Hərracda Nərimanov və Binəqədi rayonlarında yerləşən qeyri-yaşayış obyektləri özəlləşdirilib. Belə əmlaklar sırasında ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Nərimanov rayonundakı 5 mərtəbəli binanın qeyri-yaşayış sahəsi olub.
Hərrac zamanı qalib olmuş şəxslər hərrac protokolunu imzalayıb. Xatırladaq ki, hərracda özəlləşdirilmiş əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin alınması da hazırda tez və rahat şəkildə həllini tapır. Belə ki, həmin əmlaklara dair qısa müddətdə hazır çıxarışlar təqdim olunur.
Hərracda iştirak proseduru da sadədir. Belə ki, iki sənədin – şəxsiyyət vəsiqəsi və behin ödənilməsini sübut edən sənədin təqdim edilməsi kifayət edir. Bütün bunlar isə elektron qaydada komitənin özəlləşdirmə portalı üzərindən icra olunur.
Hərracda qalib olmuş fiziki və hüquqi şəxslərlə aparılmış sorğu onu göstərir ki, qaliblərin əksəriyyəti belə daşınmaz əmlakları biznes məqsədlərinə yönəldir. Belə əmlaklar qanunla icazə verilmiş müxtəlif növ gəlir mənbələrinə çevrilir. Yaxud da əmlak sahibi hərracda əldə etdiyi qeyri-yaşayış sahəsini və ya obyekti gələcəkdə icarəyə verməklə gəlir qazana bilir. Bəzən hərracda müxtəlif növ yük maşınları da özəlləşdirilir ki, belə nəqliyyat vasitələri də sonradan gəlir əldə etmək üçün müxtəlif fəaliyyətlərdə istifadə olunur.
Bütün bunlar onu deməyə əsas verir ki, belə əmlaklar sahibkarlıq fəaliyyəti baxımından fiziki və ya hüquqi şəxslər üçün kifayət qədər faydalıdır. Bu isə öz növbəsində belə hərraclara olan marağı artırır.
Qeyd edək ki, hərrac elanları hərrac günündən 1 ay əvvəldən, nəticələr isə hərracdan sonrakı 1 həftə ərzində komitənin informasiya resurslarında açıqlanır. Belə ki, komitənin “privatization.az” – özəlləşdirmə portalında hərrac tarixinə görə müvafiq səhmdar cəmiyyətləri, kiçik müəssisələr və qeyri-yaşayış sahələri, eləcə də nəqliyyat vasitələri barədə ətraflı məlumatlar yerləşdirilir. İstifadəçi portala daxil olaraq ayda 4 dəfə keçirilən hərracların birini seçib (hərrac tarixinə görə) istədiyi əmlaka elektron sifariş verir.
Əmlak Məsələləri Dövlət Komitəsi olaraq vətəndaşları, yerli və xarici investorları bu hərraclarda iştirak etməyə və əmlak sahibi olmağa dəvət edir.