Sahibkarlığın güzəştli maliyyələşdirilməsində yeni mexanizmlərə və Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinq keçirilib

Sahibkarlığın güzəştli maliyyələşdirilməsində yeni mexanizmlərə və   Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinq keçirilib 30.06.2020 15:59
İyunun 30-da İqtisadiyyat Nazirliyində Azərbaycan iqtisadiyyatında yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılmış Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinq keçirilib.
Mətbuat nümayəndələrinin iştirakı ilə keçirilmiş brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov dünya enerji və fond bazarlarında durğunluq, koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin və yaranmış yeni çağırışların milli iqtisadiyyata təsirləri barədə məlumat verib. Qeyd edilib ki, pandemiyanın mənfi təsirləri və neftin qiymətinin qeyri-sabitliyi nəticəsində iqtisadi fəallıq azalıb, iqtisadi tarazlıq pozulub, tətbiq edilmiş məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırılmalara səbəb olub. Bununla belə, iqtisadiyyatda müşahidə olunan durğunluğa baxmayaraq, milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb. Bunun əsas səbəbi son illərdə ölkədə aparılan ardıcıl islahatlar, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın şəffaflaşdırılması tədbirləridir. Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında hökumət milli iqtisadiyyata zərərləri minimallaşdırmağa çalışır.
Diqqətə çatdırılıb ki, iqtisadiyyata geniş dəstək paketini əhatə edən proqramlar təxirəsalınmaz maliyyə dəstəyinin həyata keçirilməsini, ortamüddətli dövr üçün biznesin fəaliyyəti ilə bağlı requlyativ yumşaldılmaları, biznes və investisiya mühitinin cəlbediciliyinin daha da artırılmasını nəzərdə tutur. İqtisadiyyat naziri artıq 129 mindən çox sahibkara maliyyə dəstəyi göstərildiyini, bu proqramların işçi heyəti ilə birlikdə 310 mindən artıq vətəndaşı əhatə etdiyini bildirib. Aktiv vergi ödəyicilərinin əksəriyyəti dövlətdən dəstək alıb və indiyədək 155 milyon manatdan çox maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb.
Biznesə vergi güzəştləri paketi barədə məlumat verən İqtisadiyyat naziri qeyd edib ki, qəbul edilmiş vergi və sosial güzəştlər paketinin ümumi maliyyə dəyəri 130 milyon manatdır. Güzəştlər pandemiyanın təsirinə məruz qalan mikro, kiçik və orta sahibkarlıq subyektlərini, bəzi dəyişikliklər isə bütövlükdə hər bir vergi ödəyicisini əhatə edir. Bu güzəştlər paketi, ortamüddətli dövr üçün sahibkarların vergi və sosial yükün azaldılmasına səbəb olacaq, onlara öz gəlirlərini bərpa etməyə və biznesini inkişaf etdirməyə, bütünlükdə özəl sektorun genişlənməsinə zəmin yaradacaqdır.
Mikayıl Cabbarov sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlığın maliyyələşdirmə alətlərinin genişləndirildiyini diqqətə çatdırıb. Belə ki, sahibkarlar üçün dövlət zəmanəti olmayan 1 mlrd. manat həcmində mövcud kredit portfelinə dəstək, eləcə də 500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti verilməsini və faizlərin subsidiyalaşdırılmasını ehtiva edən 2 yeni mühüm proqramın həyata keçirilməsinə başlanılır.
Yeni mexanizmlər biznes krediti vəsaitinin alınması prosedurlarının asanlaşdırılması və inzibatçılığın sadələşdirilməsini də nəzərdə tutur. Dövlət zəmanətli kreditləşdirmənin vasitəçisi kimi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu çıxış edir. Sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb (www.e-edf.gov.az). Belə ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edəcək.
Bildirilib ki, müvəkkil kredit təşkilatlarının iştirakı ilə elektron platforma üzərindən dövlət dəstəyinin həyata keçirilməsi mexanizmi MDB-də ilk dəfə Azərbaycanda tətbiq olunur. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur mudaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradır. Eyni zamanda, kredit üçün müraciət sistemi sahibkar tərəfindən izlənə bilən rəqəmsal həllə söykənir. Elektron Kredit Platforması artıq sahibkarların istifadəsinə verilib.
Ortamüddətli dövrdə inkişaf trendlərinə toxunan Mikayıl Cabbarov qlobal risklərin mövcudluğu şəraitində iqtisadiyyatın artım sürətini saxlamaq üçün yeni yollarının tapılmasının vacibliyini bildirib, şaxələndirilmiş qeyri-neft sektorunun formalaşdırılmasının, ixracyönümlü iqtisadi artım modelinin uzunmüddətli dövrdə inkişafın əsas strateji xətti olacağını diqqətə çatdırıb. Qeyri-neft sektorunun inkişafı, xarici faktorlardan asılı olmayan daxili istehsal zəncirinin tamamlanması ilə bağlı yeni yanaşmalar tətbiq ediləcək.
İqtisadi inkişaf tempini yenidən bərpa etmək üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyaların cəlb edilməsinin əhəmiyyətini vurğulayan Mikayıl Cabbarov sənaye zonalarının və aqroparkların inkişafına diqqət yetiriləcəyini qeyd edib. Bildirilib ki, hazırda sənaye zonalarında 150-200 mln. dollarlıq yeni layihələrin həyata keçirilməsi imkanlarına baxılır. Layihələr üzrə danışıqlar yekunlaşmaq üzrədir və artıq bir sıra layihələr bu il Sumqayıt Kimya-Sənaye Parkında fəaliyyətə başlaya bilər.
Nazir həmçinin, yeni investisiya və özəlləşdirmə strategiyasının tətbiq olunması, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliyinin artırılmasının, səmərə gətirməyən sahələrə özəl sektorun cəlb edilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, biznesə dəstək alətlərinin artacaq, iqtisadi idarəetmənin keyfiyyəti və səmərliliyi yüksəldiləcək.
Hazırda bir çox transmilli şirkətlər fəaliyyətlərinin diversifikasiyası çərçivəsində bizneslərini vahid məkanlardan çıxardaraq müxtəlif ölkələrdə yerləşdirilməsini həyata keçirirlər. Bu Azərbaycan kimi ölkələr üçün əlverişli imkandır və ölkəmiz yaranmış bu fürsətlərdən yararlanmaq niyyətindədir. Mövcud olan siyasi-iqtisadi və makroiqtisadi sabitlik, inkişaf etmiş nəqliyyat dəhlizləri nöqteyi-nəzərdən Azərbaycan cəlbedici məkan olaraq görünür və regionda mövcud olan rəqabətə baxmayaraq, ölkəmiz belə sərmayələri cəlb etməyə çalışacaq.
Nazir ölkəmizin tranzit potensialının daha dolğun reallaşmasına yönələn layihələrin həyata keçiriləcəyini, bu məqsədlə infrastrukturun genişləndirilməsinə sərmayələrin artacağını qeyd edib.
Bununla yanaşı, xarici investisiya fondlarının Azərbaycana marağı müşahidə olunur. Hazırda bu istiqamətdə xarici kapital mənbələri hesabına fəaliyyət göstərən fondların təsis edilməsi istiqamətində danışıqlar aparılır.
Yeni iqtisadi şərait bir sıra fəaliyyət sahələrinin əhəmiyyətini önə çəkir. Bu xüsusilə, rəqəmsallaşmanın, innovasiya ekosisteminin inkişaf etdirilməsidir. Azərbaycanın 4-cü Sənaye İnqilabının çağırışlarını qəbul etdiyini bildirən Mikayıl Cabbarov ölkəmizin texnoloji sıçrayış və innovativ həllərlə regionun rəqəmsal mərkəzinə çevrilməsi imkanlarının böyük olduğunu, bu sahədə regional mərkəzin təşkil edilməsini və rəqəmsal iqtisadiyyatın inkişafına nail olmağı hədəflədiyini diqqətə çatdırıb.
Hazırki şəraitə gəlincə isə, istər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də, sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir. Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və davranışlarımız, xüsusilə sahibkarların qaydalara riayət etməsi iqtisadi fəallığa təsir edir. Birgə səylərlə biznes tədricən iqtisadi itkiləri bərpa edəcək.
Mikayıl Cabbarov “kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində strateji xəttin davam etdiriləcəyini diqqətə çatdırıb və bu sahədə indiyədək həyata keçirilən təşviqedici alətlərin müsbət nəticələrini vurğulayıb. Əmək müqavilələrinin bağlanması üçün aparılmış islahatlar nəticəsində son 18 ayda 210 mindən çox yeni əmək müqaviləsinin bağlandığını bildirən nazir bunun iş yerlərinin leqallaşmasında önəmini vurğulayıb. Ticarət və xidmət müəssisələrində ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı tətbiq olunan onlayn platforma isə iqtisadi dövriyyənin şəffaflaşmasına, bu prosesə ictimai nəzarətin təmin edilməsinə imkan yaradıb. Belə təşviqedici onlayn platformaların gələcəkdə daha geniş tətbiq olunacağı qeyd edilib.
Sonra tədbirdə Elektron Kredit Platformasının təqdimatı keçirilib. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifəsini icra edən Samir Hümbətov onlayn müraciət Platforması, kredit alınması üçün müraciət edilməsi qaydaları, kredit şərtləri və s. barədə məlumat verib, həyata keçirilən 2 kredit proqramının şərtlərini şərh edib.
Tədbirdə media nümayəndələrinin sualları cavablandırılıb.