Regionlarda istifadəyə verilən yeni ərazi idarələri daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğunu artırır

Regionlarda istifadəyə verilən yeni ərazi idarələri  daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğunu artırır 30.01.2019 16:25

Qeyd edək ki, yeni inzibati binanın inşası Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində baş tutub. Binada funksional xidmətlər üçün otaqlar, işçilərin inzibati otaqları, vətəndaşların gözləmə zalı, iclas zalı və Arxiv otağı mövcuddur.

Vətəndaşlara rahat və operativ xidmətin təşkili məqsədilə binanın birinci mərtəbəsində sənəd qəbulu və verilməsini təmin edən 5 əməliyyat masası yerləşdirilib. Bütün iş otaqları, iclas zalı və vətəndaşların qəbulu şöbəsi müasir avadanlıq və cihazlarla təchiz olunub. Xidmətlər zamanı növbəliliyin tənzimlənməsi məqsədilə qəbul zalında elektron növbəlilik aparatı quraşdırılıb. Ümumiyyətlə, komitənin ərazi qeydiyyat idarələrində qəbul şöbələrinin müasir əsaslarla fəaliyyətinə böyük diqqət yetirilir. Vətəndaşlara xidmət şəraitinin yüksəldilməsində qəbul şöbələrində rahat, çevik və şəffaf xidmətlərin göstərilməsinə xüsusi əhəmiyyət verilir.

Eyni zamanda binada daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi maarifləndirmə guşəsi yaradılıb. Vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatına dair müvafiq izahedici, o cümlədən, xidmət haqları və rüsumlar barədə məlumatlandırma lövhələri asılıb. Quraşdırılmış monitorlarda daşınmaz əmlakın qeydiyyatı prosedurları, zəruri sənədlər, habelə elektron xidmətlərlə bağlı məlumatların əyani surətdə əks olunması təmin edilib. Binada həmçinin ümummilli lider Heydər Əliyevlə bağlı guşə yaradılıb. Guşədə ulu öndərin Bərdə rayonuna səfərlərini, rayonda keçirdiyi görüşləri və tədbirləri əks etdirən fotostendlər qurulub.

İnzibati binada korporativ idarəetmə sistemi qurulub. Belə ki, daxili server otağı yaradılıb, daxili və xarici kompüter şəbəkəsi qurulub, mərkəzi serverlə əlaqə yaradılması üçün fiberoptik kabel çəkilərək mərkəzi serverə birləşdirilib. Binada rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr təmin edilib. Ərazi idarəsinin həyətində abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.

Yeni binada qeydiyyat prosesinin daha çevik və operativ həyata keçirilməsi məqsədilə avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemi qurulub. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib.

Yeni istifadəyə verilən binanın müasir strukturu və xidmət şəraiti müraciət edən vətəndaşlara keyfiyyətli və rahat xidmətin təşkilinə, vaxt itkisinin aradan qaldırılmasına imkan yaradacaq.  Eyni zamanda bütün bunlar nəticədə göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsinin artmasına səbəb olacaq.

Qeyd edək ki, burada həyata keçiriləcək hüquqi və  funksional yardımçı xidmətlərdən Bərdə rayonu  ilə yanaşı həmçinin  ətraf rayonların əhalisi də yararlana biləcək.

Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi indiyədək daşınmaz əmlakın qeydiyyatını aparan ərazi qeydiyyat binalarının müasir tələblərə uyğun yenidən qurulması və bu binalarda xidmət şəraitinin yüksəldilməsi istiqamətində bir sıra işlər görüb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ, Xaçmaz, Lənkəran, Şəki və Gəncə  rayonlarında yeni xidmət binaları tikilib, Bakı şəhəri üzrə 5 rayon filialının sayı artırılaraq 10-a çatdırılıb. Artıq Bakı şəhərinin 11 rayonunun hər birində müasir tələblərə cavab verən ərazi idarələri fəaliyyət göstərir. Bütün bu işlər əhalinin vaxtdan səmərəli istifadəsini və rahatlığını təmin etmək məqsədi daşıyır.

Eyni zamanda, bu gün Bərdədə daşınmaz əmlakın qeydiyyat və kadastrı sahəsində vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün hüquqi maarifləndirmə seminarı keçirilib. Seminarda Komitənin Aparatı və regional idarələrinin, aidiyyəti dövlət qurumları və ictimai təşkilatların, bələdiyyələrin, əmlak bazarı iştirakçıları, notariat orqanlarının nümayəndələri iştirak edib.

Belə maarifləndirici tədbirlərin təşkilində məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maariflənmənin təmin olunması, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır. Eyni zamanda, dövlət qurumları, əhali və digər aidiyyəti tərəflərə qeydiyyat prosesinin praktik tərəflərinin dolğun şəkildə çatdırılmasıdır.

Müasir informasiya texnologiyalarının tətbiqi ilə elektron əmlak idarəçiliyi sistemi formalaşdırılır. Bütün qeydiyyat idarələri arasında elektron məlumat mübadiləsi sistemi və korporativ kompüter şəbəkəsi yaradılıb.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində əsas hədəf müasir informasiya texnologiyalarının və korporativ idarəetmənin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsi yolu ilə vətəndaşlara göstərilən xidmətin keyfiyyətini artırmaqdır.

Görülən işlər nəticəsində qeydiyyat prosesi xeyli sadələşib. Qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Əvvəllər bu müddətlər çox idi və vətəndaşlar sənədlərini almaq üçün uzun müddət gözləməli olurdular. Sadələşmədən sonra artıq vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə digər arayışları isə 1 günə əldə edirlər.

Azərbaycan Respublikası Prezidentinin elektron xidmətlərin təşkili ilə bağlı müvafiq Fərmanından irəli gələrək komitə 2012-ci ildən etibarən elektron xidmətlərin tətbiqinə başlayıb. Komitə tərəfindən mütəmadi olaraq belə xidmətlərin tətbiqi genişləndirilib və keyfiyyət dərəcəsi artırılıb. Hazırda 22 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmətləri vahid məkanda cəmləyən www.e-emdk.gov.az portalı istifadəyə verilib. Artıq bu xidmətlər sayəsində vətəndaşlar birbaşa öz evlərindən, heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün internet vasitəsi ilə on-layn müraciət edə bilirlər.

İndiyədək bu xidmətlər vasitəsilə Bakı və respublikanın müxtəlif bölgələrindən daxil olan müraciətlərin sayı 61700-dən çox olub. Hazırda elektron xidmətlərin sayının artırılması üzərində işlər aparılır.Əsas hədəf vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, bu sahədə şəffaflıq və çevikliyi daha da artırmaqdır. Həmin müraciətlər qanunvericiliyə uyğun olaraq təmin edilib. Qısa müddət ərzində bu qədər müraciətin qəbulu vətəndaşların elektron xidmətlərimizə olan marağının sürətlə artmasının göstəricisidir.

Əmlak Məsələləri Dövlət Komitəsi 2 onlayn xidməti vətəndaşların istifadəsinə verib. Mart ayının 3-dən etibarən artıq ilk onlayn xidmətin tətbiqinə başlanılıb. Bu barədə ölkə başçısı tərəfindən 3 fevral 2014-cü il tarixli müvafiq Fərmanı da verilib. Artıq vətəndaşlar və əmlak sahibləri daşınmaz əmlaka dair yüklülük arayışlarını (Forma-1) notariuslar vasitəsilə real vaxt rejimində - onlayn əldə edə bilirlər.

Digər onlayn xidmət isə yaxın zamanda istifadə verilib. Bu xidmətdən istifadə etməklə, bundan sonra vətəndaşlar və əmlak sahibləri daşınmaz əmlakları barədə dövlət reyestrindən məlumatları internet vasitəsilə elektron şəkildə əldə edəcəklər. Yeni elektron xidmətin tətbiqi ilə artıq qeydiyyat idarələrinə bununla bağlı ərizələrin yazılmasına, idarələrə müraciət edilməsinə ehtiyac qalmayacaq. Bu elektron xidmətdən istifadə etməklə mülkiyyətçi sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla heç bir yerə getmədən internet vasitəsilə tanış olacaq.

Komitə artıq aprel ayından başlayaraq vətəndaşlara, o cümlədən xüsusi təbəqədən olan insanlara daşınmaz əmlakın qeydiyyatı sahəsində mobil ofislər vasitəsilə ünvanlarda xidmətlərin göstərilməsinə start verib. Artıq əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşların öz əmlakları üzərində hüquqlarını qeydiyyatdan keçirmək üçün əmlak qeydiyyatı idarələrinə getmələrinə ehtiyac qalmayıb.

Ünvanlarda göstərilən xidmətlərdə məqsəd qeydiyyat xidmətlərini vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırmaq, vətəndaş məmnunluğunu artırmaqdır. 

Daxil olan müraciətlər əsasında indiyədək Bakı, Sumqayıt, Gəncə,  Mingəçevir və Yevlax şəhərləri, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy, Ağdaş, Qax, Balakən, Ağstafa, Qazax, Göyçay, Kürdəmir, Zərdab, Salyan, Sabirabad, Saatlı, Neftçala, Hacıqabul, Ağcabədi, Füzuli, İmişli, Tərtər, Ağdam, Naftalan və Goranboy rayonlarında, həmçinin bu şəhər və rayonların mərkəzdən uzaq kənd və qəsəbələrində mobil ofislər vasitəsilə vətəndaşlara qeydiyyat xidmətləri göstərilib. Bu xidmətlər fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlaka dair plan-sxemin, texniki pasportların tərtibi ilə bağlı sənədlərin qəbulundan ibarətdir. İndiyədək mobil ofislər vasitəsilə qeydiyyat xidmətləri göstərilən vətəndaşların sayı 2700-ü ötüb.