“AzNav” ölkənin ilk milli Naviqasiya Sisteminin hazırlanıb istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhaliyə innovativ xidmətlərin göstərilməsi, ictimai xidmətlərin göstərilməsində operativliyin, rahatlığın təmin olunması barədə tapşırıqları istiqamətində atılmış mühüm addımlardan biri olduğunu tədbirdə çıxış edən komitənin sədr müavini Rüstəm Şahbazov qeyd edib. Sədr müavini öz çıxışında bildirmişdir ki, dövlət başçısının Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması ilə bağlı müvafiq Fərmanları ilə komitə tərəfindən informasiya-kommunikasiya texnologiyalarının və coğrafi informasiya sistemlərinin tətbiqi ilə Ünvan Reyestri İnformasiya Sistemi yaradılmışdır.
“AzNav” ilk milli naviqasiya sisteminin istifadəyə verilməsi ölkə başçısının Fərman və tapşırıqlarının icrası yönündə atılmış növbəti mühüm addım olmaqla, vətəndaşların sosial–məişət şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyi diqqətə çatdırılmışdır.
Naviqasiya Sisteminin artıq əhalinin, dövlət və özəl qurumların, fiziki və hüquqi şəxslərin, turistlərin, eləcə də ünvan axtarışında maraqlı olan digər tərəflərin istifadəsinə verildiyi də bildirildi. Dəqiq və hər zaman yenilənən GPS naviqasiya sistemi “AzNav” Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) məlumatları əsasında hazırlanıb. “AzNav” həm tibbi yardım, yanğın, qəza, polis, fövqəladə hallar kimi təcili xidmətlər, həm də poçt, yükdaşıma, taksi, turist, nəqliyyatın tənzimlənməsi və digər fəaliyyətlərdə son dərəcə faydalıdır. Naviqasiya Sistemindən istifadə etməklə hər bir şəxs və ya qurum istənilən vaxt seçdiyi ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən edə biləcək. Ünvan axtarışı məsələləri sadələşəcək, lazımı ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq.
İlk belə bir milli layihənin istifadəyə verilməsinin bir çox faydaları, üstünlükləri və digər sistemlərdən fərgli cəhətləri də diqətə çatdırıldı. Belə ki, ilk növbədə Naviqasiya sistemi Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanlarına malikdir.
Üstün cəhətlərdən biri də, “AzNav”ın həm onlayn, həm də oflayn rejimdə işləmək imkanlarına malikdir. Sistem Android, iOS (Apple), Windows CE əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda və eyni zamanda telefon və planşetlərdə çalışır. Android əməliyyat sistemli mobil qurğulara (telefon, planşet və s.) proqramı yükləmək üçün Play Market-ə daxil olub AzNav yazaraq axtarış vermək və yükləyib istifadə etmək mümkündür. İOS (Apple istehsalı) əməliyyat sistemli mobil qurğular (telefon, planşet və s.) üçün isə proqram App Store-dan yükləmək mümkündür.
Digər özəllik odur ki, “AzNav” Azərbaycan dili ilə yanaşı, rus, ingilis, ərəb, alman, ispan, fransız, italyan, türk və gürcü dillərini də dəstəkləyir və sadalanan dillərdə interfeysə malikdir. Bu isə ölkəmizə səfər edən turistlərin və əcnəbi vətəndaşların ünvan tapma işini daha da rahatlaşdırır. “AzNav” yeni və köhnə ünvanların əsasında hazırlanmış Naviqasiya Xəritəsinin məlumatlarından istifadə etməklə işləyir.
Sistemin daha bir üstünlüyü Naviqasiya Proqramı nəinki ünvana görə, həmçinin seçilmiş obyektə görə də marşrutu göstərir. Seçilmiş yol ilə hərəkət zamanı yolda nəqliyyat vasitəsinin maksimal sürətini, yol üzərində olan radarları, döngə nöqtələrini, parkinqləri, yanacaqdoldurma məntəqələrini, digər xidmət, ictimai iaşə obyektləri, yol keçidləri və tıxacları bildirir. Nəqliyyat vasitəsi hərəkətə başladıqdan sonra istifadəçi gedəcəyi yerə nə zaman çatacağı barədə məlumatı əvvəlcədən öyrənir. Hərəkət zamanı marşrut üzərində olan hadisələr barədə məlumatları Naviqasiya proqramındakı funskiya vasitəsilə Sistemin Çağrı Mərkəzinə göndərə bilir (Çağrı mərkəzi ilə əlaqə - SOS funksiyası). Yolda baş vermiş hadisə haqda məlumat çağrı mərkəzinə bir kliklə ötürülür. “GPS” vasitəsilə cari ünvan avtomatik təyin oluna bilər. Təyinat məntəqəsinə qədər sürətli/qısa marşrutun hesablanması və marşrutdan yayınma halında marşrutun yenidən bərpası mümkündür. Proqramda yol trafik vəziyyəti xəritə üzərində rənglərlə vizualizasiya olunur, yol hadisələri ikonlarla göstərilir. Marşrut zamanı səsli (Azərbaycan, Rus, İngilis və digər dillərdə) və görüntülü müşayiət mümkündür, radar və bəzi yol nişanları haqda bildirişlər ekrana çıxır. Proqramda sürətə nəzarət sistemi, marşrutun hesablanması üçün rejimin seçilməsi imkanları mövcuddur. Xəritənin 3 ölçülü (3D) gecə və gündüz rejimdə əks olunması binaların və istinadların da 3D göstərilməsini (seçimə görə) mümkün edir.
Milli Naviqasiya Sisteminin digər üstünlüyü odur ki, həm yeni, həm də köhnə ünvan konsepsiyası əsasında çalışır. Yəni ünvana görə axtarış həm “giriş (binanın bloku) nömrələrinə”(yeni konsepsiya), həm də “bina nömrələrinə”(əvvəlki konsepsiya) görə həyata keçirilə bilər. Digər axtarış funksiyaları da mövcuddur ki, bunlar obyektə(POİ) görə, koordinata görə, yol kəsişmələrinə görə naviqasiya seçimləridir. Tapılmış obyektlərin(POİ) tipinə görə göstərilməsi mümkündür. Axtarış sətrinə yarımçıq və ya hərf səhvlərilə daxil edilən mətnə görə nəzərdə tutula biləcək nəticələr ekranda göstərilir. Bir dəfə seçilən ünvanlar, obyektlər və marşrutlar avtomatik proqramın yaddaşında saxlanılır. Eyni zamanda, proqramda odometr funksiyası da aktivdir. “Evə apar” funksiyası isə cari məntəqədən “ev” kimi yaddaşda qeyd edilmiş məntəqəyə qədər marşrutun hesablanmasına imkan verir. Proqram vasitəsilə başqa istifadəçilərlə əks əlaqə imkanı da var. Belə ki, cari məntəqənin kordinatları, obyektlər, yol kəsişmələri və marşrutlar haqda məlumat SMS, WhatsApp, Facebook və E-mail vasitəsilə başqa istifadəçilərlə paylaşıla bilər.
Proqramın digər spesifikası Azərbaycanın xəritəsi ilə yanaşı, başqa ölkələrin (Avropa, Cənubi Amerika, Şimali Amerika, Afrika ölkələri) xəritələrini də özündə əks etdirməsidir.
Milli Naviqasiya Sistemi hazırda özündə 353 şəhər və qəsəbə, 5321 yaşayış məntəqəsi, 759227 bina və tikili, 77972 maraq nöqtəsi POİ (obyektlər), 117 Körpü, 558 yolüstü piyada keçidi, 521 radar və kameranı əks etdirir.
Beləliklə, yeni milli layihə ölkəmizdə həyata keçirilən sosial yönümlü işlərin tərkib hissəsi olmaqla ünvan məsələləri ilə bağlı işlərin çevik həllinə yönəlib. Əmlak Məsələləri Dövlət Komitəsi bu xidməti də istifadəçilərə təqdim etməklə ünvan axtarışı məsələlərində vətəndaşların və əlaqəli tərəflərin işinin yüngülləşməsini təmin edib.