Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2013-cü ildə görülmüş işlərə dair müşavirə keçirilib

30.01.2019 16:25

 

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyətində bütün səylərini mükəmməl elektron əmlak idarəçiliyi sisteminin qurulmasına yönəldib. Bunun üçün müasir informasiya texnologiyaları aktiv tətbiq edilir, vahid korporativ komputer idarəetmə şəbəkəsi qurulur və bu istiqamətdə işlər sürətlə genişləndirilir. Eyni zamanda, bu sistemin hüquqi əsasını təmin edəcək qanunvericilik bazası təkmilləşdirilir.

Vurğulanıb ki, elektron əmlak idarəçiliyi sisteminin qurulması və inkişafı ölkəmizin həyata keçirdiyi şəffaflıq və antikorrupsiya xəttini birbaşa təmin edən faktorlardan biridir. Əmlak Məsələləri Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi bütün işlər həmin şəffaflıq və ictimai məmnunluq siyasətinə xidmət edir.

Qeyd olunub ki, komitə 2012-ci ildən başlayaraq elektron xidmətlərin tətbiqinə başlayıb. Ötən il isə belə xidmətlərin sayı və keyfiyyət dərəcəsi artırılıb. Hazırda 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmətləri özündə cəmləşdirən komitənin portalı istifadəyə verilib. Artıq bu xidmətlər sayəsində heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakın qeydiyyatı üçün internet vasitəsi ilə on-layn müraciət etmək mümkündür. Portalın istifadəyə verilməsi əhaliyə daha şəffaf, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir.

Qeyd olunan elektron xidmətlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi interaktiv və informativ xidmətlər daxildir. Bu xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya edilib. Artıq bu xidmətlər vasitəsilə Bakı və respublikanın müxtəlif bölgələrindən 8800-ə yaxın müraciət daxil olub. Hazırda elektron xidmətlərin sayının artırılması üzərində işlər aparılır.

Yaxın zamanda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq ediləcək mühüm bir yenilik daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara real vaxt rejimində (onlayn) verilməsi olacaq. Ölkə vətəndaşları əmlakın hüquqi vəziyyəti ilə bağlı bu arayışları 2014-cü ilin əvvəlindən onlayn qaydada əldə edəcəklər. Arayışların “onlayn” rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, vaxta böyük qənaət olunmasına, bununla da vətəndaşların bu xidmətdən optimal faydalanmasına gətirib çıxaracaq. Hazırda bu mexanizmin tətbiqi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir.

2014-cü ildə komitə tərəfindən daha 10 elektron xidmətin təşkili və itifadəyə verilməsi nəzərdə tutulur. Əsas hədəf vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək, bu sahədə şəffaflıq və çevikliyi daha da artırmaqdır.

Müşavirədə vurğulanıb ki, Əmlak Məsələləri Dövlət Komitəsi şəffaflığın təmin olunması məqsədilə ötən il ərzində də dövlət qulluqçularının etik davranış qaydalarına riayət olunması işini nəzarətdə saxlayıb. Komitədə çalışan dövlət qulluqçuları üçün 2013-cü il ərzində “Dövlət qulluqçularının etik davranış qaydaları”, “İnformasiya azadlığının təmin edilməsi” mövzusunda 19 seminar, 18 təlim seminarı keçirilib. Regionlar üzrə keçirilmiş bu seminarlarda ümumilikdə  590 dövlət qulluqçusu iştirak edib. Ötən il Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurumlarda işləyən 12 dövlət qulluqçusu etik davranış qaydalarının pozulmasına və digər əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə intizam məsuliyyətinə cəlb olunub. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 9 işçiyə töhmət verilib, 3 işçi işdən azad olunub.

Ötən il ərzində Komitə tərəfindən şəffaflığın təmin edilməsi istiqamətində ictimai agahlıq tədbirləri həyata keçirilib. “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi çərçivəsində Bakı və regionlarda hüquqi maarfiləndirmə təlimləri və seminarları təşkil edilib. Həyata keçirilən belə ictimai agahlıq tədbirləri 2014-cü ildə də davam etdiriləcəkdir.

2013-cü ildə mülkiyyət hüquqlarının qeydiyyatı sisteminin sürətli inkişafı əsaslı uğurlardan biri hesab olunur. Əsas məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində müasir informasiya texnologiyalarının və korporativ idarəetmənin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsi yolu ilə vətəndaşlara göstərilən xidmətin səviyyəsini yüksəltməkdir.

Görülən işlər nəticəsində qeydiyyat prosesi xeyli sadələşib. Qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Sadələşmədən sonra artıq vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə digər arayışları isə 1 günə əldə edirlər.

Məlum olduğu kimi, Dünya Bankının dəstəyi ilə 2007-ci ildən indiyədək “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” həyata keçirilir. Layihə icra olunduğu müddətdə qeydiyyat sahəsində bir sıra səmərəli nəticələr əldə edilib. Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ komputer şəbəkəsi yaradılıb.

Vətəndaşlara xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə mövcud qeydiyyat binaları təmir edilib və yeni binalar tikilib istifadəyə verilib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki və Gəncə  rayonlarında yeni xidmət binaları tikilib. Bərdə və Beyləqan rayonlarında yeni binaların tikintisi davam edir və yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcək. Oxşar işlər Bakı şəhərində də görülüb. Reyestr Xidmətinin Bakı şəhəri üzrə 5 rayon filialının sayı artırılaraq 10-na çatdırılıb. Artıq Bakı şəhərinin 11 rayonunun hər birində müasir tələblərə cavab verən ərazi idarələri fəaliyyət göstərir.

Hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir. Səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları sürətlə elektron bazaya köçürülür.

Görülmüş uğurlu işlərin əyani sübutu kimi, Dünya Bankı və Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing-Business 2014” hesabatında Azərbaycanın daşınmaz əmlakın qeydiyyatına görə 189 ölkə arasında 13-cü yeri tutması vurğulanmalıdır. Azərbaycanın reytinqdə məhz ön sıralarda olmasının mühüm səbəbi son dövrlər daşınmaz əmlakın qeydiyyatı sahəsində gedən sürətli inkişaf, müasir informasiya-kommunikasiya texnologiyalarının və modern idarəetmə sistemlərinin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsidir.

2013-cü ilin ortalarında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2013-2017-ci illər üçün Beşillik Strategiya Planı hazırlanıb təsdiq edilib. Beşillik Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış“ İnkişaf  Konsepsiyasının əsas müddəaları nəzərə alınmaqla işlənib. Strategiya Planı yaxın beş il üçün komitənin əsas fəaliyyət istiqmətləri uzrə planları və onun qurumları üçün biznes planları özündə birləşdirir. Strategiya Planının məqsədi komitənin fəaliyyətinin daha modern, şəffaf və çevik mexanizmlər əsasında qurulması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və istifadəsi sahəsində səmərəliliyin artırılması, daşınmaz əmlak idarəçiliyinin, əmlakın qeydiyyatı və kadastr sisteminin mükəmməl vəziyyətə gətirilməsi, açıq sistemli ünvan reyestrinin yaradılmasına yönəlib.

Vətəndaşların qəbulu və müraciətlərinin təmin olunması komitə tərəfindən daim diqqətdə saxlanılır. 2013-cü il ərzində komitə sədri tərəfindən respublikanın müxtəlif bölgələrində, o cümlədən, Gəncə, Şirvan, Cəlilabad, Zaqatala, Şamaxı, Xaçmaz, Sumqayıt, Yevlax və Şəki şəhərlərində bölgə rayonlarını əhatə etməklə vətəndaş qəbulları keçirilib, vətəndaşların müraciətlərinə baxılıb.

Vətəndaşların müraciətlərinin operativ cavablandırılması məqsədi ilə fəaliyyət göstərən komitənin 193, 148 və 566-07-44 nömrəli qaynar xətlərinə 2013-cü il ərzində 1820 vətəndaş müraciət edib. Bu müraciətlərin 71-i şikayət xarakterli, qalanları isə sorğu xarakterli olmuşdur. Müraciətlərin qanunvericiliyə uyğun olaraq cavablandırılması təmin edilib.

Ötən il ərzində komitənin fəaliyyət istiqamətləri üzrə inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi məqsədilə beynəlxalq əməkdaşlıq əlaqələri daha da inkişaf etdirilib. Dünya Bankı, Almaniya İnkişaf Bankı (KfW), Almaniyanın Beynəlxalq Əməkdaşlıq (GİZ) təşkilatı, Norveç Kadastr və Xəritəçəkmə təşkilatı və digər xarici qurumlarla layihələr həyata keçirilir. BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sessiyasında Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi BMT AİK Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun, eləcə də İşçi Qrupunun Bürosunun sədri seçilib. Komitənin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi nüfuzlu beynəlxalq təşkilatlardan olan “EuroGeographics” Assosiasiyasına üzv qəbul edilib. Eyni zamanda, BMT-nin Avropa İqtisadi Komissiyası, USAİD, Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi, Avropa İttifaqının Tvinninq və TAİEX təşkilatları ilə əməkdaşlıq davam etdirilib.

2013-cü il ərzində kiçik özəlləşdirmə formasında 680-dən çox müəssisə və obyekt, 720-dən çox obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. 650-dən çox qeyri-yaşayış sahəsi, 580-ə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 50 pul hərracında 41 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2013-cü  il ərzində 56,5 milyon manat məbləğdə investisiya qoyulub.

2013-cü ildə komitəyə 5813 dövlət müəssisə və təşkilatları tərəfindən 2012-ci ilin yekununa görə «Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması» daxil olub.

2014-cü il 1 yanvar vəziyyətinə 6215 hüquqi şəxs statuslu dövlət müəssisəsi  və onların 7707 filialının (cəmi 13922) malik olduğu 152604 daşınmaz əmlakı barədə məlumatlar Registrdə qeydiyyata alınıb. 13264 yeni əmlak barədə məlumatlar Registrə daxil edilib.

2013-cü il ərzində ölkə üzrə 177 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, bu göstəricinin 50 minə yaxını ilkin, 127 mindən çoxu isə təkrar qeydiyyata aid olub.

Bununla yanaşı ötən il ərzində 40510-dan çox ipoteka müqaviləsi, 3065-ə qədər yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. 2013-cü ildə 156220-ə yaxın daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin texniki inventarlaşdırılması aparılaraq texniki pasport və plan-cizgi tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 1,1 milyondan çox məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 23320-ə yaxın digər üxtəlif məzmunlu arayışlar verilib, 130720-dən çox daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib.

 2013-cü il ərzində Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestri sahəsində işləri davam etdirib. Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində mühüm addımlar atılıb. Layihə Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisini əhatə edən elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Yaxın vaxtlarda Gəncə və Şəkinin seçilmiş pilot ərazilərinin elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələri yaradılması işi uğurla yekunlaşıb.

 Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Həmçinin respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı işlər görülüb.

 "Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Standartı" hazırlanıb və təsdiq edilib.

Ölkənin şəhər və rayonları üzrə  daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri davam etdirilib. Bu işlər Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na uyğun olaraq aparılıb.

Azərbaycanda milli məkan məlumatlarının vacib elementlərindən olan, ən mühüm və sosial yönümlü layihələrdən sayılan Ünvan Reyestrinin İnformasiya Sisteminin tərtibi və aparılmasının hüquqi əsasları müəyyənləşdirilib.  Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 1 noyabr tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında" Əsasnamə təsdiqlənib.  Bu Əsasnamə Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Ünvan Reyestrinin məlumat bazasının elektron idarə edilməsini, həmçinin ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edən informasiya sistemidir.

Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib. Bakı şəhəri üzrə 1235 küçə və prospektə ünvan təyin edilib. Bakı şəhərinin 409 küçə və prospektinin başlanğıcı, sonu, eləcə də onların koordinatları müəyyənləşdirilib və təsdiqlənib.

Sumqayıt şəhəri üzrə 70 sayda nəqliyyat infrastrukturu obyektinə ünvan təyin edilib, 39 küçə və prospektin daxili  ünvanları müəyyən edilib.

Gəncə şəhəri üzrə 121 nəqliyyat infrastrukturu obyektinə ünvan təyin edilmiş, 459  küçə və prospektin koordinatları müəyyənləşdirilib və təsdiqlənib.

Komitə sədri 2013-cü ilin yekunlarına həsr olunmuş müşavirənin sonunda qarşıda duran vəzifələrin icrası ilə bağlı tapşırıqlarını verib. Tapşırıqların sırasında komitənin fəaliyyət sahələri üzrə səmərəlilik və şəffaflığın daha yüksək səviyyədə təmin edilməsi, dövlət əmlakının qorunması, saxlanması və istifadəsində effektivliyin artırılması, elektron xidmətlərin tətbiqinin sürətlə genişləndirilməsi yer alıb. Eyni zamanda, komitə sədri tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı zamanı xidmət səviyyəsinin yüksəldilməsi, elektron kadastr məlumat sisteminin və rəqəmsal kadastr xəritələrinin hazırlanmasının, respublika üzrə ünvanvermə işinin sürətləndirilməsi istiqamətində mühüm tapşırıqlar verilib.