30.01.2019 16:25
Seminarın təşkilində məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maarifləndirmənin daha da genişləndirilməsi, dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasıdır. Eyni zamanda, dövlət qurumları, əhali və digər aidiyyəti tərəflərin qeydiyyat prosesinin praktik tərəfləri və prosedurları barədə hüquqi biliklərinin daha da artırılmasıdır.
Bu ilin yanvar ayında ilk dəfə olaraq Lənkəran şəhərində start verilən hüquqi maarifləndirmə tədbirləri il ərzində respublikanın bütün regionlarını əhatə edəcəkdir.
Seminarda qeyd olunub ki, daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsi sosial sahə olduğundan bu sahədə şəffaflığın daha da artırılması, ictimaiyyət üçün maarifləndirmə və hüquqi izahat işlərinin aparılması istiqamətində atılan belə tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Belə maarifləndirmə tədbirləri sosial məmnunluğun yüksəlməsinə, vətəndaşların mülkiyyət üzərində sosial mənafelərinin yüksək səviyyədə qorunmasına gətirib çıxarır.
Seminarda bu tədbirlərin icrasına cəlb olunmuş məsləhətçi şirkətin nümayəndəsi daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə bağlı təqdimatla çıxış edib. Daşınmaz əmlakın qeydiyyatı və kadastrının mahiyyəti, hüquqi tərifi, bu sahəni tənzimləyən qanunvericilik bazası aydın şəkildə izah olunub. Qeydiyyat üçün zəruri olan hüquqi sənədlər, həmin sənədlərə dair tələblər, qeydiyyatın mərhələləri və müddətləri, hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi barədə izahatlar verilib. Dövlət reyestrinin aparılması qaydaları, hüquqların qeydiyyatının dayandırılması və imtinanın əsasları, öncədən qeydiyyat və qeydiyyatın ləğvi qaydalarından bəhs olunub. Seminarda daşınmaz əmlakın kadastrının növləri, strukturu, prinsipləri və mərhələləri barədə izahlar verilib. Daşınmaz əmlakın vahid dövlət kadastrının mahiyyəti, bu sahədə normativ-hüquqi bazadan bəhs olunub. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlər, əmlak barədə yüklülük arayışlarının (Forma-1) onlayn rejimdə verilməsi və qeydiyyatla bağlı digər onlayn xidmətlər barədə ətraflı məlumat verilib.
Tədbirdə qeyd olunub ki, komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı ictimai agahlıq və hüquqi izahat işlərinin aparılması şəffaflığın təmin olunmasında birbaşa təsiredici amillərdəndir. Bu baxımdan belə maarifləndirmə tədbirləri qeydiyyat və kadastr sahəsində şəffaflıq və effektivliyin yüksəlməsində böyük təkan olacaqdır. Bildirilib ki, daşınmaz əmlakın etibarlılığının, hüquqi əsaslılığının və iqtisadi səmərəsinin təminatı məhz həmin əmlakın qeydiyyatıdır. Daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların aparılmasından öncə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının zəruriliyi vurğulanıb. Belə tədbirlər daşınmaz əmlakın qeydiyyatının üstünlükləri, sosial faydaları və hüquqi aspektlərini diqqətə çatdırmaqla vətəndaşların, mülkiyyət sahiblərinin öz əmlaklarını qeydiyyatdan keçirməyə təşviq edir.
Seminarın sonunda təqdimatla bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara cavablar verilib və müzakirələr edilib. İştirakçılar arasında yekun qiymətləndirmə aparılmaqla seminarla bağlı onların rəy və münasibəti öyrənilib.