07 fevralda keçiriləcək hərraca 95 dövlət əmlakı çıxarılıb

07 fevralda keçiriləcək hərraca 95 dövlət əmlakı çıxarılıb 30.01.2019 16:25

Hərracda iştirak edərək sifariş verdiyi bir və ya bir neçə əmlakın sahibi ola bilir. Əgər hərracda qalib ola bilməsə, ödəmiş olduğu 10% beh məbləği 10 gün ərzində vətəndaşa geri qaytarılır. Ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən öyrənmək mümkündür.

Xatırladaq ki, ötən ildən start verilən intensiv hərraclar bu il də hər həftə keçirilməklə davam etdiriləcək. Hərraclar barədə ictimaiyyətə Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə müntəzəm məlumatlar verilir. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, portalın onlayn məsləhət pəncərəsi vasitəsilə sualını ünvanlaya bilər. Suallar dərhal cavablandırılır və sorğuçuya ətraflı məlumat verilir.   

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri Bakı, Gəncə, Sumqayıt, Daşkəsən, Salyan, Mingəçevir, Şəki və digər şəhər və ya rayonlarda yerləşir. Hərraca çıxarılan bir çox əmlaklar torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Ən yüksək start qiyməti ilə təklif olunan əmlak paytaxtın Xəzər rayonunda yerləşən “Aydınlıq” şadlıq evidir. Belə ki, hərracda iddiaçılar bu əmlaka qoyulan 179 min ilkin satış qiymətindən yuxarı qiymət təklif etməli olacaq. Hərracda yüksək start qiyməti ilə seçilən əmlaklar Xətai rayonundakı “Araz” kafesi və Binəqədi rayonundakı 9 saylı mağazadır. Bu əmlaklar müvafiq olaraq 120 min və 100 min 300 manata hərraca çıxarılıb. 13 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı paytaxtda yerləşir. Bu əmlakların hərrac qiymətləri sahəsindən asılı olaraq 20 min-70 min manat arasında dəyişir.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Daşkəsən Aqrotexservis”, “Lənkəran Taxıl”, “Sabirabad Mexanikləşdirmə”, “Xırdalan Nəqliyyat”, “Zaqatala Fındıq”, “Əli Bayramlı Aqrotəmir” kimi səhmdar cəmiyyətlər var.

Hərraca çıxarılan əmlaklara aşağıdakı linkdə baxmaq olar:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1221

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.