İstənilən vətəndaş hərrac vasitəsilə dövlət əmlakına sahib ola bilir

İstənilən vətəndaş hərrac vasitəsilə dövlət əmlakına sahib ola bilir 30.01.2019 16:25

Komitə tərəfindən 24 yanvar tarixində növbəti hərrac keçirilib. Baş tutan bu hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 2-si paytaxtın Nəsimi və Nizami rayonlarında yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Bakının Nəsimi rayonunda yerləşən binanın zirzəmi sahəsi olub. Belə ki, adıçəkilən əmlak 85 min manata özəlləşdirilib.

Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Yəni bura nəhəng müəssisələrdən, səhmdar cəmiyyətlərindən tutmuş kiçik obyektlərə və nəqliyyat vasitələrinə kimi müxtəlif əmlaklar daxildir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur. Həm qiymət, həm yerləşmə baxımından paytaxt və ya regionlarda yaşayan və əmlak sahibi olmaq istəyən istənilən vətəndaşa belə əmlaklar əlçatandır. Belə şərtlərlə təklif olunan dövlət əmlakları investorlar üçün münasib yatırım imkanları yaradır.

Digər mühüm amil isə hərracda iştirak prosedurunun və əmlak sahibi olmaq imkanının çox rahat olmasıdır. Yalnız  iki sənədin elektron qaydada təqdim edilməsi hərracda iştirak üçün yetərlidir. Hərracda əmlaka yiyələnən istənilən vətəndaş sonradan sahib olduğu əmlakı gəlir mənbəyinə çevirə bilir. Belə əmlaklar biznes qurulması, icarəyə yönəldilməsi və ya digər qanunla icazə verilən məqsədlər üçün istifadə edilməsi üçün çox əlverişlidir.

Hərrac elanları hərrac günündən 1 ay əvvəldən komitənin informasiya resurslarına ictimiyyətə açıqlanır. Belə ki, komitənin “privatization.az” – özəlləşdirmə portalında hərrac tarixinə görə müvafiq səhmdar cəmiyyətləri, kiçik müəssisələr və qeyri-yaşayış sahələri, eləcə də nəqliyyat vasitələri barədə ətraflı məlumatlar yerləşdirilir. İstifadəçi portala daxil olur, ayda 4 dəfə keçirilən hərracların birini seçir (hərrac tarixinə görə). Orada hər bir əmlakın adı, ünvanı, sahəsi (tikili və altındakı torpaq sahəsi) iqtisadi və texniki göstəriciləri, hərracda start qiyməti, əmək kollektivi, yerləşməsini dəqiq göstərən xəritəsi (Google map) və mövcud vəziyyətini əks etdirən fotoları ilə tanış olur. Daha sonra seçdiyi əmlaka həmin səhifədə olan “Sifariş ver” düyməsi vasitəsilə elektron sifariş verir.

Həmçinin xatırladaq ki, hərracda əldə edilmiş əmlaka çıxarış alınması proseduru da hazırda kifayət qədər yüngülləşib. Belə ki, hərracdan dərhal sonra qısa müddət ərzində əmlak üzərində mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarış da verilir. Bundan ötrü vətəndaşın müvafiq quruma müraciət edərək əlavə vaxt itirməsinə ehtiyac qalmır.

Ümumiyyətlə özəlləşdirmə prosesinin yeni mərhələsi ölkədə iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir və bununla da iqtisadi aktivliyə və yeni iş yerlərinin yaradılmasına səbəb olur.

Bütün bu sadalananlar belə hərracların vətəndaşlar və sərmayəçilər üçün nə dərəcədə səmərəli olduğunu əyani göstərir. Əmlak Məsələləri Dövlət Komitəsi olaraq vətəndaşları, yerli və xarici investorları bu hərraclarda iştirak etməyə və əmlak sahibi olmağa dəvət edir.