Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərracları elan edib

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərracları elan edib 30.01.2019 16:25

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan bir çox əmlaklar torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Hərracda ən yüksək qiymət paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinə təyin olunub. Belə ki, adıçəkilən əmlak 1 milyon 75 min manata iddiaçılara təklif olunacaq. Suraxanı rayon 9 saylı Stomatoloji poliklinikası 796 min 563 manat, Mingəçevirdə yerləşən Quşçuluq yardımçı təsərrüfatı isə 400 min manat start qiyməti ilə hərraca çıxarılıb. Mingəçevir şəhərində yerləşən 9 mərtəbəli binanın 1-ci mərtəbəsindəki istifadəsiz sahə isə 100 min manata təklif olunur.

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Bərdə Mexaniki Təmir”, “Gəncə Sənaye Tikinti”, “Kürdəmir Quşçuluq”, “Salyan İnşaat Xidmət”, “Azərmetalinvest”, “Oğuz Kəndkimya” kimi səhmdar cəmiyyətlər var.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.