Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi növbəti hərracda Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü olan sahibkarlar da iştirak etmişdir

Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi növbəti hərracda Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü olan sahibkarlar da iştirak etmişdir 30.01.2019 16:25

Əmlak Məsələləri Dövlət Komitəsinin 28 fevral tarixində keçirdiyi növbəti hərraca Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının üzvü olan 20-dən artıq sahibkarın izləyici qismində qatılması bunun bariz nümunəsidir.

Komitə ilə Sahibkarlar Konfederasiyası arasında imzalanmış memoranduma uyğun olaraq təşkil edilmiş tədbirin məqsədi sahibkarlara dövlət əmlakının satışının açıq və şəffaf şəkildə keçirilməsini, hərrac mexanizmlərinin maksimum sadələşdirildiyini, obyektlər haqqında məlumatların əldə edilməsi üçün daha geniş imkanların yaradıldığını, eləcə də özəlləşdirmə prosesində iştirakın səmərəli və faydalı olmasını əyani şəkildə nümayiş etdirməkdən ibarət olmuşdur.

Bunun nəticəsi olaraq, növbəti hərraclara sahibkarların daha geniş təbəqələrinin qatılması, bu yolla özəlləşdirmə prosesinin sürətləndirilməsi və ölkədə iqtisadi fəallığın nəzərə çarpacaq dərəcədə artması gözlənilir.

Hərrac iştirakçılarını və sahibkarlar qarşısında çıxış edən komitənin sədr müavini Rafiq Cəlilov qeyd olunan məqsədləri onların diqqətinə çatdıraraq, özəlləşdirmənin yeni mərhələsinin əsas fərqləndirici xüsusiyyətinin özəlləşdirmə prosesinin innovativ texnologiyalar tətbiq etməklə əhalinin maksimum geniş təbəqələri üçün açıqlığının təmin edilməsi, bütün proseslərin açıq və şəffaf şəkildə həyata keçirilməsi, özəlləşdirmədən faydalananların sayının əhəmiyyətli dərəcədə artırılmasıdır.

Bu məqsədlə, intensiv olaraq hər həftə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclar keçirilir, özəlləşdirilən əmlaklar haqqında tam dolğun məlumatlar əvvəlcədən ictimaiyyətə açıqlanır. İqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən və Bakı şəhəri ilə yanaşı, ölkənin müxtəlif regionlarında yerləşən səhmdar cəmiyyətlərinin səhmləri, eləcə də kiçik dövlət müəssisələri, istifadəsiz qeyri-yaşayış sahələri özəlləşdirmə hərraclarına çıxarılır.

Sədr müavini özəlləşdirmə prosesində şəffaflığın daha da artırılması, hərraclar barədə geniş məlumatlandırma tədbirlərinin həyata keçirilməsi ilə bağlı görülən işlər haqqında sahibkarlara geniş məlumat verdi. Dövlət əmlakının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda iştirakın sadəliyi və şəffaflığı, hərracların keçirilmə qaydaları və prosedurları izah edildi. Diqqətə çatdırıldı ki, hərraclar bütün texniki imkanlara malik müasir avadanlıqlarla təchiz edilmiş binada keçirilir və istənilən vətəndaş və ya media üzvünün iştirakına məhdudiyyət qoyulmur. Respublikanın müxtəlif şəhər və rayonlarında da hərraclar eyni qaydada təşkil edilir. Paytaxtda keçirilən hərrac zamanı onlayn əlaqə yaradılaraq böyük monitorlar vasitəsilə regionlarda baş tutan hərracları izləmək mümkündür. Hərraca çıxarılan əmlaklara dair sifarişlərin qəbulu elektron xidmət vasitəsi ilə də həyata keçirilir.

Sahibkarlar özəlləşdirilmək məqsədi ilə hərraca çıxarılan əmlaklar - kiçik müəssisə və obyektlər, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri haqqında ətraflı məlumat alıblar. Hərraca çıxarılan əmlakların fotoşəkilləri, texniki və iqtisadi göstəriciləri, ilkin start qiyməti, 10% məbləğində behin məbləğı, yerləşdiyi zona haqqında geniş informasiya özəlləşdirmə portalında (privatization.az), komitənin rəsmi internet səhifəsində (emdk.gov.az) yerləşdirilir. Məlumatlar hər həftə mütəmadi olaraq yenilənir.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərracların açıq və şəffaf şəraitdə keçirilməsi, prosedurların kifayət qədər sadələşdirildiyini və hərraclarla bağlı geniş məlumatlandırma işinin aparıldığını sahibkarların diqqətinə çatdıraraq, onları özəlləşdirmə prosesində daha fəal iştirak etməyə dəvət etdi.

Bundan sonra əyani olaraq 28 fevral tarixində hərraca çıxarılan dövlət əmlaklarının iqtisadi və texniki göstəriciləri, mövcud durumunu əks etdirən görüntüləri, peyk vasitəsilə çəkilmiş xəritələri, qiyməti və s. məlumatlar nümayiş etdirildi. Bunun davamı olaraq sahibkarlar hərracın gedişini izlədilər.

Hərrac komissiyasının sədri hərrac prosedurları və qaydalarını, özəlləşdirilən əmlaklar haqqında təfərrüatlı məlumatları hərrac iştirakçılarına çatdırdı. Hərrac prosesində 5-i kiçik dövlət müəssisə və obyekti, 5-i isə istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 10 əmlak özəlləşdirildi. Özəlləşdirilən əmlakların 7-si Bakı şəhərində, 3-ü isə müvafiq olaraq respublikanın digər şəhər və rayonlarında yerləşir. Regionlarda özəlləşdirilən müəssisələrə Mingəçevirdə yerləşən 31 saylı Mebel təmiri sexi, Yardımlı və Şəki şəhərində yerləşən qeyri-yaşayış binaları aiddir. Hərracda özəlləşdirilən müəssisələr əsasən paytaxtın Sabunçu, Suraxanı, Nəsimi, Nərimanov, Xətai rayonlarında yerləşir. Özəlləşdirilən müəssisələr müxtəlif təyinatlı olmaqla, əsasən sənaye, xidmət, ictimai iaşə sahələrini əhatə edib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 mart tarixində keçiriləcək növbəti hərraca 17-i kiçik dövlət müəssisəsi, 21 səhmdar cəmiyyətinin səhmləri, habelə 36 istifadəsiz qeyri-yaşayış sahəsi, ləğv edilmiş “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin regionlarda yerləşən 4 əmlakı çıxarılacaqdır.

Hərrac prosedurları barədə ətraflı məlumat almaq üçün 193 saylı çağrı mərkəzi və ya 012 566-07-44 nömrəli telefonla əlaqə saxlamaq müknüdür.

Bundan əlavə sahibkarlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədi ilə portalda “onlayn məsləhət pəncərəsi” də fəaliyyət göstərir.