Dövlət mülkiyyətinin özəlləşdirilməsini tənzimləyən bir sıra normativ sənədlərin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının yerinə yetirilməsini və özəlləşdirmə prosesində vətəndaşların fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Dövlət mülkiyyətinin özəlləşdirilməsini təmin edən aşağıdakı normativ sənədlər təsdiq edilsin (əlavə olunur):
- Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında əsasnamə;
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci bəndində göstərilən normativ sənədlərdə ona həvalə olunmuş məsələləri iki həftə ərzində həll etsin.
3. Azərbaycan Respublikasının nazirliklərinə, dövlət komitələrinə, şirkətlərinə, konsernlərinə, baş idarələrinə, rayon və şəhər icra hakimiyyətlərinə tapşırılsın ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sorğusu əsasında dövlət mülkiyyətinin özəlləşdirilməsi üçün zəruri olan bütün sənədlərin və məlumatların ona verilməsini təmin etsinlər.
Heydər ƏLIYEV.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 mart 1996-cı il.
№ 451.
Azərbaycan Respublikası Prezidentinin
25 mart 1996-cı il tarixli
fərmanı ilə
təsdiq edilmişdir.
Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında
Əsasnamə
1. Bu Əsasnamə tikintisi dondurulmuş, tikintisinin normatv müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin (bundan sonra «başa çatdırılmamış tikililər» adlandırılacaq) fiziki və hüquqi şəxslər tərəfindən özəlləşdirilməsi qaydalarını tənzimləyir.
2. Başa çatdırılmamış tikililərin özəlləşdirilməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bu zaman Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi başa çatdırılmamış tikililərin satıcısı kimi çıxış edir.
3. Başa çatdırılmamış tikililər özəlləşdirilməsi məcburi sayılan obyektlərin siyahısına daxil edilir və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilir.
4. Nazirliklər, dövlət komitələri, konsernləri və şirkətləri, baş idarələr, birliklər və müəssisələr, habelə müvafiq yerli icra hakimiyyəti orqanları başa çatdırılmamış tikililər barədə qısa məlumatı (obyektin layihə gücü, tikintinin başlandığı il, yenidən qiymətləndirmədən sonra başa çatdırılmamış tikilinin qiyməti və s.) rübdə bir dəfədən gec olmayaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edirlər.
5. Özəlləşdirmə məqsədləri ilə başa çatdırılmamış tikililər təqdim edilmiş sənədlər əsasında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə»yə uyğun olaraq qiymətləndirilərək qiymətləndirmə aktı tərtib edilir. Həmin qiymətlər ilkin qiymətlər kimi qəbul edilir.
6. Ehtiyac olduqda, başa çatdırılmamış tikilinin hazırlıq dərəcəsini və görülmüş tikinti işlərinin həcmini müəyyən etmək məqsədi ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi obyektin sifarişçisi olmuş nazirliyin, dövlət komitəsinin, konsernin, şirkətin, birliyin, müəssisə və təşkilatlarının nümayəndələrini cəlb etməklə, bilavasitə yerlərdə baxış keçirir. Baxış nəticəsində xüsusi akt tərtib edilir və özəlləşdirmə qiymətləri dəqiqləşdirilir.
7. Özəlləşdirilən başa çatdırılmamış tikililərin alıcıları aşağıdakılar ola bilər:
- Azərbaycan Respublikasının vətəndaşları;
- dövlət müəssisəsi, birliyi və təşkilatı olmayan hüquqi şəxslər;
- nizamnamə kapitalında dövlətin payı 20 faizdən çox olmayan hüquqi şəxslər;
- xarici hüquqi və fiziki şəxslər.
Özəlləşdirmə zamanı bir obyekt iki, yaxud bir neçə alıcı tərəfindən şərikli satın alına bilər.
8. Başa çatdırılmamış tikililərin özəlləşdirilməsi ilə əlaqədar müraciətlər ərizə, yaxud məktub formasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilir. Həmin müraciətlərə alıcı haqqında məlumat və onun nizamnamə kapitalının tərkibini təsdiq edən sənədlər əlavə edilir.
9. Başa çatdırılmamış tikililər auksionlar və müsabiqələr vasitəsilə özəlləşdirilir.
10. Başa çatdırılmamış tikilinin tamamlanması və sonrakı istifadəsi müəyyən şərtlərin yerinə yetirilməsini tələb etdikdə həmin obyekt investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilir. Müsabiqə qalibi olan alıcı ilə müqavilə bağlanır. Müqavilədə alıcı tərəfindən ödənilən qiymət, tikintinin başa çatdırılma müddəti, obyektin başa çatdıqdan sonra istifadə edilmə profili və təyinatı, yeni iş yerlərinin yaradılması, alıcının məsuliyyəti və digər xüsusi şərtlər əks olunur.
11. Hər hansı başa çatdırılmamış tikilinin müsabiqədə özəlləşdirilməsi üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə cəmi bir müraciət daxil olarsa, obyekt birbaşa müqavilə şərtləri ilə həmin namizədə satılır.
12. Ortaqlığa verilmiş obyektlərin özəlləşdirilməsi müvafiq müqavilə şərtləri əsasında dövlətin pay hissəsini yenidən qiymətləndirilərək satılır.
13. Başa çatdırılmamış tikililərin özəlləşdirilməsi məqsədilə keçirilən auksionları və müsabiqələri Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi təşkil edir. Özəlləşdirilməsi üçün xarici fiziki və hüquqi şəxslərin müraciət etdiyi obyektlərin satışı xüsusi auksionlarda və müsabiqələrdə keçirilir. Bunun üçün başa çatdırılmamış tikilinin ilkin qiyməti beynəlxalq bazar qiymətləri əsasında müəyyən edilir.
14. Özəlləşdirilən başa çatdırılmamış tikili üzərində mülkiyyət hüququ başqasına keçdiyi üçün onun yerləşdiyi torpaq sahəsinə sahiblik yaxud istifadə etmək hüququ da qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərlə yeni mülkiyyətçiyə keçir. Həmin hüququn alıcıya keçməsi müvafiq dövlət orqanları tərəfindən rəsmiləşdirilir.
15. Başa çatdırılmamış tikililərin özəlləşdirilməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin müvafiq sərəncamları ilə təsdiq edilir.
16. Başa çatdırılmamış tikililər auksion və kommersiya müsabiqələri vasitəsilə özəlləşdirildikdə alıcı tərəfindən onların satış qiyməti tam olaraq ödənilir və həmin məbləğ bütövlüklə dövlət büdcəsinə daxil olur.
17. Özəlləşdirmədən əldə olunan vəsait müvafiq hesablara çatdıqdan və müsabiqə nəticəsində bağlanmış alqı-satqı müqaviləsində göstərilən şərtlər yerinə yetirildikdən sonra Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən alıcıya onun obyekt üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd — şəhadətnamə verilir