Müqavilə onlayn göndəriləcək
Yeni xidmət notariuslarda bağlanan əmlak alqı-satqı müqavilələrinin onlayn rejimdə birbaşa olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) göndərilməsini nəzərdə tutur.
Nəticədə alqı-satqı müqavilələri notariusdan onlayn formada birbaşa DƏDRX-ə göndərildiyinə görə, vətəndaşların sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb. Yəni, alqı-satqıdan sonra vətəndaşların tərəfindən müqaviləni DƏDRX-ə aparması zərurəti aradan qalxıb. İndi əmlakın yeni sahibi qeydiyyat idarəsinə cəmi 1 dəfə – öz adına olan «çıxarışı» götürməyə gedir.
Bu yalnız əmlakın alqı-satqısına deyil, vərəsəlik, bağışlanma və digər hallara da aiddir. Başqa sözlə, notariat kontorlarında daşınmaz əmlakın alqı-satqısı, vərəsəlik, bağışlanma və s. əməliyyatlar zamanı bağlanan müqavilə notariusdan birbaşa DƏDRX-in ərazi idarəsinə göndəriləcək və əmlak avtomatik olaraq öz yeni sahibinin adına qeydiyyatdan keçəcək. Nəticədə, vətəndaş DƏDRX-ə cəmi bir dəfə - «çıxarış» götürməyə gedəcək. Bu yenilik daşınmaz əmlakın qeydiyyatını əhəmiyyətli dərəcədə sadələşdirmiş, qeydiyyat prosedurlarının sayını minimuma endirərək, vaxt itkisi və əlavə müraciətləri aradan qaldırmışdır.
5 addımdan 2 addıma
Ümumiyyətlə, son illər ƏMDK-nin apardığı məqsədyönlü tədbirlər, o cümlədən elektron və onlayn xidmətlərin aktiv surətdə tətbiqi nəticəsində qeydiyyat prosesi aşkar dərəcədə sadələşib. Müqayisə üçün bildirək ki, əvvəllər alqı-satqı prosesi üçün vətəndaşlar 4 mərhələdən keçməli olurdular. Belə ki, ilk növbədə əmlakın sahibi onun yüklü və ya həbsdə olub olmaması barədə məhdudiyyət arayışı almaq üçün ərazi idarəsinə müraciət etməli, ikinci mərhələdə bu arayışı ərazi idarəsindən almalı, üçüncü mərhələdə tərəflər notariusda alqı-satqını həyata keçirməli, dördüncü mərhələdə əmlakın yeni sahibi əmlakı öz adına rəsmiləşdirmək üçün alqı-satqı müqaviləsini ərazi idarəsinə təqdim etməli, nəhayət, 5-ci mərhələdə əmlakın yeni sahibinin adına «çıxarışı» götürməli idi. Başqa sözlə, vətəndaş əmlak alqı-satqısında 4-ü DƏDRX və biri notarius olmaqla 5 dəfə müraciət etməli olurdu.
Son illər atılan addımlar nəticəsində isə bu prosedurların sayı 2-yə enib. Belə ki, 2014-cü ilin aprelindən məhdudiyyət arayışlarının notariat kontorlarında onlayn verilməsinə başlanıb. İndi isə alqı-satqı müqaviləsi ərazi idarəsinə birbaşa göndəriləcək. Nəticədə indi əmlak alqı-satqı prosesi üçün cəmi 2 addım kifayətdir: 1) notariusda alqı-satqı müqaviləsinin imzalanması, 2) əmlakın yeni sahibinin adına olan «çıxarış»ın götürülməsi.
Mərhələlər |
Əvvəl |
İndi |
|
|
Addım |
Forması |
Addım |
Forması |
|
Məhdudiyyət arayışının alınması |
1.Məhdudiyyət arayışının alınması üçün müraciət |
Ərazi idarəsinə getmək |
Məhdudiyyət arayışı onlayn alınır, alqı-satqı müqaviləsi bağlanır və notariusdan ərazi idarəsinə onlayn göndərilir |
Notariusa getmək |
2. Arayışın götürülməsi |
Ərazi idarəsinə getmək |
|||
Alqı-satqı |
3. Alqı-satqı müqaviləsi bağlanır |
Notariusa getmək |
||
Yeni sahibin adına «çıxarış» sənədinin alınması |
4. Alqı-satqı müqaviləsinin notariusdan götürülərək ərazi idarəsinə verilməsi və «çıxarış» üçün müraciət edilməsi |
Ərazi idarəsinə getmək |
||
5. «Çıxarış»ın alınması |
Ərazi idarəsinə getmək |
«Çıxarış» alınır |
Ərazi idarəsinə getmək |
|
Ümumi |
5 addım |
5 müraciət |
2 addım |
2 müraciət |
Müqavilələr onlayn necə göndərilir
Komitənin digər onlayn xidmətləri kimi, haqqında danışılan yeni onlayn xidmət də Daşınmaz Əmlakın Milli Qeydiyyatı Sistemi (MQS) əsasında fəaliyyət göstərir. Belə ki, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı alqı-satqı müqaviləsi bağlandıqdan sonra müqavilə barədə məlumatlar onlayn rejimdə Sistemə ötürülür. Sistemdə avtomatik olaraq daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ərizənin nömrəsi və çıxarışın hazır olma tarixi bəlli olur. Bu barədə vətəndaşa elektron və kağız formada bildiriş verilir.
Ödənişlər onlayn aparılır
Yeni onlayn xidmətdən istifadə zamanı dövlət rüsumu və xidmət haqqını da onlayn qaydada ödəmək mümkündür. Ümumiyyətlə, ödənişləri bank, elektron hökumət portalı, ödəniş terminalları vasitəsilə aparmaq olar. Alqı-satqı zamanı isə ərizəçi birbaşa notariat kontorunda quraşdırılmış onlayn ödəniş terminallarında ödənişlər edə bilir. Yəni ödəniş etmək üçün əlavə yerə getməyə ehtiyac qalmır.
Qeydiyyatdan yayınmaq problemi həll ediləcək
Yeni onlayn xidmət təkrar daşınmaz əmlak bazarında aktivliyi artıracaq, alqı-satqı proseslərinin daha operativ həyata keçməsini təmin edəcək. Alqı-satqıların az qala avtomatik baş verməsi və vaxt itkisinin aradan qalxması əmlak sahiblərini daha çevik qərar verməyə həvəsləndirəcək. Amma bu məsələnin yalnız bir tərəfidir. Alqı-satqı müqavilələrinin avtomatik olaraq qeydiyyat idarəsinə göndərilməsi əmlak bazarında çoxdan bəri mövcud olan digər problemin həllinə səbəb olacaq. Belə ki, bəzi hallarda alqı-satqıdan sonra əmlakın yeni sahibi əmlakı öz adına rəsmiləşdirməyə tələsmirdi. Nəticədə həmin əmlak faktiki olaraq dövriyyədən kənarda qalır, onunla əməliyyatların aparılması, o cümlədən vərəsəliyə ötürülməsi çətinləşirdi. Bəzi hallarda bu sadəcə məsuliyyətsizlik səbəbindən baş verirdi. Bəzi hallarda isə əmlakın yeni sahibi bilərəkdən əmlakı öz adına rəsmiləşdirməyə tələsmirdi. Bu isə müəyyən vəziyyətlərdə mənfi hallara səbəb olurdu. ƏMDK-nin yeni xidməti ilə qeydiyyatın avtomatik həyata keçirilməsi belə halların qarşısını almağa da imkan yaradacaq.