İş yerlərində qeydiyyat xidmətləri nəticəsində vətəndaşın qeydiyyat üçün hər hansı idarəyə müraciətinə, gündəlik işlərdən ayrılmasına, əlavə vaxt itkisinə və nəqliyyat xərcinə ehtiyac qalmır. Kampaniyada əsas məqsəd vətəndaşın xidmətə deyil, xidməti vətəndaşın bilavasitə iş yerinə və ünvanına çatdırmaqdır.
İş yerində növbəti belə çıxarış kampaniyası 22 fevral tarixində Xaçmaz rayonunda yerləşən Qafqaz konserv zavodunun çoxsaylı əmək kollektivi üçün keçirilib. Müəssisədə çalışan vətəndaşlara birbaşa iş yerlərində evlər, mənzillər və torpaqların qeydiyyatına dair operativ xidmətlər göstərilib. Kampaniyanın gedişatı zamanı 50-yə yaxın zavod işçisinə həyət evləri, torpaq sahələri, mənzillər, pay torpaqları və həyətyanı sahələrə aid çıxarışlar verilib. 40-a yaxın vətəndaşdan isə növbəti mərhələdə çıxarışla əvəz olunması üçün əvvəlki illərdə verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət sənədləri qəbul edilib.
Kampaniya çərçivəsində komitənin hüquqşünasları 30-a yaxın zavod işçisinə evlər, torpaqlara çıxarış və texniki pasport, yüklülük və digər arayışların alınması, qeydiyyat üçün zəruri ilkin sənədlər, çatışmayan sənədlərin əldə olunması, uyğunsuzluqların aradan qaldırılması, dövlət rüsumu və xidmət haqları, qeydiyyat proseduru və mərhələləri ilə bağlı hüquqi izah və istiqamət veriblər.
Qeyd edək ki, kampaniya sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir. Vətəndaş xidmət haqqı və dövlət rüsumunu əvvəlcədən öyrənmək üçün komitənin rəsmi saytında (emdk.gov.az) yeni yaradılan “Daşınmaz əmlakın qeydiyyatı” kalkulyatorundan istifadə edə bilər.
Bu sosial yönümlü yeniliklərin əsas məqsədi əmlak sahiblərinə qeydiyyat xidmətlərini birbaşa yerlərdə çatdırmaq, şəffaflığın və çevikliyin artırılması vasitəsilə vətəndaşlara ən yüksək səviyyədə xidmət göstərmək və insan amilinin gücləndirilməsidir.
Bütün bu sosial və innovativ addımlar son nəticədə şəffaflıq, çeviklik, rahatlıq və məmnunluq səviyyəsinin yüksəlməsini təmin edir. Kampaniya qeydiyyat xidmətlərini maksimum dərəcədə vətəndaşın olduğu ünvana, iş yerinə çatdırmaqla əhalinin xidmətlərdən daha rahat və optimal faydalanmasına şərait yaradır.
Komitənin həyata keçirdiyi “Kütləvi çıxarış” kampaniyasından faydalanmaq istəyən şəxslər 148 saylı çağrı mərkəzinə zəng vura bilər (148 daxili 1 sonra 5). Kampaniyanın və mobil ofis xidmətinin keçirildiyi aylıq qrafik komitənin rəsmi internet səhifəsində (emdk.gov.az) yerləşdirilir.