Əmlak Məsələləri Dövlət Komitəsində Türkmənistan Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində Türkmənistan Parlamentinin  nümayəndə heyəti ilə görüş keçirilib 30.01.2019 16:25

Hazırda “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı”, Torpaqların Elektron Uçotu və Ünvan reyestri ilə bağlı İnformasiya Sistemlərinin yaradılması layihələrinin icra olunduğu bildirilib. Qeyd olunub ki, dövlət başçısının tapşırıqlarına əsasən, torpaqların elektron kadastr uçotu və ünvan reyestri sistemlərinin qurulması istiqamətində müasir idarəetmə üsullarının və innovasiyaların tətbiqi önə çəkilib. Fəaliyyət sahələri üzrə elektron və onlayn xidmətlərin tətbiqinin əhəmiyyəti, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı məqsədilə prosedurların sadələşdirilməsi, həyata keçirilən sosial yönümlü tədbirlər xüsusilə qeyd edilib. Əldə olunan nailiyyətlərin beynəlxalq aləmdə də yüksək qiymətləndirildiyi, ölkəmizin “Doing business” hesabatlarında reytinqdə ön sıraları tutması nəzərə çatdırılıb.

Görüş çərçivəsində Türkmənistanın nümayəndə heyəti Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində və İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində olub. Səfər çərçivəsində nümayəndə heyətinə Azərbaycanda uğurla həyata keçirilmiş “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi, daşınmaz əmlakın qeydiyyatı prosesi, torpaqların elektron kadastr uçotu informasiya sistemi və ünvan reyestri barədə ətraflı məlumatlar verilib. İKT vasitəsilə müxtəlif sistemlər arasında Komitə tərəfindən həyata keçirilən məlumat mübadiləsi, Komitənin strategiya planı və yeni yanaşmalar barədə nümayəndə heyətinin sualları cavablandırılıb.

Beləliklə, görüşlər çərçivəsində Azərbaycan və Türkmənistan tərəfləri arasında daşınmaz əmlak idarəçiliyi, o cümlədən torpaqların səmərəli idarə edilməsi sahəsində geniş təcrübə və məlumat mübadiləsi həyata keçirilib.