Seminar komitənin aparatı və bütün ərazi şöbələri, strukturuna daxil olan və tabeli qurumlarında çalışan 80 nəfər dövlət qulluqçusunun iştirakı ilə keçirilib. Komitənin Daxili nəzarət şöbəsinin və Kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin əməkdaşları seminarda “Etik davranış qaydaları” mövzusunda təqdimatla çıxış ediblər. Seminar “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmiş vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydaları üzrə məsələlər əhatə edilməklə keçirilib. Eyni zamanda seminarda vətəndaşlarla nəzakətli, səbirli və məsuliyyətli davranılmasına riayət edilməsinin zəruriliyi barədə ətraflı məlumat verilib. Etik davranış qaydaları ətrafında iştirakçılarla müzakirələr aparılıb və verilən suallar cavablandırılıb.
Dövlət qulluqçularının etik davranış məsələləri üzrə gələcəkdə mütəmadi tədris kurslarının, seminarların və treninqlərin keçirilməsi davam etdiriləcək, habelə bununla bağlı hazırlanmış müvafiq hesabatlar ictimaiyyətə açıqlanacaqdır.