“Azərbaycanda Daşınmaz Əmlakların Kütləvi Qiymətləndirilməsi Layihəsi”nin İctimai Təqdimatı keçirilib

“Azərbaycanda Daşınmaz Əmlakların Kütləvi Qiymətləndirilməsi Layihəsi”nin İctimai Təqdimatı keçirilib 30.01.2019 16:25

İctimai təqdimatın təşkilində məqsəd isə bu layihənin mahiyyəti, sosial-iqtisadi, hüquqi faydaları, investisiya, biznes mühiti və daşınmaz əmlakla bağlı hüquqi əməliyyatlara müsbət təsiri barədə ictimaiyyəti məlumatlandırmaqdır. Həmçinin bu proses nəticəsində əmlakların kadastr (inventar) qiymətlərinin real bazar qiymətinə uyğunluğu ilə ölkədə daşınmaz əmlakın iqtisadi əsaslara söykənən qiymətləndirilməsini ictimaiyyətə açıqlamaqdır. Eyni zamanda, qiymətləndirmə meyarları və metodları, iqtisadi aspektləri və modelləri, bu sahədə ilkin mərhələdə görülmüş işlər və gələcəkdə nəzərdə tutulan tədbirlər barədə ictimaiyyətə məlumat verməkdir.

Tədbiri giriş sözü ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov açıq elan edib. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi islahatların gedişində çoxlu sayda daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi zərurəti qeyd olunub. Vurğulanıb ki, Əmlak Məsələləri Dövlət Komitəsi də Layihənin icrasında məsul qurum kimi, ilk dəfə milli səviyyədə daşınmaz əmlakların qiymətləndirilməsinin təşkilini həyata keçirir və qiymətləndirmə fəaliyyətinə nəzarəti həyata keçirir. Bu vəzifə daşınmaz əmlakların bazar qiymətlərini təhlil etməklə yerinə yetirilir. Bu fəaliyyət istiqamətində iş keyfiyyətinin artırılması məqsədi ilə davamlı olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Qeyd olunub ki, kütləvi qiymətləndirmə layihəsi Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində həyata keçirilir. Bu sahədə beynəlxalq təcrübə və standartlar öyrənilib və layihənin icrasına beynəlxalq ekspertlər cəlb edilib. Bu təcrübədən irəli gələrək ölkə iqtisadiyyatına uyğun qiymətləndirmə meyarları və metodları müəyyən edilərək tətbiq edilib.

Sədr müavini bu layihənin faydalarından bəhs edərkən layihənin daşınmaz əmlaka iqtisadi yanaşmanın inkişafını təmin edəcəyini bildirib. Qeyd olunub ki, Layihə dövlətin ölkədə daşınmaz əmlaka münasibətdə öz sosial-iqtisadi siyasətinin və məqsədlərinin daha dəqiq  formalaşdırılmasına dəstək verəcəkdir. Daşınmaz əmlakların rəsmi bazar dəyərinin təyin olunması sosial subsidiyalar, ipoteka, sığorta, daşınmaz əmlak sənayesinə investisiyaların qoyuluşu, alqı-satqı əməliyyatları, əmlak bazarı üzrə dövlət statistikalarının aparılması kimi sahələrdə mühüm əhəmiyyətə malikdir. Bu baxımdan daşınmaz əmlakların iqtisadi və digər parametrlərə əsasən növbənöv müfəssəl qiymətləndirilməsi çox önəmlidir. Kütləvi qiymətləndirmə sisteminin Azərbaycanda qurulması qeyd edilən məsələlərin həllində öz töhfəsini vermiş olacaqdır.

Qeyd edək ki, Layihə ilk olaraq Sumqayıt şəhərində həyata keçirilib. Tədbirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Seymur Əliyev Sumqayıtda icra olunan “Daşınmaz Əmlakın Kütləvi Qiymətləndirilməsi” Pilot Layihəsinin mahiyyəti və sosial-iqtisadi faydaları ilə bağlı çıxış edib. Bildirilib ki, kütləvi qiymətləndirmə sistemi elektron qaydada bir dəfəyə böyük sayda (milyonlar) daşınmaz əmlakların sosial-iqtisadi parametrlər və hüquqi əməliyyatlar baxımından qiymətləndirilməsidir. Ümumilikdə bu proses zamanı daşınmaz əmlak bazarının təhlili, məlumatların toplanması həyata keçirilir, keyfiyyətə nəzarət və dəyərin müdafiəsi təmin edilir. Eyni zamanda, daşınmaz əmlak bazarında məlumat bankı hazırlanır və bu məlumatların etibarlılığı yoxlanılır. Bazar məlumatlarının reyestrindən istifadə edərək həmin məlumatlar əsasında zona dəyər xəritələri hazırlanır. Statistik təhlillər aparılır, əmlakın qiymətini formalaşdıran faktorlar müəyyən edilir. Qiymətləndirmə modellərinin hazırlanması, bu modelləri bütün əmlaklara tətbiq etməklə qiymətləndirilməsi təmin edilir. Bütün istifadəçilərin maraqlarını təmin etmək üçün məlumat almaq imkanları yaradılır. Bu sistemin əsas üstünlüyü əlavə maliyyə resursları və vaxt tələb etmədən məlumat bankındakı rəqəmlərdən istifadə etməklə çoxlu sayda daşınmaz əmlakların elektron qiymətləndirilmə imkanının olmasıdır.

Tədbirdə Sloveniyalı ekspert Duşan Mitrovic pilot Layihənin texniki tərəfləri, kütləvi qiymətləndirmə modelləri, bazar məlumatlarının toplanması mexanizmi və layihənin nəticələri barədə təqdimatla çıxış edib.

Sumqayıt şəhərində pilot layihənin icrası nəticəsində 80.000 (səksən min) daşınmaz əmlak qiymətləndirilmişdir. Daşınmaz əmlakların bazar məlumatlarını özündə əks etdirən Bazar Məlumatları Reyestri sistemi qurulmuşdur. Eyni zamanda, kütləvi və fərdi qiymətləndirməni həyata keçirən müvafiq sistem və daşınmaz əmlak bazarına dair İctimai Portal (Public View) yaradılıb. Bu sistemlər beynəlxalq ekspertlərin rəyinə görə dünyada bu sahədə ən yaxşı sistemlərdən biri hesab edilə bilər.

Qeyd edək ki, Daşınmaz Əmlakın Kütləvi Qiymətləndirilməsi Layihəsinin respublikanın digər regionlarında da icrası nəzərdə tutulur. Belə ki, Quba və Xaçmaz rayonlarında kütləvi qiymətləndirmə pilot layihəsinin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır. Layihənin 2015-ci ilin iyun-sentyabr aylarında reallaşması gözlənilir.