Bildirilib ki, geniş ictimaiyyətin, yerli və xarici investorların hərraclara cəlb edilməsi məqsədilə yaradılan Özəlləşdirmə Portalı da istifadəçilərin ixtiyarındadır. Qeyd olunub ki, Portala daxil olanların statistikası və hərraclara çıxarılan əmlaklara verilən sifarişlər özəlləşdirmə prosesinə kifayət dərəcədə marağın olmasının göstəricisidir. Nəzərə çatdırılıb ki, özəlləşməyə çıxarılan müəssisələr və kiçik dövlət obyektləri sahibkarlıq fəaliyyəti üçün və ya digər formada gəlir mənbəyinə çevrilməsi üçün əlverişlidir.
Komitə sədri qəbulda vətəndaşların onlara məxsus mülkiyyətin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətlərini də dinləyib. Belə müraciətlər fərdi həyət evi, həyətyanı torpaq sahələri, pay torpaqları, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş torpaq sahələrinə çıxarış alınması barədə olub. Bir neçə vətəndaş torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtilə yol verilmiş faktiki və sənəd uyğunsuzluqları ilə bağlı müraciətlərini səsləndirib.
Bəzi müraciətlər torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi məsələləri barədə olub. Komitə sədri torpaqların təyinatı ilə bağlı tələblərə riayət olunmasının vacibliyi, əks halda qanunvericiliklə müvafiq cəzaların və cərimələrin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, bir çox hallarda kənd təsərrüfatı məqsədli torpaqların təyinatı özbaşına dəyişdirilir, yaşayış evləri tikilir, belə torpaqlarda süni göllər salınır və ya tamamilə istifadəsiz saxlanılır. Belə halların aşkar olunması və qarşısının alınması məqsədilə komitənin dövlət müfəttişləri tərəfindən monitorinqlərin aparıldığı nəzərə çatdırılıb. Qeyd olunub ki, torpaqların istifadəsi ilə bağlı hüquqi tələblər gözlənilməlidir, kənd təsərrüfatı torpaqları təyinatına uyğun istifadəyə qaytarılmalıdır.
Daşınmaz əmlakın qeydiyyatı prosesində rahatlıq və sosiallıq amillərinin gücləndirildiyini vurğulayan komitə sədri bunun əyani nümunəsi kimi “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərini göstərib. Bildirilib ki, gündəlik olaraq belə xidmətlər ünvanlarda, kənd və qəsəbələrdə, ucqar yaşayış məkanlarında vətəndaşlara çatdırılır. Bu isə öz növbəsində qeydiyyat xidmətlərinin göstərilməsində əlçatanlığı və vətəndaş məmnunluğunu artırır. Bununla yanaşı, vətəndaşlara təmənnasız olaraq qeydiyyatla bağlı hüquqi məsləhət xidmətləri də təklif olunur. Bu tədbirlərdə məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində hüquqi maarifləndirməni təmin etməkdir.
Qəbulda bir sıra müraciətlərin həlli məqsədilə komitə sədri tapşırıqlarını verib. Həm özəlləşmə və daşınmaz əmlakın qeydiyyatı, həm də torpaq istifadəsinə dair müraciətlər və suallarla bağlı mövcud qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub. Araşdırmaya ehiyac olan müraciətlər isə qeydiyyata alınıb.
Komitə sədri tərəfindən keçirilən belə vətəndaş qəbullarının qarşıdakı aylarda digər şəhər və rayonlarda da təşkili davam etdiriləcəkdir.