Əmlak Məsələləri Dövlət Komitəsi bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyi bağlı İşgüzar Forum keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi bələdiyyə torpaqlarının  qeydiyyatı və idarəçiliyi bağlı İşgüzar Forum keçirib 30.01.2019 16:25

Bu tapşırıqların icrası məqsədilə Komitə tərəfindən ardıcıl tədbirlərin həyata keçirilməsi davam etməkdədir. Bu istiqamətdə mütərəqqi addım Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində  “bir pəncərə” prinsipinin tətbiqidir. Qeyd olunub ki, Forumun məqsədi torpaq münasibətlərinin tənzimlənməsində tətbiq edilən “bir pəncərə” prinsipinin mahiyyəti, bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda, bələdiyyə torpaqlarının mülkiyyətə, icarəyə və istifadəyə verilməsində komitə, bələdiyyələr və aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi və əmlak məsələlərinin həlli yollarının birgə müzakirəsidir.

Sədr müavini bildirib ki, respublika üzrə mülkiyyət hüquqlarının təmin olunmasında vətəndaş və bələdiyyə iştirakı tələb olunan bütün hüquqi əməliyyatlar bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrində aparılır. Belə ki, bələdiyyələrə və vətəndaşlara çıxarışların verilməsi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, texniki sənədlərin tərtibi kimi işlər “bir pəncərə”də həll olunur. Eyni zamanda, bura torpaqların təyinatı, istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, kateqoriyasının dəyişdirilməsi kimi torpaq məsələlərində rəylərin alınması da aiddir.  Artıq bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda qeydiyyata aldıra bilirlər. Müraciətdən sonrakı proses Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin öz fəaliyyətini komitənin digər qurumları ilə elektron qaydada əlaqələndirməklə  həyata keçirilir. Bununla da, vətəndaş, eləcə də bələdiyyə hər hansı sənədləşdirmə işində iştirak etmir, hər hansı qurumla təmasda olmurlar. “Bir pəncərə” prinsipinin tətbiq edilməsilə, əvvəllər mövcud olan uzun prosedurlar aradan qalxıb. Nəticədə torpaq və əmlak idarəçiliyində operativlik, rahatlıq, əlçatanlıq və şəffaflıq kifayət qədər yüksəlib.

Yeniliyin tətbiqi nəticəsində artıq bələdiyyələr də müvafiq torpaq sahəsinin göstəriciləri barədə rəyi də bir ünvana müraciət etməklə əldə edə bilir. Bələdiyyə torpağının mülkiyyətə, icarəyə və ya istifadəyə verilməsi zamanı bələdiyyə tərəfindən həmin torpaq sahəsinin hansı kateqoriyaya aid olması, iqtisadi qiymətləndirməsi, bontirovkası və digər göstəricilərlə bağlı rəyin alınması “bir pəncərə” qaydasında həll olunur.

Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə “Bələdiyyə mülkiyyətinin və əmlakının qanunvericiliyə uyğun tənzimlənməsi” mövzusunda çıxış edib. O, bələdiyyə mülkiyyətinin qanunvericiliyə uyğun olaraq idarə edilməsi, dövlət reyestrində qeydiyyatının əhəmiyyəti, belə mülkiyyətin tənzimlənməsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə toxunub.

Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsinin bələdiyyə torpaqlarının qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi prosesi barədə təqdimatla çıxışı olub. Tədbirdə həmçinin torpaqların dövlət idarəetməsi, bələdiyyə mülkiyyəti ilə bağlı rəylərin verilməsi, torpaqların təyinatı məsələləri ilə bağlı çıxışlar dinlənilib və birgə müzakirələr aparılıb.

Qeyd edək ki, bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi ilə əlaqədar hərrac və ya müsabiqəyə çıxarılması məqsədilə zəruri tədbirlər görülüb. Belə ki, müvafiq hərrac komissiyaları təşkil edilib, bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi üçün  müsabiqə və hərraclar keçirilib.

Forumda qeyd olunub ki, bu il torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bütün respublika üzrə İşgüzar Forumlar keçirilib. Bu tədbirlər torpaq münasibətlərinin tənzimlənməsi, mühafizəsi, qorunması, təyinatı, kateqoriyası üzrə istifadəsi sahəsində müasir yanaşmaların və yeni idarəetmə mexanizmlərinin tətbiqinə aid olub. Bu sahələrdə aidiyyəti dövlət qurumları, bələdiyyələr və torpaq müfəttişlərinin hüquq və vəzifələri çatdırılıb. Forumların məqsədi torpaqların mühafizəsinə və istifadəsinə dövlət nəzarətinin həyata keçirilməsi, belə torpaqlardan təyinatına zidd istifadə hallarının qarşısının alınması olub. Eyni zamanda, torpaqların dövlət idarəçiliyi və torpaq bazarının təşkilində komitənin fəaliyyətini aidiyyəti dövlət orqanları, yerli icra hakimiyyətləri, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək olub.

Bildirilib ki, torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətində yeni prinsiplər və mexanizmlər tətbiq edilir. Torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. Qeyd olunub ki, Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişləri bütün respublika üzrə torpaq qanunvericiliyinin tələblərinin icrasına nəzarət edirlər. Müfəttişlər dövlət torpaqlarında mütəmadi qaydada  monitorinq və müşahidələr aparır. Aşkar edilmiş qanun pozuntuları ilə bağlı torpaq və inzibati xətalar barədə qanunvericiliyə əsasən inzibati cərimələr və sanksiyalar tətbiq olunur. Mühafizə zonaları ilə bağlı müvafiq qərarların tələblərinə riayət olunması məqsədilə də zəruri tədbirlər həyata keçirilir. Dəmir yolu, avtomobil yolları, elektrik xətləri, qaz təchizatı, ixrac neft boru və su mühafizə zonalarının sərhədləri, sahil mühafizə zolaqları ilə bağlı tələblərə əsasən torpaqların istifadəsinə nəzarət edilir. Mühafizə zolaqlarında qanunla müəyyən edilmiş məsafələr nəzərə alınmamaqla tikintilərin aparılmasının qarşısı alınır.

Forumun sonunda qeyd olunub ki, “bir pəncərə” sisteminə keçid sayəsində əvvəllər həm vətəndaşların, həm də bələdiyyələrin qarşılaşdıqları çətinliklər və maneələr aradan qalxıb. Göstərilən xidmətlərdə çeviklik və şəffaflıq əhəmiyyətli dərəcədə artıb.