“Torpaqların kəmiyyət və keyfiyyət uçotu, aqroiqlim, relyef göstəricilərindən istifadə etməklə coğrafi informasiya sistemləri (CİS) əsasında elmi əsaslarla idarə edilməsi” mövzusunda İctimai Təqdimat keçirilib

“Torpaqların kəmiyyət və keyfiyyət uçotu, aqroiqlim, relyef göstəricilərindən istifadə etməklə coğrafi informasiya sistemləri (CİS) əsasında elmi əsaslarla idarə edilməsi” mövzusunda İctimai Təqdimat keçirilib 30.01.2019 16:25

Belə vəzifələrə ölkədə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, bununla da mükəmməl əmlak/torpaq idarəçiliyini formalaşdırmaq aiddir. Dövlət başçısının tapşırıqlarına əsasən torpaqların faktiki istifadə vəziyyətini əks etdirən kadastr göstəriciləri ilə sənəd göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılır. Torpaq ehtiyatlarından daha səmərəli istifadəni təmin etmək məqsədi ilə mühüm tədbirlər həyata keçirilir.

Belə ki, tapşırığın icrası olaraq torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, İnzibati Ərazi Vahidləri, İnzibati Ərazi Dairələri və rayonlar üzrə torpaq ehtiyatları haqqında dəqiq elektron kadastr məlumat bazasının yaradılması işinə başlanılıb.Respublikamızda aparılmış torpaq islahatından sonra torpaqların kadastr uçotu sahəsində ilkin layihələr reallaşdırılıb. Bu sahədə real vəziyyəti öyrənmək və mövcud uyğunsuzluqları aradan qaldırmaq məqsədi ilə pilot layihə çərçivəsində Şəki rayonunda 240 min hektara yaxın sahədə kadastr işləri aparılıb. Bu işlər 2016-cı ilin dekabr ayında yekunlaşıb və pilot layihə başa çatıb.

Tədbirdə qeyd olunub ki, torpaqların öyrənilməsi, kəmiyyət və keyfiyyət uçotunun aparılması və torpaq ehtiyatlarının düzgün idarə edilməsi işi kompleks yanaşma tələb edir. Daşınmaz əmlak olaraq torpaq uzun illər ərzində torpaqəmələgətirən amillərin kompleks təsiri nəticəsində əmələ gəlmişdir. Bu amillərə torpaqəmələgətirən süxurlar, iqlim, relyef, insanın təsərrüfat fəaliyyəti (antropogen təsir) və digərləri aiddir. Ona görə də torpaq münbitliyinin bərpası, artırılması, mühafizəsi və kənd təsərrüfatı bitkilərindən yüksək məhsuldarlığa nail olunması məqsədi ilə torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsinə ehtiyac vardır.

Xidmət rəisi tədbirdə nəzərə çatdırıb ki, əldə edilmiş kadastr məlumatları əsasında Şəki rayonunun timsalında CİS-in tətbiqi ilə torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə dair təkliflər hazırlanıb. Bu zaman torpaqların kəmiyyət və keyfiyyət uçotu məlumatları, aqroiqlim, landşaft göstəricilərinə istinad olunub.

Torpaqların elektron uçotu işləri nəticəsində Şəki rayonunun ərazisi ilə bağlı bir çox xəritələr tərtib olunub. Belə ki, ərazinin meyllik xəritəsi (3D formatında), dəniz səviyyəsindən mütləq yüksəkliyə görə rayon ərazisinin bölgü xəritəsi hazırlanıb. Bitkilərin məhsuldarlığında mühüm rol oynayan 10 dərəcədən yüksək fəal temperaturların cəmi xəritəsi və həmçinin rayonun ərazisinin yağıntıların miqdarına görə bölgüsünü əks etdirən xəritə də tərtib edilib. Habelə torpaqların eroziyaya uğrama xəritəsi, torpaq xəritəsi, eləcə də Şəki rayonunun torpaqlarının şorlaşma və şorakətləşmə xəritələri də tərtib olunub. Torpaqların kəmiyyət, keyfiyyət uçotuna dair göstəricilər, habelə aqroiqlim və relyef göstəriciləri əsasında müvafiq alqoritm cədvəli də tərtib edilib. CİS-in tətbiqi ilə aparılmış təhlillər nəticəsində Azərbaycanda aparıcı kənd təsərrüfatı bitkiləri – çoxillik əkmələr və çərəz, dənli, dənli-paxlalı, texniki, tərəvəz, bostan bitkilərinin becərilmə imkanlarını özündə əks etdirən areal xəritələri də hazırlanıb. Xəritələrdə ayrı-ayrı bitkilər üçün qeyri-məqbul, məqbul, yaxşı və əla hesab edilən areallar göstərilib.

Tədbirdə qeyd olunub ki, əldə edilmiş nəticələr əsasında Şəki rayonunda ayrı-ayrı bitkilərin hansı sahələrdə ekoloji-iqtisadi baxımdan daha əhəmiyyətli olmasını görmək olar. Bildirilib ki, təqdim edilən təkliflər torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsində olduqca əhəmiyyətlidir. Hazırlanmış baza və proqram təminatı ölkənin bütün ərazisində ayrı-ayrı bitkilərin yerləşdirilməsi areallarının təyin olunmasına imkan verir. Diqqətə çatdırılıb ki, rayonlar üzrə torpaq uçotu işləri yekunlaşdıqca bu işlərin həmin rayonlarda da aparılması nəzərdə tutulur.