Eyni zamanda Qax rayonu Qum kəndi və ətraf kəndlərdə 35-ə yaxın rayon sakinlərindən çıxarış sənədinin hazırlanması üçün əmlaklarına dair ilkin hüquq müəyyən edici sənədlər də ünvanlarda qəbul edilib. Onlara yeni çıxarışların hazır olacağı tarix və həmin çıxarışların birbaşa ünvana gətirilərək təqdim olunacağı bildirilib.
Həmçinin əmlaklarını qeydiyyatdan keçirmək üçün qeydiyyat prosedurları və ilkin hüquq müəyyən edici sənədlərin toplanması ilə bağlı müraciət edən 30-a yaxın rayon sakininə operativ qaydada hüquqi yardım xidmətləri göstərilib. Göstərilən hüquqi yardım aksiyaları vasitəsilə vətəndaşların qeydiyyatla bağlı sualları cavablandırılır, onlara hüquqi istiqamət verilir. Kampaniya zamanı Qax rayonu Qum kəndi və ətraf kəndlərin sakinləri prosesin sadə və rahat olmasından məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, komitənin həyata keçirdiyi bu sosial kampaniya insanların çıxarışlar və digər qeydiyyat xidmətləri üçün ərazi idarələrinə getmək və bunun üçün əlavə vaxt itkisinin qarşısını alır. Burada başlıca məqsəd qeydiyyat xidmətlərinin birbaşa olaraq vətəndaşların ünvanına və yaşadığı məntəqələrə çatdırılmasıdır. Kampaniyanın digər məqsədlərindən biri də əhaliyə göstərilən qeydiyyat xidmətlərinin daha operativ və rahat üsulla keçirilməsidir. Nəinki şəhər və rayon mərkəzləri, kənar və ucqar bölgələrdəki əmlak sahiblərinin də qeydiyyat xidmətlərindən bəhrələnməsinə vasitə olur və vətəndaş razılığının yüksəlməsinə gətirib çıxarır.
Vurğulanmalıdır ki, “Kütləvi çıxarış” Kampaniyası ilə paralel olaraq komitənin digər sosial layihəsi olan “Mobil Ofis Xidməti”də gündəlik olaraq vətəndaşların ünvanlarına gedərək fərdi qaydada qeydiyyat xidmətləri göstərir. Bu kampaniyalar çərçivəsində vətəndaşlara fərdi qaydada çıxarışların təqdim olunması, ilkin sənədlərin qəbulu həyata keçirilir. Mobil ofis xidmətləri vasitəsilə indiyədək 72 minə yaxın müraciət təmin olunub.
“Kütləvi çıxarış” kampaniyasının əsas üstünlüyü ondan ibarətdir ki, sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Mobil xidmətlər çıxarış almaq üçün qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqının əsasında həyata keçirilir. Bu rüsumlar da yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir. Vətəndaş xidmət haqqı və dövlət rüsumunu əvvəlcədən öyrənmək üçün komitənin rəsmi saytında (emdk.gov.az) yeni yaradılan “Daşınmaz əmlakın qeydiyyatı” kalkulyatorundan istifadə edə bilər. Belə ki, məbləğin əvvəlcədən dəqiq bilinməsi sənədləşdirmə işi üçün zəruri xərcləri dəqiq planlaşdırmağı təmin edir.
Eyni zamanda, vətəndaşlar, fiziki və hüquqi şəxslər komitənin 31 elektron xidmətindən də faydalanır. İndiyədək elektron xidmətlər vasitəsilə 500 minə yaxın müraciət qəbul olunub və icra edilib.
İndiyədək Bakının müxtəlif rayonlarında, paralel olaraq regionlarda keçirilən belə kampaniyalardan 10 minə yaxın vətəndaş faydalanıb. Kampaniya nəticəsində daşınmaz əmlakların sürətlə sənədləşdirilməsi və əmlak dövriyyəsinə yeni əmlakların daxil olması əmlak bazarının aktivləşməsinə, əmlakla bağlı əməliyyatların genişlənməsinə böyük təkan verir.