Qəbulda səsləndirilən bir sıra müraciətlər komitə sədri tərəfindən verilən göstərişlər nəticəsində dərhal həllini tapıb. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub. Araşdırılması vacib olan müraciətlər isə qeydiyyata alınıb.
Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi tədbirlərindən söz açan komitə sədri Azərbaycanda böyük özəlləşdirmə prosesinə start verildiyi, özəlləşdirmə prosesinin sürətləndirilməsində mühüm yeniliklərin və müasir yanaşmaların tətbiqini vurğulayıb. Qeyd olunub ki, bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanına və dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun olaraq həyata keçirilir. Bildirilib ki, komitə qabaqcıl dünya standartlarına uyğun özəlləşdirmə prosesini reallaşdırmaq üçün uğurlu beynəlxalq təcrübəni nəzərdən keçirib. Daha səmərəli, operativ və şəffaf özəlləşdirmə prosesinin həyata keçirilməsi, özəlləşdirmənin elektron vasitələrlə geniş ictimaiyyətə çatdırılması məqsədilə komitə tərəfindən əhəmiyyətli addımların atıldığı, yeni Özəlləşdirmə Portalının yaradıldığı və investorların, vətəndaşların və maraqlı tərəflərin istifadəsinə verildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, artıq komitə tərəfindən ilkin mərhələdə 138 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Mərhələli şəkildə çoxlu sayda dövlət müəssisə və obyektlərinin qarşıdakı dövrdə özəlləşdirməyə çıxarılacağı bildirilib.
Komitə sədri, eyni zamanda, qəbulda diqqətə çatdırıb ki, özəlləşdirmə prosesində mühüm yenilik kimi Özəlləşdirmə portalı üzərindən onlayn məsləhət almaq imkanları da yaradılıb. Bu yenilik vasitəsilə istənilən yerli və ya xarici investor, fiziki və ya hüquqi şəxs özəlləşdirmə ilə bağlı istənilən sualı Komitəyə ünvanlaya və qısa zamanda ətraflı məlumat ala bilir. Eyni zamanda, oxşar hüquqi məsləhət xidmətləri də daşınmaz əmlakın qeydiyyatı sahəsində də göstərilir. İstənilən vətəndaş hər hansı hüquqi əməliyyat aparmazdan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsində təmənnasız olaraq hüquqi yardımlardan faydalana bilər.
Qəbulda vətəndaşlara göstərilən xidmətlərdə rahatlıq, şəffaflıq və əlçatanlıq prinsiplərinin gücləndirilməsi məqsədilə həyata keçirilən sosial layihələrin əhəmiyyəti də qeyd olunub. Məmnunluğun artırılması məqsədilə Bakı və regionlarda “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin intensiv həyata keçirildiyi, elektron, onlayn və SMS xidmətlərin əhalinin aktiv istifadəsində olduğu vurğulanıb.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilib və müraciətlərinə baxılıb. Qarşıdakı dövrdə də respublikanın regionlarında belə vətəndaş qəbullarının keçirilməsi davam etdiriləcəkdir.