Azərbaycan Respublikasının Prezidentinin verdiyi tapşırıqlara əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikanın müxtəlif regionlarında vətəndaş qəbulları keçirilir. Belə qəbullarda vətəndaşların müraciətlərinə baxılır, onların qarşılaşdığı müxtəlif məsələlərin həlli istiqamətində zəruri tədbirlər görülür.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun regionlarda vətəndaşlarla keçirdiyi görüşləri davam edir.
Komitə sədrinin növbəti belə vətəndaş qəbulu 11 mart 2014-cü il tarixində Mingəçevir şəhərində baş tutub. Vətəndaş qəbulunda Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarından olan vətəndaşlar iştirak edib.
Komitə sədri görüşdə vətəndaşların müraciətlərində səsləndirdikləri məsələlərlə yaxından tanış olub, təklif və xahişlərini dinləyib.
Səsləndirilən müraciətlər daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, komitədə işə qəbul, sosial vəziyyət və digər məsələlərlə bağlı olub.
Vətəndaşlar tərəfindən komitənin səlahiyyətləri ilə birbaşa bağlılığı olmayan məsələlər də səsləndirilib. Həmin məsələlərlə bağlı vətəndaşlara məsləhətlər verilib və qanunvericiliyin tələbləri izah olunub.
Komitə sədri Kərəm Həsənov Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bir sıra məsələlərin operativ həlli üçün komitə sədri tərəfindən dərhal göstərişlər verilib, qaldırılan müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapıb.
Ümumilikdə görüşdə iştirak edən vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi qaydalar açıqlanmış, müvafiq izahatlar verilmişdir. Araşdırılma tələb olunan müraciətlər qeydiyyata alınmışdır. Həmin müraciətlərin nəticələri barədə araşdırmadan sonra vətəndaşlara məlumat veriləcəyi bildirilmişdir.
Qarşıdakı dövrdə komitə sədri tərəfindən növbəti belə vətəndaş qəbullarının keçirilməsi davam etdiriləcəkdir.