Əmlak Məsələləri Dövlət Komitəsində 2016-cı il ərzində görülmüş işlərə dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində 2016-cı il ərzində görülmüş işlərə dair müşavirə keçirilib 30.01.2019 16:25

Komitə sədri qeyd edib ki, dövlət başçısının 19 iyul 2016-cı il tarixli Fərmanına əsasən iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığı artırmaq və effektivliyi yüksəltmək məqsədi ilə tədbirlər həyata keçirilib. Bu tədbirlər iri dövlət müəssisələrində müasir korporativ idarəetmə prinsiplərinin, optimal mexanizmlərin və müasir yanaşmaların tətbiqi, belə müəssisələrin təşkilati-struktur formalarının təkmilləşdirilməsi istiqamətində olub.

Adıçəkilən Fərman və Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə ötən il 300-dən çox yeni dövlət müəssisə və obyekti özəlləşdirilməyə açıq elan olunub. Yeni dövlət müəssisə və obyektlərinin siyahısı komitənin elektron informasiya resurslarında geniş ictimaiyyətə və potensial yerli və xarici investorlara açıqlanıb.

Dövlət müəssisələri və səhmdar cəmiyyətlərdən dövlət əmlakının səmərəli istifadəsinə dair 5300-dən çox illik xüsusi hesabat forması alınıb ki, bunun 91%-i elektron qaydada qəbul olunub.

Komitə sədri çıxışında bildirib ki, ölkə prezidentinin məlum Fərmanına əsasən özəlləşdirmə prosesinin sürətləndirilməsi, rəqabət mühitinin formalaşdırması, iqtisadiyyata investisiyalar cəlb edilməsi, dövlət əmlakının özəlləşdirilməsinin şəffaf və açıq şəraitdə, ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunmaqla həyata keçirilməsi kimi mühüm vəzifələr qoyulub.

Dövlət əmlakının özəlləşdirilməsinə yerli və xarici investorları geniş şəkildə cəlb etmək, məqsədilə özəlləşmə ilə bağlı qabaqcıl ölkələrin təcrübələri öyrənilib. Dünya reytinqində ilk 10-luğa daxil olan şirkətlərin və Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüşlər keçirilib. Bir sıra beynəlxalq məsləhətçi şirkətləri ilə müvafiq anlaşma memorandumu və çərçivə sazişləri imzalanıb. Dünyanın 50-dən artıq nüfuzlu strateji investoruna, investisiya fond və banklarına özəlləşdirmə prosesi və bu sahədə potensial əməkdaşlıq imkanları haqqında müraciətlər göndərilib. Amerika Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə investorlara ölkədə həyata keçirilən iqtisadi islahatlar, özəlləşdirmə prosesindəki yeniliklər, habelə ölkənin investisiya imkanları və gələcək perspektivlər barədə məlumatlar verilib.

Ötən il Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçirilib. Dünyanın 10 ölkəsindən olan 50-dən çox daşınmaz əmlak şirkətləri, investisiya qurumları və digər təşkilatlar bu Sərgidə çıxış edib.

Özəlləşdirmə prosesində şəffaflığın, optimallığın və müasirliyin təmin olunması məqsədilə Komitə tərəfindən “Özəlləşdirmə portalı” yaradılmış və istifadəyə verilib. Portaldan istifadə edənlərin sayı artıq 400 mini ötüb. Bu isə öz növbəsində ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesinə olan marağın göstəricisidir.

Ötən ilin sentyabr ayından başlayaraq komitə tərəfindən geniş ictimaiyyətin və medianın iştirakı ilə hər həftə açıq hərraclar keçirilir. Hərraclara paytaxt və regionlarda yerləşən və müxtəlif sahələrə aid olan çoxsaylı dövlət əmlakları çıxarılır. Bir çox hallarda hərraclar rəqabətli şəraitdə keçir ki, bu da hərraclara olan marağı əyani şəkildə göstərir.

Müşavirədə bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatında müştəri məmnunluğu və özəlləşdirmədə açıq hərraclar ilə bağlı yeniliklərinə görə «Uğur-2016» Milli mükafatına layiq görülüb.

Komitə sədri çıxışında bildirib ki, ötən dövrdə torpaq münasibətlərində yeni çağırışların gündəmə gəlməsi torpaq idarəçiliyinin təkmilləşdirilməsi, uçotun düzgün aparılması, torpaqlardan qeyri-qanuni istifadə hallarının qarşısının alınması kimi məsələləri daha da aktuallaşdırıb. Qeyd edilib ki, müvafiq Sərəncamla 13 iyul 2016-cı il tarixdə təsdiq olunmuş daşınmaz əmlakın kadastrı və torpaq idarəçilinin inkişafına dair 2016-2020-ci illər üçün Dövlət Proqramına əsasən işlər görülməkdədir. Proqrama əsasən 2020-ci ilə kimi daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması, torpaqlardan istifadə və mühafizəsinin səmərəliliyinin artırılması, torpaqla bağlı vahid məlumat bazasının yaradılması işi tamamlanacaq.

Qeyd olunub ki, respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Nəticədə reallığı əks etdirən rəqəmsal kadastr xəritələri tərtib olunub. Gəncə, Sumqayıt şəhər bələdiyyələrinin, Bakı şəhərinin 3 bələdiyyəsi (Nəsimi, Yasamal və Bakıxanov) üzrə xəritələr hazırlanıb. Ötən il Gəncə və Şəki şəhərləri üzrə böyük kadastr layihələri yekunlaşıb və təqdimatı keçirilib.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu su səthinin quru ilə təmas xəttinin qrafiki təsviri hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

2016-cı ildə ölkənin 4.1 mln. ha ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması işi və 4.1 mln. ha ərazi üçün relyef xəritələrinin hazırlanması işi artıq yekunlaşıb.  Bu materiallara istinadən ölkənin 51 kənd rayonunun müxtəlif qradasiyalı meyllik xəritələri tərtib edilmiş və onların 3D formatda relyef xəritələri hazırlanıb.

Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilib. İndiyədək torpaq müfəttişləri tərəfindən 4900-ə yaxın, 2016-cı il ərzində isə 1300-ə yaxın qanunvericiliyin pozulması halları aşkar edilib. Monitorinqlər zamanı pozuntu hallarının qarşısının alınması, qanunvericiliyə əsasən cəza və inzibati tədbirlərin görülməsi təmin edilib.

Müşavirədə qeyd olunub ki, ötən il daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilib.

Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın 129 ölkəni əhatə edən reytinq cədvəli üzrə 20-ci yerdə qərarlaşıb. Dünya Bankı tərəfindən ötən il dərc olunan “Doing Business” hesabatında Azərbaycan növbəti dəfə də daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə dünya ölkələri arasında ön sıralarda yer alıb.

Şəffaflıq, operativlik və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə daşınmaz əmlakın qeydiyyatı xidmətlərinə görə alınan xidmət haqqının və rüsumun hesablanmasını onlayn şəkildə avtomatik həyata keçirən “Əmlak Kalkulyatoru” istifadəyə verilib.

Qeydiyyat sahəsində komitənin hər ay paralel olaraq paytaxt və regionlarda, birbaşa ünvanlarda keçirilən “Kütləvi çıxarış” kampaniyası davam etməkdədir. Keçirilmiş 28 kampaniyanın 6-sı paytaxt rayonlarında, 22-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub.

2016-cı il ərzində ölkə üzrə 172 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 50 minə yaxını ilkin, 122 min isə təkrar qeydiyyata aid olub. 2015-ci ildəki göstəricilərlə müqayisədə ötən il ilkin qeydiyyata dair verilmiş çıxarışların sayında 18.7% artma, tərtib olunmuş texniki pasportların sayında 4.5% artma qeydə alınıb.

Müşavirədə Komitənin aidiyyəti qurumlarının rəhbərlərinin ötən dövrdə görülmüş işlərlə bağlı məruzələri dinlənilib.

Müşavirənin sonunda komitə sədri qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlərin icrası üçün zəruri işlərin görülməsi barədə tapşırıqlar verilib. Özəlləşməyə yeni açılmış müəssisələrin inventarizasiya işləri qısa zamanda başa çatdırılmalı, dövlət müəssisələrində korporativ idarəetmə qaydalarının tətbiqi tam təmin edilməlidir. Regionlarda rəqabət potensialı olan və sosial-iqtisadi inkişafa töhfə verə biləcək müəssisələrin özəlləşdirilməsi üçün investorların cəlb edilməsi üçün işlər sürətləndirilməlidir. Dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin səmərəli fəaliyyətinin qiymətləndirilməsi qaydasının hazırlanması ilə bağlı beynəlxalq təcrübə araşdırılmalıdır. Müxtəlif profilli xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi üçün geniş təbliğat işləri aparılmalıdır. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində işlər daha keyfiyyətli və operativ şəkildə həyata keçirilməlidir. Komitənin vətəndaşlara göstərdiyi xidmətlər üzrə məmnunluq səviyyəsi maksimum təmin olunmalıdır.