Əmlak Məsələləri Dövlət Komitəsi Tərtər rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi Tərtər rayonunda  “Kütləvi çıxarış” kampaniyası keçirib 30.01.2019 16:25

Kampaniya çərçivəsində komitənin hüquqşünasları vətəndaşlara evlər, mənzillər, torpaqlara çıxarış və texniki pasport, yüklülük və digər arayışların alınması, qeydiyyat üçün zəruri ilkin sənədlər, çatışmayan sənədlərin əldə olunması, uyğunsuzluqların aradan qaldırılması, dövlət rüsumu və xidmət haqları, qeydiyyat proseduru və mərhələləri ilə bağlı hüquqi izah və istiqamət veriblər. Aparılmış hüquqi maarifləndirmə nəticəsində vətəndaşlara çatdırılıb ki, qeydiyyata alınmış əmlak hüquqi təhlükəsizdir və perspektiv gəlir mənbəyidir. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlak biznes alətinə çevrilə bilər, gəlir götürülməsi məqsədilə istifadə oluna bilər.

Qeyd edək ki, kampaniya sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir. Bütün bu sosial addımlar son nəticədə şəffaflıq, çeviklik, rahatlıq və məmnunluq səviyyəsinin yüksəlməsini təmin edir.

Kampaniyanın digər faydası vətəndaşların qeydiyyat xidmətlərindən daha əlverişli şəkildə faydalanması və daşınmaz əmlakın hüquqi etibarlılığı və iqtisadi səmərəsini daha da artırmasıdır. Bununla yanaşı, kampaniya daşınmaz əmlak bazarının aktivləşməsinə, əmlak sahiblərinin biznes proseslərinə cəlb edilməsinə də öz töhfəsini verir.