Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti açıq hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti açıq hərrac keçirilib 30.01.2019 16:25

27 sentyabr tarixində keçirilən hərracda ümumilikdə 16 dövlət obyekti özəlləşdirilib. Bu obyektlərdən 3-ü səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 13-ü isə kiçik dövlət müəssisə və obyektidir. Özəlləşdirilən səhmdar cəmiyyətləri məişət, pambıqçılıq və kənd təsərrüfatı mallarının emalı sahələrinə aiddir. Özəlləşdirilmiş 13 kiçik dövlət müəssisə və obyektlərinin 4-ü Bakıda, 9-u isə respublikanın digər şəhər və rayonlarında (Qəbələ, Xaçmaz, Daşkəsən, Kürdəmir, Oğuz və Qax) yerləşən obyektlərdir. Bu əmlakların  7-i ticarət sahəsinə, 2-i ictimai iaşə, 3-ü xidmət, 1-i isə qeyri-yaşayış sahəsinə aid olub. Dövlət müəssisələrinin və səhmdar cəmiyyətlərin səhmlərinin satışı göstərir ki, investorlar özəlləşdirmə sahəsində yaradılan imkanlardan və sərfəli investisiya şərtlərindən faydalanmağa çalışırlar.

Əsasən regionlarda yerləşən dövlət əmlaklarının özəlləşdirilməsi isə bu müəssisələrə gələcəkdə investisiya qoyuluşlarının artmasına, müəssisələrin istehsal fəaliyyətinin bərpası, yeni biznes subyektlərinin qurulması, əlavə iş yerlərinin yaradılması və nəticə etibarı ilə regionların iqtisadi potensialının artmasına imkanlar yaradır.

Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 11 oktyabr tarixində keçiriləcəkdir. Bu hərraca 85 dövlət əmlakı çıxarılıb. Bunlardan 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılmış kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bundan əlavə hərraca 30 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Eyni zamanda hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 25 ədəd nəqliyyat vasitəsi də yer alıb.

Qeyd edək ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşmə portalında əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.