Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 101 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərraclar elan edilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 101 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərraclar elan edilib 30.01.2019 16:25

Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, xidmət, sənaye, emal və digər sahələri əhatə edir. Bu müəssisələr sırasında “Astara Çay-3”, “Lənkəran Broyler”,  “Masazır Quşçuluq”, “Tovuz Məişət”, “Yevlax Yun”, “Zabrat Tikinti Quraşdırma” və digər səhmdar cəmiyyətləri vardır. 

Həmçinin hərraca 62 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında, habelə Şəki, Ağsu, Hacıqabul, Salyan, Balakən, İsmayıllı və digər rayonlarda yerləşən qeyri-yaşayış sahələri, habelə ictimai iaşə və ticarət müəssisələri vardır.

Eyni zamanda hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 16 ədəd nəqliyyat vasitəsi də yer alıb.

İstənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün iştirakçı hüququnu əldə etmək kifayətdir. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Komitənin ərazi şöbələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir. Hərraca çıxarılan əmlaklar barədə komitənin özəlləşdirmə portalı, habelə rəsmi internet saytı vasitəsi ilə ətraflı məlumat əldə etmək mümkündür.

Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərraca çıxarılan daşınmaz dövlət əmlaklarının iqtisadi göstəriciləri barədə məlumatlar, mövcud vəziyyətini əks etdirən foto materiallar, yerləşmə mövqelərini göstərən xəritələr (google map) privatization.az saytında yerləşdirilir. Hərraca çıxarılan hər bir səhmdar cəmiyyəti barədə ətraflı məlumatla http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/mue-ssis-l-r/uemumi-siyah linkdə tanış olmaq olar. Hərracda iştirak etmək istəyən vətəndaş kiçik dövlət müəssisə və obyektləri barədə ətraflı məlumatı http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri linkdən ala bilər.

Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.

Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.