Tədbir çərçivəsində nümayəndə heyəti daşınmaz əmlakın və torpaqların kadastrı ilə bağlı layihələr və əmlaka dair mövcud informasiya sistemləri ilə tanış olublar. Bildirilib ki, bu sistemlərə Milli Avtomatlaşdırılmış Əmlak Sistemi, Torpaqların Elektron Uçotu İnformasiya Sistemi, Ünvan Reyestri İnformasiya Sistemi və Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi aiddir.
Qeyd olunub ki, Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılmaqdadır. Bu istiqamətdə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı xüsusi vurğulanıb. Fərmanın məqsədi torpaqların elektron uçotunu yaratmaq, müasir coğrafi informasiya sistemlərinin tətbiqi ilə torpaqların faktiki və sənəd uyğunsuzluqlarını aradan qaldırmaq və ondan daha səmərəli istifadəni təmin etməkdir. Fərmanla respublikada torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi Qaydaları da təsdiq olunub. Sistemdə torpaqların dəqiq sərhədləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları və digər zəruri məlumatlar əksini tapır. Torpaqların kəmiyyət və keyfiyyət göstəricilərini xarakterizə edən məlumatların toplanmasını, emal və idarə edilməsini təmin edir. Sistem müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayır.
Bildirilib ki, respublikanın bir sıra torpaq sahələrini əhatə edən ortofotomaterialların rəqəmsallaşdırılması işi aparılıb. Ölkənin 53 rayon mərkəzinin ərazilərinin də torpaq uçotu işinə başlanılıb. Bakı və Sumqayıt Kadastr Layihələrinin icrası nəticəsində hər iki şəhərin kadastr məlumat bazası yaradılıb. Bazada torpaq sahəsi, (torpaqdan istifadənin növü, torpağın təyinatı, keyfiyyət göstəricisi, perimetri), torpaq üzərində yerləşən obyektin adı, təsviri, torpağın üzərindəki tikililər, inzibati sərhədlər, yerüstü kommunikasiya xətləri barədə məlumatlar yer alıb. Kadastr layihələri hazırda Gəncə, Şəki və digər regionlarda davam etdirilir. Bu layihələr respublikanın torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsinə şərait yaradır. Eyni zamanda, torpaq ehtiyatlarının istifadəsinə dövlət nəzarətini gücləndirir, torpaq idarəçiliyinin iqtisadi mexanizmlərinin təkmilləşməsini təmin edir. Layihələrin yekunlaşması nəticəsində əmlak (torpaq) üzərində hüquqların dövlət qeydiyyatı işi daha da sadələşəcək. Şəhərsalma, arxitektura, şəhər və qəsəbələrdə planlaşdırma işlərinin aparılmasında istifadə olunacaq.
Nümayəndə heyətinə çatdırılıb ki, Azərbaycanda beynəlxalq standartlara uyğun Ünvan Reyestri İnformasiya Sistemi yaradılıb. Yeni qaydalara əsasən ünvan vermədə "giriş ünvanı konsepsiyası" tətbiq olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Yeni sistem həm vətəndaşlar, həm də dövlət və özəl qurumların rahat və çevik qaydada ünvan axtarışını təmin edir. Nəqliyyat vasitələrində ünvan axtarışı məqsədləri üçün naviqasiya sistemi tətbiq ediləcəkdir.
Tədbir zamanı diqqətə çatdırılıb ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinin inkişafı istiqamətində uğurlu islahatlar aparılmış, bir sıra yeniliklər tətbiq olunmuşdur.
Qeyd olunub ki, qeydiyyat sisteminin inkişafında başlıca addımlar innovasiyaların, elektron və onlayn xidmətlərin istifadəyə verilməsi, prosedur sayının ən mümkün səviyyədə azaldılmasıdır. Belə ki, komitənin fəaliyyət sahələri üzrə 31 elektron və 2 onlayn xidməti aktiv istifadədədir. Çıxarış və texniki pasport alınması, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, ünvan arayışı, xidmət haqqı və rüsumun onlayn ödənişi ilə bağlı elektron xidmətlər fəaliyyət göstərir. İndiyədək elektron xidmətlər vasitəsilə 300 mindən çox müraciət daxil olub.
Komitə tərəfindən qeydiyyat sistemi və torpaq idarəçiliyində tətbiq edilən “bir pəncərə” prinsipi şəffaflığı və operativliyi əhəmiyyətli dərəcədə artırıb. Belə ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bütün sənədləşdirmə prosesi bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılır. Sosiallıq və xidmətlərin əhalinin bütün təbəqəsi üçün əlçatan olması məqsədilə respublika üzrə “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri həyata keçirilir. Bütün bu tədbirlər qeydiyyat sayının artmasına səbəb olub, 2015-ci ildə 191 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb. İndiyədək 30-a yaxın şəhər və rayonda keçirilən kampaniyada 6800-ə yaxın vətəndaşa dövlət reyestrindən çıxarış verilib. Mobil ofis xidmətləri vasitəsilə 86 mindən çox vətəndaşa xidmət göstərilib.
Tədbirdə qeydiyyat və kadastr sahəsində nailiyyətlərimizin beynəlxalq aləmdə də yüksək qiymətləndirildiyi vurğulanıb. Azərbaycan hər il dərc olunan "Doing Business" hesabatlarında daşınmaz əmlakın qeydiyyatına görə ilk sıralarda yer tutur. Bu il ilk dəfə olaraq əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın illik beynəlxalq reytinq cədvəlində yer alıb. 129 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycan “daşınmaz əmlakın qeydiyyatı” kateqoriyasında dünya üzrə ən yaxşı 20-lik sırasına daxil edilib.
Tədbirdə Tacikistan nümayəndə heyətinin rəhbəri Suhrob Kuçakşoyev səfərdən məmnun olduqlarını ifadə edib. Səfər nəticəsində geniş təcrübə və qeyd olunan sahədə geniş biliklər əldə etdiklərini qeyd ediblər. Onlar üçün təşkil edilmiş ətraflı və praktik seminarlara görə təşəkkürlərini bildiriblər. Daşınmaz əmlakın qeydiyyatında və kadastrında Azərbaycan təcrübəsi yüksək qiymətləndirilib, bu sahədə əməkdaşlığın önəmi xüsusi vurğulanıb. Aparılan qarşılıqlı səfərlərin, böyük təcrübə mübadiləsinin, ikitərəfli əlaqələrin hər iki ölkədə qeydiyyat və kadastr sisteminin inkişafında mühüm rol oynayacağı qeyd olunub. Səfər çərçivəsində nümayəndə heyətinə maraqlı olan bütün mövzular müzakirə edilib, verilən suallar cavablandırılıb.