Tədbirin təşkilində başlıca məqsəd adı çəkilən fərmana uyğun olaraq yeni mərhələdə özəlləşdirilməyə çıxarılmış müəssisələrə xarici investisiyaların cəlb edilməsi, ölkəmizdə investisiya imkanlarının daha da genişləndirilməsidir. Bununla yanaşı, belə yatırımlar hesabına özəlləşdiriləcək müəssisələrin gələcək potensialını gücləndirmək, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına töhfə vermək və yeni iş yerlərinin açılmasını təmin etməkdir.
İngilis dilində keçirilən tədbirdə Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, Azərbaycan-Amerika Ticarət Palatasının (AMCHAM), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Türkiyə İş Adamları Birliyinin (TUSİAB), “KPMG”, “E & Y” (Ernst & Young Holdings), “Deloitte”, “MCKinsey & Company” və digər beynəlxalq maliyyə qurumları və məsləhətçi şirkətləri, maliyyə və investisiya təşkilatları, media nümayəndələri iştirak edib.
Tədbirdə qeyd edilib ki, ölkədə aparılan uğurlu iqtisadi islahatların mühüm istiqamətlərindən biri kimi dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, yeni mərhələdə özəlləşdiriləcək dövlət müəssisələrində effektiv iş prinsiplərinin, korporativ idarəetmənin, həmçinin nou-hau-ların tətbiqi əsas prioritetdir. Həmçinin bildirilib ki, ölkəyə investisiya yatırılması məqsədi ilə xarici şirkətlərin dəvət edilməsində beynəlxalq məsləhətçilər mühüm rol oynayır.
Tədbirdə resbulikanın müxtəlif iqtisadi zonalarında yerləşən və iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 10-a yaxın iri dövlət müəssisəsinin, o cümlədən “Daşkəsən Filizsaflaşdırma” ASC, “Bakı Elektroavtomat” ASC, “Mingəçevir Texniki Rezin” ASC, “Mingəçevir Regenerat” ASC-nin təqdimatı keçirilib. Belə müəssisələrin iqtisadi xarakteristikası, profili, maliyyə vəziyyəti, yerləşdiyi ərazi, nizamnamə kapitalı, istehsal həcmi, satışa çıxarılan səhm sayı, digər iqtisadi və texniki göstəriciləri barədə məlumat verilib. Həmçinin bu müəssisələrə investisiya qoyuluşunun üstünlükləri və bu müəssisələrin gələcək potensialı nəzərə çatdırılıb. Tədbirdə bu müəssisələrin yaranma tarixi, istehsal etdiyi məhsulların çeşidi, hazırkı istehsal həcmi barədə məlumatlar verilib. İnvestorlar üçün maraq doğuracaq məlumatlar sırasında belə müəssisələrin xammal təminatı, əsas istehsal sahələri və onların xarakteristikasını əks etdirən məlumatlar da olub. Habelə istehsal olunan məhsulların adı və çeşidi, müəssisədə çalışan işçilərin sayı, müəssisənin ümumi torpaq sahəsi və tikilialtı sahəsi, müəssisənin bazardakı çəkisi barədə də məlumatlar investorlara çatdırılıb.
Bildirilib ki, bu müəssisələr haqqında istənilən məlumatı komitənin yenicə istifadəyə verilmiş privatization.az adlı Özəlləşdirmə portalında almaq mümkündür.
Bu müəssisələrlə yanaşı, komitə tərəfindən yeni elan edilmiş hərraclarda ümumilikdə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində yerləşən 190 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb. Bunlardan 75-i nəzarət səhm paketinin 30% hissəsi hərraca çıxarılan açıq səhmdar cəmiyyətləridir. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən dağ-mədən, kimya, metallurgiya, maşınqayırma sənayesi, kənd təsərrüfatı, inşaat, tikinti, nəqliyyat və s. sahələri əhatə edir. Dövlət əmlaklarının 89-u isə kiçik dövlət müəssisə və obyekti, qalan qismi isə nəqliyyat vasitələridir. Ümumilikdə, hərraclara xidmət, ictimai iaşə və digər sahələri əhatə edir. Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında müxtəlif sahələri olan xidmət, ticarət, ictimai iaşə, avtotəmir və digər müəssisələr vardır.
Bütün hərrac elanları və investisiya müsabiqələri komitənin rəsmi internet səhifəsində və “Mülkiyyət” qəzetində, dövlət əmlakları ilə bağlı mətn və foto məlumatlar isə Özəlləşdirmə Portalında yerləşdirilib.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elan edilən hərraclarda istənilən yerli və xarici investorlar iştirak etməklə, əmlakın qiymətini banklar vasitəsi ilə ödəyərək hərraca çıxarılan obyektləri ala bilər. Bu isə öz növbəsində iri sahibkarlığın inkişafı ilə yanaşı, özəlləşdirilməyə çıxarılan kiçik müəssisə və obyektlərin əldə edilməsi nəticəsində orta portfelli sahibkarlıq təbəqəsinin daha da genişləndirilməsinə imkan yaradır.
Özəlləşdirmə prosesində ictimai aşkarlığın və şəffaflığın təmin edilməsi, özəlləşdirmə prosedurlarının elektronlaşdırılması məqsədilə komitə tərəfindən fəal işlər aparılır. Bildirilib ki, hərraclarda iştirak etmək üçün hazırda sifarişləri elektron xidmət vasitəsilə vermək mümkündür. Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi və hərracların tamamilə elektron müstəviyə keçirilməsi təmin olunacaqdır. “Onlayn hərrac”lar xarici investorlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraclarda internet üzərindən onlayn rejimdə iştirak etmək imkanı yaradacaqdır. Qeyd olunub ki, istənilən xarici investor komitənin yeni istifadəyə verdiyi özəlləşdirmə portalına girməklə qısa müddət ərzində Azərbaycan Respublikasında həyata keçirilən özəlləşdirmə haqqında məlumat əldə edə bilir. Gündəlik olaraq portalı ziyarət edənlərin sayı günbəgün artmaqdadır və indiyədək 50 min nəfərdən çox ziyarət sayı qeydə alınıb. Bununla yanaşı, potensial investorların hər hansı sualları yaranarsa, onların operativ cavablandırılması üçün portalda “online chat” (onlayn məsləhət) imkanı da yaradılıb.