Hərraca 43 kiçik dövlət əmlakından 13-ü kiçik dövlət müəssisə və obyekti, 30-u Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznes üçün əlverişli ola biləcək qeyri-yaşayış sahələridir. Bunlar sırasında 10 kvadrat metrdən başlayaraq 1700 kvadrat metrədək olan obyektlər vardır. Bəzi dövlət əmlakları torpaq sahəsi ilə birgə hərraca çıxarılıb və bu zaman tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Hərrac elanında isə həm torpaq sahəsinin, həm də tikilinin və eləcə də hər ikisinin hərraca çıxarılan ümumi ilkin satış qiyməti göstərilib. Hərrac qiymətləri 3000 manatdan başlayaraq 2,7 milyon manatadəkdir. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan 6 dövlət əmlakı Bakının Nəsimi, Binəqədi, Nizami, Sabunçu, Xəzər rayonu və Sumqayıt şəhərində yerləşir. Hərracda ən yüksək qiyməti olan dövlət əmlakı Bakının Nizami rayonunda yerləşən və torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılmış Təsərrüfat hesablı Təmir-tikinti sahəsidir. Belə ki, torpaq sahəsi 7869,1 kv.m və ümumi faydalı sahəsi 958,1 kv.m olan dövlət əmlakının ilkin satış qiyməti 2.658.500 manatdır. Start qiyməti yüksək olan digər dövlət əmlakları paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyası və Suraxanı rayonunda yerləşən 42 saylı mağazadır. Bu əmlaklar müvafiq olaraq 750 min və 800 min manat ilkin satış qiyməti olmaqla hərraca çıxarılıb. Ən aşağı start qiymətinə (3 min manat) malik dövlət əmlakı isə Bakının Nərimanov rayonunda yerləşən və qeyri-yaşayış sahəsidir.
Xatırladaq ki, qarşıdan gələn növbəti hərrac 25 oktyabrda keçiriləcək. Hərraca ümumilikdə 84 dövlət əmlakı özəlləşməyə çıxarılıb. Bunun 26-sı səhmdar cəmiyyəti, 36-sı kiçik dövlət müəssisə və obyekti, 22-si isə nəqliyyat vasitəsidir.
Bu müəssisələrin özəlləşdirilməsində iştirak etmək istəyən şəxslər obyektlər baradə ətraflı məlumatları privatization.az portalından əldə edə bilərlər. Bu məlumatlara obyektlərin fotoşəkilləri, ünvanı, sahəsi və digər zəruri göstəricilər daxildir. Eyni zamanda hərraca çıxarılan əmlaklar barədə məlumatları komitənin rəsmi internet saytı vasitəsi ilə ətraflı məlumat əldə etmək mümkündür. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.
Qeyd edilməlidir ki, hərraclar açıq keçirilir və istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün iştirakçı hüququnu əldə etmək kifayətdir. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir.
Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Bununla yanaşı hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.