Daşınmaz əmlakla bağlı SMS xidmətlər rahatlıq və çevikliyi təmin edir

Daşınmaz əmlakla bağlı SMS xidmətlər rahatlıq və çevikliyi təmin edir 30.01.2019 16:25

Buna görə də, SMS xidmətlərindən daha geniş əhali kütləsi və biznes qurumları daha rahat və operativ qaydada istifadə etmək fürsətindədir.

Komitənin belə xidmətləri istifadəyə verməsində başlıca məqsədi şəffaflığı, rahatlığı maksimum təmin etmək, bununla xidmətlərdən istifadəçi razılığını daha da artırmaqdır.

Birinci SMS xidmət – çıxarış alınması üçün müraciət üzrə xidmət haqqının öyrənilməsi vətəndaşlara və hüquqi şəxslərə əvvəlcədən, ərazi idarəsinə getmədən xidmət haqqı məbləğini öyrənmək imkanı verir. Eyni zamanda, digər əsas məsələ, vətəndaşın daşınmaz əmlakın qeydiyyatı üçün, rüsum da daxil olmaqla, tələb olunan xərci müəyyən etməsini təmin edir. Dövlət rüsumunun məbləği dəyişməz olsa da, xidmət haqqının məbləği Tarif Şurasının 2009-cu il 31 iyul tarixli, 4 saylı qərarına əsasən hesablanır və əmlakın ölçüsünə, yerləşdiyi zonaya və digər göstəricilərə görə dəyişir. Xidmət haqqının son məbləği qeydiyyat prosesində dəqiqləşir. SMS xidmət isə bu məbləği ərazi qeydiyyat idarəsinə getmədən öyrənməyə imkan verir. Vətəndaş həmin məbləği bank və ya elektron qaydada ödədikdən sonra hazır çıxarışı əldə edir. Xidmət haqlarını ərazi qeydiyyat idarələrində quraşdırılmış “Paypoint”lərdə ödəmək imkanları da yaradılıb.

Digər SMS xidmət vətəndaşın çıxarış almaq üçün idarəyə müraciətindən sonra həmin müraciətin icrasının hansı mərhələdə olmasını müəyyən etməyə imkan verir. Belə ki, vətəndaş ona verilən bildiriş nömrəsini SMS-lə 9193-ə göndərərək müraciətinin icra vəziyyəti barədə məlumatı dərhal almış olur. Bu məlumatlar vasitəsilə vətəndaş qeydiyyat prosesinin mərhələlərini mobil qaydada izləmiş olur. SMS məlumatda çıxarışın hazır olma tarixi göstərilir. Vətəndaşın bu məlumatı əldə etmək üçün qurumun özünə gəlməsinə, çağrı mərkəzinə zəng vurmasına, buna vaxt itirməsinə ehtiyac qalmır. Qanuna əsasən qeydiyyat prosesi 10 iş günü müddətində davam edir və çıxarış bu müddətin sonunda hazır olur. Lakin mümkündür ki, proses daha qısa müddət ərzində yekunlaşsın və çıxarış hazır olsun. Bu SMS xidmət bu tarixin dəqiq öyrənilməsinə, vətəndaşın 10 iş gününü gözləməyərək daha tez müddətdə hazır çıxarışını götürməsinə imkan yaradır.

Dövlət əmlakını icarə müqaviləsi əsasında istifadə edənlər isə komitənin digər SMS xidməti sayəsində icarə haqqı məbləğini dərhal öyrənə və ödəyə bilirlər. Belə ki, fiziki və hüquqi şəxslər icarə müqaviləsi kodunu 9193-ə göndərməklə borc məbləğini öyrənmiş olur.  Bununla yanaşı, komitə tərəfindən bütün icarəçilərə ayda bir dəfə icarə haqqı borcu barədə avtomatik olaraq SMS məlumat göndərilir.