Torpaq fondunun elmi əsaslarla istifadəsinin təşkili və inzibatçılığı ilə bağlı İşgüzar Forum keçirilib

Torpaq fondunun elmi əsaslarla istifadəsinin təşkili və inzibatçılığı ilə bağlı İşgüzar Forum keçirilib 30.01.2019 16:25

Xaçmaz rayonunun həm kənd təsərrüfatının həmdə turizmin inkişafı baxımından torpaqda səmərəli istifadənin təşkili, torpaqların kateqoriyalarına uyğun olaraq dəyərləndirilməsi vacib  məsələlərdəndir. Ümumilikdə isə ölkə üzrə bu prosesin həyata keçirilməsi, torpaqların məhsuldarlığının artırılması iqtisadi aktivliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının sədrliyi ilə keçən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələlərə toxunulub. Qeyd edilib ki, kənd təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaqdır. Aqrotexniki tədbirlər, laboratoriyaların qurulması, torpağın düzgün təhlili əsas şərtlərdəndir. Bununla yanaşı həmin torpaqların təyinatına uyğun istifadəsi də vacib məsələlərdəndir. Nəzərə alsaq ki, Xaçmaz rayonunun münbit torpaq potensialı xeyli genişdir, bu zaman kənd təsərrüfatı torpaqlarının səmərəli və təyinatına uyğun istifadəsi ön plana keçir. Belə olan halda rayonda aqrar sahənin inkişafı daha da artırılacaq.

Tədbirdə Komitə nümayəndəsi “Torpaq idarəçiliyi və inzibatçılığının prinsipləri, bu sahədə tətbiq olunan yeni yanaşmalar”  mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, yeni yanaşmalar, modern üsullar, innovativ layihələr tətbiq edilməklə torpaq idarəçiliyinin, torpaq bazarının təşkili daha da müasirləşib. Vətəndaşlara torpaqlar ayrılan zaman qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi bildirilib, torpaqların təyinatının dəyişdirilməsi qaydaları izah edilib. Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəyi olmadan torpaqlar icarəyə verilə bilməz. Torpaq idarəçiliyində yaranan qanunpozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar izah olunub. Vurğulanıb ki, Xaçmaz rayonun Xəzər dənizi sahilində yerləşən hissəsinin istifadəsində qanunvericilik tələblərinin qorunması ilə bağlı nəzarət tədbirləri görülür.  Bildirilib ki, sahilboyu 20-50 metrlik hissədə olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq üzrə inzibati tənbeh tədbirləri tətbiq olunur, cinayət əməlləri aşkar edilmiş müvafiq hal üzrə sənədlər aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilir.

Diqqətə çatdırılıb ki, forumun keçirilməsi Komitənin torpaqla bağlı fəaliyyətinin icrasında səmərəliliyin və effektivliyin daha da artırılması məqsədi ilə yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkilində mühüm əhəmiyyət kəsb edir. Belə forumların keçirilməsi müxtəlif istiqamətlərdə əməkdaşlığın reallaşdırılmasına, bu işlərinin daha sıx həyata keçirilməsinə imkan yaradır.

Bildirilib ki, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi, vahid torpaq idarəçiliyinin həyata keçirilməsi üçün bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bazasının yaradılması istiqamətində də işlər aparılır. Ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır.

Komitə digər tərəfdən torpaqların düzgün istifadəsini təmin edən, aqrar sahənin inkişafına təkan verən  “Aqropark”ların yaradılması istiqamətində də işlər həyata keçirir. Belə ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə səmərəsiz istifadə olunan torpaqların istifadə vəziyyəti təhlil edilərək geri alınır, təyinatı dəyişdirilir.

Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilib və zəruri izahatlar verilib. Komitə tərəfindən belə maarifləndirici İşgüzar Forumlar Qazax, Ağdaş, Oğuz, Şamaxı, Cəlilabad, Salyan ,Quba, Zaqatala, Qəbələ, Tovuz, Bərdə, Lənkəran, Biləsuvar rayonlarında artıq keçirilmişdir.