Özəlləşdirmə çərçivəsində 250 mindən çox səhmdar səhm sahibi olub, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb. Yerli investorlarla yanaşı, xarici sərmayəçilərin də iştirak etdikləri təkcə investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatına təxminən 1 milyard manatdan artıq investisiya yatırılıb. Özəlləşdirilən müəssisələrdə 320 mindən çox yeni iş yeri yaradılıb. İndiyə kimi bir çox inkişaf etmiş dövlətlərin investorları Azərbaycanda həyata keçirilən özəlləşdirmədə fəal olaraq iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən, hazırda islahatların yeni mərhələsinə qədəm qoyulub. Bir çox sahələrin modernləşdirilməsi və müasir idarəetmə standartlarının, o cümlədən dövlət-özəl tərəfdaşlığının qurulması istiqamətində uğurlu nəticələr əldə edilib.
Komitə sədri vurğulayıb ki, bu nəticələrə əsasən iqtisadi islahatların hədəflərinə uyğun olaraq beynəlxalq məsləhətçilər cəlb edilməklə Komitənin uzunmüddətli strateji fəaliyyət planı hazırlanıb. Aparılan islahatlar çərçivəsində dövlət əmlakının idarəedilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı, torpaq idarəçiliyi, torpaqların elektron kadastrının aparılması, torpaq münasibətlərinin tənzimlənməsi istiqamətində innovativ tədbirlər həyata keçirilib. Hal hazırda da bununla əlaqədar prioritet sahələr üzrə işlər davam etdirilir.
Dövlət başçısının tapşırıqlarına və imzaladığı fərman və sərəncamlara uyğun olaraq, hazırda özəlləşdirmə prosesinin yeni strateji mərhələsinə qədəm qoyulub. Müasir yanaşmaların tətbiqi ilə əlaqədar hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakları müstəqil qiymətləndiricilər tərəfindən bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar, investisiya müsabiqələri vasitəsi ilə özəlləşməyə çıxarılır.
Bu prosesdə şəffaflığın, optimallığın və müasirliyin təmin olunması məqsədilə Komitə tərəfindən “Özəlləşdirmə portalı” ( privatization.az) istifadəyə verilib. Portaldan istifadə edənlərin sayı 700 mini ötüb. Yeni yanaşmalara uyğun olaraq, artıq 35 hərrac keçirilib, bu hərraclarda 1100-dən artıq dövlət əmlakı satışa çıxarılıb.
Bundan başqa özəlləşdirmə prosesində daha bir yenilik olan “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” istifadəyə verilib. Bununla ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər. Hazırda qarşıya qoyulan əsas hədəf isə digər əmlakların da elektron hərrac vasitəsilə özəlləşdirilməsini həyata keçirməkdir.
Qeyd edilməlidir ki, aparılan islahatlar çərçivəsində son illər ərzində daşınmaz əmlakın qeydiyyatı sahəsində də bir sıra uğurlu nəticələr əldə edilibdir. Belə ki, “Doing Business” hesabatında Azərbaycan bu sahədə ön sıralarda mövqe tutub.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən çıxarışların elektronlaşdırılması prosesi həyata keçirilir. Bununla da vətəndaş öz arzusuna görə çıxarışını elektron və ya kağız formada əldə edə bilər.
Vurğulanmalıdır ki, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilibdir. Proqrama əsasasən artıq respublikanın 27 rayonunda torpaqların elektron kadastr uçotu işlərinin həyata keçirilməsinə başlanılıb və 12 rayon üzrə işlər başa çatdırılıb.
Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq dövlət əmlakının səmərəli idarəedilməsi və özəlləşdirməsi, habelə digər istiqamətlər üzrə də fəaliyyətini daha da genişləndirməyi hədəfləyib.