Qəbulda daşınmaz əmlakın qeydiyyatı və əmlak üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı vətəndaşları maraqlandıran məsələlər də komitə sədrinə bildirilib. Bir neçə vətəndaş mənzillərin, pay torpaqlarının, fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətlərini səsləndiriblər. Komitə sədri bildirib ki, əmlaka çıxarış alınması və digər sənədləşdirmə əməliyyatları hazırda vətəndaşlar üçün daha da sadələşdirilib. Vətəndaş rahat və çevik qaydada müraciət edib qısa müddətdə mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldıra bilir. Sosial xidmətlər olan “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərindən istifadə etməklə isə heç bir yerə getmədən iş və gündəlik fəaliyyətdən ayrılmadan birbaşa ünvanda çıxarışın əldə edilməsi də vurğulanıb. Qeyd olunub ki, bütün bu rahatlıq tədbirlərinin təşkilində məqsəd xidmətləri vətəndaşlara daha əlçatan etmək, operativlik və şəffaflığı maksimum təmin etməkdir.
Komitə sədri vətəndaşları dinləyərək bəzi müraciətlərin dərhal həlli üçün məsul qurum rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaş müraciətlərinə həssas yanaşılması və çevik həlli, qanunçuluğa tam riayət olunması istiqamətində tapşırıqlar səsləndirib. Komitə sədri bildirib ki, bütün müraciətlər müvafiq qanunvericiliyin müddəaları qorunmaqla tez həll olunmalı, vətəndaş məmnunluğu təmin edilməlidir. Komitənin fəaliyyət istiqamətləri üzrə ictimai xidmətlər və hüquqi prosedurlar ilə bağlı məlumatlandırma və maarifləndirmə işləri mütəmadi həyata keçirilməli, verilən sorğular dərhal cavablandırılmalıdır. Əlçatanlıq və bilavasitə ünvanlarda mobil xidmətlər genişləndirilməli, vətəndaş rahatlığı üçün zəruri bütün işlər görülməlidir.
Komitə sədri tərəfindən qəbulda verilmiş tapşırıqlar nəticəsində bir sıra müraciətlər operativ həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər isə qeydiyyata alınıb.
Komitə sədri tərəfindən keçirilən belə vətəndaş qəbullarının qarşıdakı aylarda digər şəhər və rayonlarda da təşkili davam etdiriləcəkdir.