qeyri-profil, habelə həmin siyahıya daxil olmayan dövlət müəssisə və obyektləri özəlləşdirməyə açılmışdır. Hazırda komitə tərəfindən həmin müəssisələrin özəlləşdirməyə hazırlanması istiqamətində tədbirlərə başlanılmış və yaxın aylarda onların satışa çıxarılması barədə elanlar kütləvi informasiya vasitələrində veriləcəkdir.
Daha sonra komitə sədri qeyd etmişdir ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanındakı yol xəritələrinə əsasən, dövlət strateji sahələrdə institusional dəyişikliklərin edilməsində daha tarazlı yanaşmaya üstünlük vermiş və ilkin mərhələdə onların restrukturizasiyası və özəlləşdirilməyə hazırlanması istiqamətində birgə təkliflərin irəli sürülməsini aidiyyəti dövlət qurumları və Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır.
Eyni zamanda, məhz bu tapşırıqlardan irəli gələrək dövlət əmlakının özəlləşdirilməsi prosesinin geniş vüsət aldığı, bu mərhələdə tətbiq olunan innovativ yanaşmalar, özəlləşdirmə prosedurlarının sadələşdirilməsi, hərrac və müsabiqələrin tam şəffaf şəraitdə keçirilməsi, özəlləşdirilən müəssisələrə dair geniş məlumatların əvvəlcədən komitənin informasiya resursları və kütləvi informasiya vasitələrində (o cümlədən, elektron KİV-lər) yayılması tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Çıxışının sonunda komitə sədri Azərbaycanda iqtisadi sabitliyin bərqərar olması və milli valyutamızın möhkəmləndirilməsinin təxirəsalınmaz makroiqtisadi tədbirlərdən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq, bu baxımdan, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən səlahiyyətləri daxilində iqtisadi fəallığı maksimum canlandırmağı qarşısına ən ümdə məqsədlərdən biri olduğunu vurğuladı, sahibkarları özəlləşdirmədə daha fəal iştirak etməyə çağırdı.
Forumda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək, sahibkarlığın inkişafında özəlləşdirmə prosesinin xüsusi rolunu, yeni iş yerlərinin açılması, rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalının əhəmiyyətli hissəsinin özəlləşdirilən müəssisələrin payına düşdüyünü qeyd etdi.
ASK-nın prezidenti cənab Məmməd Musayev də öz növbəsində sahibkarları özəlləşdirmədə iştirakla bağlı fəallığı artırmağa dəvət etmiş, investisiya yatırımları üçün daşınmaz əmlak bazarında hazırda münbit şəraitin hökm sürdüyünü, bu səbəbdən hərrac və müsabiqələrdə iştirakın məqsədəuyğunluğunu bildirmişdir.
Daha sonra çıxış edən AZPROMO-nun prezidenti Rüfət Məmmədov isə ölkədəki əlverişli investisiya mühiti, dövlət tərəfindən iş adamları üçün yaradılmış imkanlar və investisiya fəaliyyətinin təşviqi barədə sahibkarlara məlumatlar çatdırdı.
İşgüzar Forum çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında yerli sahibkarların özəlləşdirmədə iştirakının dəstəklənməsi, birgə konfrans və forumların, habelə özəlləşdirilən müəssisələrə infoturların təşkilini əhatə edən əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
Tədbirdə komitənin əməkdaşları sahibkarlar qarşısında “Özəlləşdirməyə yeni açılmış müəssisələr və investisiya imkanları”, habelə “Özəlləşdirmədə müasir yanaşmalar, şəffalıq və elektron prosedurlar” mövzularında təqdimatlarla çıxış etdi.
Bu təqdimatlarda özəlləşdirməyə açılmış müəssisə və obyektlər haqqında geniş xülasələr, özəlləşdirmə üçün açıq olan sahələr, potensial investorlara yaradılan yeni imkanlar, hərrac və müsabiqələrdə iştirak prosedurları, özəlləşdirilən əmlaklar haqqında məlumatların əldə edilməsi qaydaları və s. məsələlər haqqında məlumatlar verildi, özəlləşdirmə portalının funksionallığı tədbir iştirakçılarına əyani şəkildə nümayiş etdirildi.
İşgüzar forumun sonunda özəlləşdirmə prosesi ilə bağlı sahibkarları maraqlandıran çoxsaylı suallar komitə nümayəndələri tərəfindən cavablandırılmış, təklifləri dinlənilərək komitənin gələcək fəaliyyətində nəzərə alınmaq üçün qeydiyyata alınmışdır.
Tədbirin nəticəsi olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası bu kimi forumların müntəzəm olaraq, o cümlədən respublikanın regionlarında da təşkil olunmasını qərarlaşdırmış, bu yolla sahibkarların özəlləşdirmə prosesində fəallığının artırılmasına nail olunması mümkünlüyünü ifadə etmişlər. Sahibkarların maraq göstərəcəyi layihələrlə bağlı praktiki konkret addımların atılması üçün komitə tərəfindən əlaqələndirici struktur bölmələri müəyyən olunaraq, onların rəhbərləri sahibkarlara təqdim edilmişdir.