Komitə sədri Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edildiyini qeyd edib. Proqrama əsasən komitənin qarşısında yeni tələblər qoyulduğu bildirilib. 2020-ci ilə kimi daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması, torpaqlardan istifadə və mühafizəsinin səmərəliliyinin artırılması, torpaqla bağlı vahid məlumat bazasının yaradılması və digər məsələlərin həlli nəzərdə tutulur.
Dövlət başçısı tərəfindən 07 mart 2016-cı il tarixində “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalanıb. Fərmanla torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi Qaydaları təsdiq olunub. Verilən Fərman və tapşırıqlara əsasən Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanılıb. Dəqiq torpaq uçotu məlumatları torpaqların elmi əsaslarla idarə edilməsi, torpaqların yaxşılaşdırılması, torpağın keyfiyyət, relyef, ekoloji, təbii-təsərrüfat xüsusiyyətlərini nəzərə almaqla torpaqlardan istifadənin istiqamətlərinin (ixtisaslaşmasının) müəyyənləşdirilməsinə imkan yaradacaqdır. Torpaqların kəmiyyət göstəricilərinin təyini işinin icrasına respublikanın 9 rayonunda başlanmışdır. 2016-cı ildə bu işlər respublikanın 23 rayonunda icra ediləcəkdir. Torpaqların kəmiyyət göstəricilərinə görə uçotu ilə yanaşı, həm də keyfiyyət göstəricilərinə görə uçotunun aparılması işləri davam etdirilir. Bu məqsədlə, müasir tələblərə uyğun, modern cihaz və avadanlıqlarla təchiz olunmuş Torpaq və Bitki Laboratoriyası istismara verilib.
Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri bu dövrdə də davam etdirilib. Monitorinqlər zamanı pozuntu hallarının aşkarlanması və qarşısının alınması, qanunvericiliyə əsasən cəza və inzibati tədbirlərin görülməsi təmin edilib.
Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi həyata keçirilib.
Müşavirədə bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərindən irəli gələn bütün məsələlər “bir pəncərə” prinsipinin tətbiqi ilə həll olunur. Bu isə, öz növbəsində sənədləşdirmə prosesində optimallıq, çeviklik və rahatlığın kifayət qədər artmasını təmin etmişdir. Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın 129 ölkəni əhatə edən reytinq cədvəli üzrə 20-ci yerdə qərarlaşıb. Qeydiyyat sahəsində komitənin hər ay paralel olaraq paytaxt və regionlarda, birbaşa ünvanlarda keçirilən “Kütləvi çıxarış” kampaniyaları davam etməkdədir. Bu ildən respublikada vətəndaşlara və əmlak sahiblərinə daşınmaz əmlakın qeydiyyatı sahəsində geniş hüquqi məsləhət xidmətləri göstərilir. Fiziki və hüquqi şəxslərə daşınmaz əmlakın fərdi və kütləvi qiymətləndirilməsi xidmətinə start verilib.
Müşavirədə dövlət başçısı tərəfindən “Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramında” dəyişikliklərin edilməsi sahəsində 13 iyul 2016-cı il tarixli Fərmanının imzalandığı bildirilib. Həmin Fərmana əsasən nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərin idarəetmə orqanlarında dövlətin nümayəndəsinin təyin edilməsi, dövlət əmlakının təyinatı üzrə səmərəli istifadə olunmasına, təyinatının dəyişdirilməsinə nəzarət edilməsi qeyd olunub. Monitorinq və araşdırmaların aparılması, onların nəticələri barədə ölkə Prezidentinə aidiyyəti üzrə məlumatın verilməsi kimi məsələlər öz əksini tapıb.
Keçən 6 ay ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər ölkələrin təcrübələri təhlil edilib. Beynəlxalq məsləhətçi şirkətlərlə görüşlər keçirilib, özəlləşmə ilə bağlı yeni yanaşmalar, prioritetlər müəyyənləşdirilib. Əsas məqsəd dövlət əmlakının özəlləşdirilməsində yerli və xarici investorların geniş iştirakına şəraitin yaradılması, əmlakın bazar dəyərinin müəyyənləşdirilməsidir. Müasir dövrdə yeni iqtisadi reallıqlar nəzərə alınmaqla dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi haqqında təkliflər, eyni zamanda “Özəlləşmə portalı”, müəssisələr haqqında məlumat profilləri hazırlanıb. Dövlət başçısının 13 iyul 2016-cı il tarixində metallurgiya kompleksinin sağlamlaşdırılma və restrukturizasiyası barədə Sərəncamına əsasən Polad Kompleksinin tabeçiliyində olan “Daşkəsən Filizsaflaşdırma” ASC özəlləşməyə açılıb.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Hacıqabul və Cəlilabadda rayon ictimaiyyəti və sahibkarlarla görüşlər keçirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət İdarəçilik Akademiyası arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, “dəyirmi masa” və seminarların, müzakirələrin keçirilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsində Apellyasiya Şurasının yaradıldığı qeyd olunub.
Müşavirənin sonunda komitə sədri komitənin gələcək fəaliyyəti və yeni vəzifələrlə bağlı tapşırıqlarını səsləndirib. Komitə sədri bildirib ki, torpaq idarəçiliyi ilə bağlı yeni təsdiq olunmuş Dövlət Proqramından irəli gələn məsələlər təcili həllini tapmalı və görüləcək işlərə dərhal başlanmalıdır. Kompleks tədbirlər daha intensiv və mükəmməl şəkildə davam etdirilməlidir. “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi ilə bağlı Sərəncama uyğun təcili tədbirlər görülməli, təhvil-təslim işləri aparılmalıdır. Nüfuzlu məsləhətçilər cəlb edilməli, investorlarla danışıqlara başlanmalıdır. Dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və qeydiyyat sahəsində vətəndaş məmnunluğunun və şəffaflığın artırılması məqsədilə tədbirlər gücləndirilməlidir. Torpaqların elektron uçotu sisteminin yaradılması üzrə aparılan işlər sürətləndirilməlidir. Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının qarşısının alınması, torpaq qanunvericiliyinin qorunmasına nəzarət tam təmin edilməlidir. Torpaqların səmərəli istifadəsi və mühafizəsinə nəzarət ilə bağlı monitorinqlər, reydlər, təhlillər və inzibati tədbirlər daha effektiv şəkildə həyata keçirilməlidir. Müşavirədə Komitənin aidiyyəti qurumlarının rəhbərləri gördükləri işlərlə bağlı məruzələrlə çıxış etmişdir.