Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər vətəndaşların ünvanına çatdırılacaq

30.01.2019 16:25

Belə ki, məlumat verildiyi kimi, Əmlak Məsələləri Dövlət Komitəsi xüsusi təbəqədən olan insanlara daşınmaz əmlakın qeydiyyatı sahəsində ünvanlarda xidmətlərin göstərilməsinə start verib. Bu aydan etibarən əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşların öz əmlakları üzərində hüquqlarını qeydiyyatdan keçirmək üçün əmlak qeydiyyatı idarələrinə getmələrinə artıq ehtiyac olmayacaq. Bu məqsədlə, komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yeni xüsusi nəqliyyat vasitələri də alınıb.

İlk belə xidmətlərdən daxil olan müraciətlər əsasında Sumqayıt şəhərinin sakinləri faydalanıb. Belə ki, aprel ayında Sumqayıt şəhərində sakinlər üçün yaşayış ünvanlarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xüsusi nəqliyyat vasitəsində qeydiyyat xidmətləri göstərilməyə başlanılıb. Bu xidmətlər bütün şəhər sakinlərinə, xüsusilə əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud, yaşayış yeri uzaqda yerləşən və ərazi idarələrinə gedə bilməyən insanlara son dərəcə əlverişlidir. Həmçinin yerindəcə göstərilən xidmətlər əlavə vaxt itkisinin qarşısının alınmasında xüsusilə faydalıdır.  

Ünvanlarda göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir. Vətəndaşlar təyin olunmuş nəqliyyat vasitəsində zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edir. Nümayəndə sənədləri yoxlamaqla, müvafiq istiqamət və məsləhətləri verməklə vətəndaşa yerindəcə xidmət göstərir.

Qeyd edək ki, ünvanlarda qeydiyyat  xidmətlərinin göstərilməsini təmin edən xüsusi nəqliyyat vasitələri müasir informasiya-kommunikasiya sistemi və yeni avadanlıqlarla (həmçinin müasir telefon-rabitə cihazları, sürətli internetə çıxış vasitələri və s.) təchiz edilib. Bu da əhaliyə xidmətlərin müasir üsullarla, çevik və rahat şəkildə göstərilməsini təmin edir. Bu nəqliyyat vasitələrinin köməkliyi ilə Bakı və respublikanın regionlarında yaşayan vətəndaşlara və əmlak sahiblərinə yerindəcə qeydiyyat xidmətləri göstərilir. Qarşıdakı dövrdə qeyd olunan nəqliyyat vasitələrinin sayı artırılacaqdır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə  xidmətlərin daxil olan müraciətlər əsasında aprel ayında Bakı, Gəncə və Yevlax şəhərləri, Abşeron və Xaçmaz  rayonlarında da  təşkili nəzərdə tutulur. Növbəti aylarda da belə xidmətlərin Bakı və regionlar üzrə təşkili davam etdiriləcəkdir.  

Ünvanlarda göstərilən xidmətlərin məqsədi qeydiyyat xidmətlərini vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırmaq və nəticədə vətəndaş məmnunluğunu daha da artırmaqdır. Qeyd olunduğu kimi, bu xidmətlər Bakı və regionlarda yaşayan əhalinin, o cümlədən coğrafi və digər səbəblərdən hərəkət çətinliyi olan vətəndaşların ünvanına qeydiyyat xidmətlərinin çatdırılmasına və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən faydalanmasına xidmət edir.

Əmlak Məsələləri Dövlət Komitəsi son illərdə fəaliyyət istiqamətləri üzrə uğurlu nəticələr əldə edib. Komitə tərəfindən elektron xidmətləri geniş tətbiq etməklə öz fəaliyyətində şəffaflığın daha da artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində davamlı olaraq tədbirlər görülür. Komitənin fəaliyyət istiqaməti üzrə ümumilikdə 40-a yaxın xidmətdən artıq 16 elektron xidmət təşkil edilib. Bu xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya edilib. Qısa zaman ərzində 11000-dən çox elektron müraciət daxil olub. 2014-cü ildə daha 15 elektron xidmətin təşkili və vətəndaşlarımızın istifadəsinə verilməsi nəzərdə tutulur. Bunlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi barədə məlumatın SMS vasitəsilə verilməsi, kadastr və texniki texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq.

Bundan əlavə, bu ilin mart ayının 3-dən etibarən əmlaka dair arayışların verilməsi ilə əlaqədar onlayn xidmətlərin tətbiqinə başlanılıb. Belə ki, artıq vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (forma-1) almaq üçün ərazi qeydiyyat idarələrinə getmədən notariuslarda onlayn şəkildə əldə edirlər. Arayışların “onlayn” rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan qalxmasına, vaxta böyük qənaət olunmasına səbəb olur.

Eyni zamanda, yaxın gələcəkdə komitə tərəfindən digər onlayn xidmətlər istifadəyə veriləcək. Bunlardan biri təkrar bazarlarda əmlak əldə etmiş vətəndaşların həmin əmlak barədə öz hüquqlarını daha tez şəkildə reyestrdə qeydiyyata alması ilə bağlı olacaq. Yeni mexanizmə görə notariuslar tərəfindən təsdiq edilmiş müqavilələr, ödəniş sənədləri elektron sistem vasitəsilə dərhal ərazi qeydiyyat idarəsinə göndəriləcək, əlavə proseduralar aradan qaldırılacaq, çeviklik təmin ediləcək.  Bundan əlavə, yaxın gələcəkdə vətəndaşlar öz əmlakları barədə zəruri məlumatı internet vasitəsilə də əldə edə biləcəklər.

Qeydiyyat sahəsində xidmətlərin daha rahat, yeni və müasir üsullarla əhaliyə təqdim olunması vətəndaş məmnunluğunu yüksəldəcək. Bütün bu tədbirlərin icrası nəticəsində əmlak əldə etmiş vətəndaşların hüquqlarının qeydiyyatı prosesi daha da sadələşəcək, vətəndaşların sənədləşdirmə prosesinə sərf etdiyi vaxta qənaət olunacaq.