Bütün bu əməliyyatları Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində həll etmək daha çevik və rahatdır. Belə kampaniyalar vaxta qənaət etməyə, əlverişli şəraitdə hüquqi hərəkətləri həyata keçirməyə, əlavə idarələrə getməməyə şərait yaradıb. Komitənin mobil ofisləri ərazi qeydiyyat idarələrində göstərilən ənənəvi xidmətlərdən idarələrə gələ bilməyən, hərəkət məhdudiyyəti olan insanların da faydalanmasını təmin edir. Bu cür imkanların yaradılmasında məqsəd xidmətlərdə vətəndaş amilinin önə çəkilməsi, sosial məmnunluğun yüksəldilməsi və hüquqi cəhətdən etibarlı mülkiyyət sahiblərinin sayının artırılmasıdır.
Xatırladaq ki, kampaniya çərçivəsində pay torpaqları , mənzillər, fərdi həyət evi və digər mülkiyyət barədə müxtəlif vaxtlarda vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunur. Eyni zamanda, daşınmaz əmlak və torpaq sahələri ilə bağlı əvvəlki illərdə verilən aktlar və digər ilkin sənədlər qəbul edilir.
“Kütləvi çıxarış” kampaniyası artıq intensivləşib, hər ay bir neçə dəfə olaraq həm Bakı, həm regionlarda keçirilir. Artıq paytaxtın Səbail, Sabunçu və Xətai rayon sakinləri kampaniyadan faydalanıb. Qarşıdakı dövrdə paralel olaraq həm Bakı, həm də regionlar üzrə kampaniyanı davam etdiriləcək.
Qeyd edək ki, indiyədək respublika üzrə 6000-ə yaxın vətəndaş kampaniyada iştirak edərək dövlət reyestrindən çıxarış əldə edə bilib.