Qiymətləndirmə işləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin peşəkar qiymətləndiriciləri tərəfindən həyata keçirilir. Bu qiymətləndiricilər bir sıra beynəlxalq qiymətləndirmə sertifikatlarına malikdirlər. Dünya Bankının xətti ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində nüfuzlu beynəlxalq qiymətləndiricilərin apardığı təlimlərdə beynəlxalq sertifikatlar əldə ediblər. Belə ki, onlar dövlət xətti ilə 2 dəfə daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində uğurlu siyasət aparan Malayziyada 2014 və 2015-ci illərdə uzunmüddətli qiymətləndirmə təlimlərində iştirak edib və yekun müsabiqə zamanı 17 ölkə arasında 2-ci yeri tutublar.
Qiymətləndirmə prosesi milli və beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun şəkildə aparılır. Belə ki, Reyestr Xidmətində bütün növ daşınmaz əmlaklar barədə atributiv bazar məlumatlarını özündə ehtiva edən Bazar Məlumatları Bankı yaradılıb. Bu baza son 10 il ərzində bütün ölkə ərazisində rəsmi dövriyyədən keçmiş (notarial qaydada təsdiq edilən alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində rəsmi qeydiyyatdan keçmiş) daşınmaz əmlakları ehtiva edir. Bu bankda 400 mindən artıq daşınmaz əmlaklar barədə məlumatlar toplanıb. Həmçinin, özəl qiymətləndiricilər tərəfindən həyata keçirilən qiymətləndirmə işlərinin ekspertizası da aparılır.
Xidmətdə daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar üçün ödənişlər Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq tənzimlənir. Bu əməliyyatlara qiymətləndirmənin aparılması, məlumat bankından məlumatların verilməsi, ekspertizanın aparılması aiddir. İstənilən hüquqi və fiziki şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə müraciət edərək yeni yaradılmış bu xidmətdən istifadə edə bilərlər.